Bu gün TürkPA-nın V iclası çərçivəsində mətbuat nümayəndələri üçün brifinq keçirilib.
Modern.az-ın xəbərinə görə, brifinqdə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qazaxıstan Parlamenti Məclisinin sədri Kabibulla Djakupov, Qırğızıstan Jogorku Keneşinin sədri Asilbek Jeenbekov iştirak ediblər.
İlk olaraq çıxış edən TBMM-nin sədri Cəmil Çiçək bildirib ki, türkdilli ölkələr arasında ortaq əməkdaşlıq hökm sürür: "Bu təşkilat ortaq dəyərlərin qorunub saxlanılmasında mühüm rol oynayır. Dolayısı ilə, TürkPA birlikdə böyütməyə məcbur olduğumuz övladımız kimidir. Bu gün V plenar iclası keçiririk. Növbəti VI iclas isə gələn ilin iyun ayında Qazaxıstanın paytaxtı Astanada baş tutacaq. Bu da o deməkdir ki, böyütməyə çalışdığımız uşaq artıq iməkləmə dövrünü keçmiş, artıq həm daxildə, həm də xaricdə öz varlığını göstərməyə, problemlərimizi birlikdə həll yolu tapmağa, bir çox sahələrdə iş birliyi etməyə daha da çox şərait yaratmış olur".
Qırğızıstan Jogorku Keneşinin sədri Asilbek Jeenbekov deyib ki, gələn il təşkilatın tərkibində Özbəkistanın çıxışına ümid edirlər. Daha sonra çıxış edən TürkPA-nın fəaliyyətdə olan sədri, Milli Məclisin sədri O. Əsədov bildirib ki, təşkilat 4 il ərzində böyük nailiyyətlərə imza atıb: "Macarıstan əvvəllər qurumda qonaq qismində iştirak edirdi, lakin bu il adıçəkilən ölkə TürkPA-nın müşahidəçisi qismində çıxış edir. İnanıram ki, gələcəkdə Türkmənistan və Özbəkistan da bu təşkilatın tərkibinə qatılacaqlar".
Gültəkin ƏLƏSGƏR