Məxfi yazışmaları və danışıqları yaymaqla məşhurlaşan və bununla dünya siyasi gündəmini çalxalayan məşhur “Vikiliks” saytı bu dəfə Ukraynanın yeni prezidenti Pyotr Poroşenko haqqında məlumatlar yayıb.
Modern.az xarici KIV-ə istinadən xəbər verir ki, “Vikiliks” P. Poroşenkonun bir neçə il bundan qabaq Ukraynada koalisiya hökumətinin formalaşması üzrə məsləhətləşmələrin gedişatı haqqında ABŞ-ın bu ölkədəki səfiri Con Xerbstə məlumatlar ötürdüyünü bildirir. Məlumata görə bu, 2006-cı ildə P. Poroşenkonun deputat olduğu zamanlarda olub. Sözügedən sayt iddia edir ki, P. Poroşenko bununla ABŞ üçün informator rolunu oynayıb. 2006-cı il 28 aprelində ABŞ-ın Ukraynadakı səfirliyinin Dövlət Departamentinə göndərdiyi məxfi teleqramlarda P. Poroşenko məhz informator kimi xarakterizə edilir.
“Vikiliks” teleqramda P. Poroşenkonun Ali Radanın hazırkı sədri Aleksandr Turçinovun və keçmiş nazir Yuliya Timoşenkonun həbsinə nail olmaq üçün iş gördüyünü də bildirir. Lakin ABŞ tərəfi P.Poroşenkonun bu addımlarına şübhə ilə yanaşır.
Aqşin Kərimov