Modern.az

ABŞ səfiri Azərbaycanda tələbələrlə görüşdü - FOTO

ABŞ səfiri Azərbaycanda tələbələrlə görüşdü - FOTO

Təhsil

13 İyun 2014, 16:11


İyunun 13-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov  ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-ya gələn 8  nəfərdən ibarət bir qrup tələbəylə görüşdü.  Modern.az xəbər verir ki, görüşdə  Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova, İctimaiyyətlə əlaqələr Departamentinin müdiri Zeynab Kazımova, rektorun müşaviri Vazeh Əsgərov  iştirak edirdi. 

Görüşdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov  səfiri və tələbələri salamlayaraq rektor  onları ADU-da görməkdən məmnun olduğunu bildirdi. Öncə onlara universitetin tarixi haqqında məlumat verən Səməd Seyidov ADU-da 6000 tələbənin təhsil aldığını, eyni zamanda, ADU-da həm azərbaycanlı, həm də xarici tələbələrin istifadə edə biləcəyi Amerika mərkəzinin də fəaliyyət göstərdiyini dedi. O, Amerika mərkəzinin sentyabrdan etibarən yenilənəcəyini tələbələrin diqqətinə çatdırdı.  Rektor tələbələrə 8 həftə ərzində Azərbaycanın həm tarixi, həm coğrafiyası, həm iqtisadiyyatı, həmçinin mədəniyyəti, incəsənəti , musiqisi, hətta mətbəxi haqqında biliklərə sahib olacaqlarını vurğuladı. Öz ölkələrinə qayıtdıqları zaman Azərbaycan haqqında öz yaxınlarına və dostlarına Azərbaycan, Azərbaycanın milli mənəvi dəyərləri, qədim və zəngin tarixi haqda məlumat verəcəklərinə əminliyini ifadə etdi. Səməd Seyidov  bildirdi ki, Azərbaycan Dillər Universiteti  yeganə ali məktəb olaraq ABŞ-ın Dövlət Departamenti ilə əməkdaşlıqda bu layihəni həyata keçirir. O, bu proqramın Azərbaycanı tanıtmaq və təbliği istiqamətlərində mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Azərbaycan və ABŞ arasındakı əlaqələrindən söz açan rektor, bu münasibətlərin daha da möhkəmləndiyini dedi. O, ölkələrimizin bütün sahələrdə, xüsusilə təhsil sahəsində uğurlu əməkdaşlıq etdiyini vurğuladı.

Daha sonra çıxış edən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar öncə amerikalı tələbələri salamladı və rektor Səməd Seyidova bu əməkdaşlıq üçün təşəkkür etdi. O, bu proqramın hər iki tərəf üçün, eyni zamanda əməkdaşlıq üçün də  önəmli olduğunu  bildirdi. Səfir bildirdi ki, belə proqramların həyata keçirilməsi ölkələrarası əməkdaşlığa, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafına kömək edir. O, amerikalı tələbələrin bu proqram vasitəsilə Azərbaycan dilini öyrənərək Azərbaycan haqda öz ölkələrində məlumat vermək imkanı qazandığını vurğuladı. Səfir Riçard Morninqstar bu əməkdaşlığın Azərbaycan və ABŞ əlaqələrinin daha da möhkəmləndirdiyini dedi.

Çıxış edən Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova tələbələri salamlayaraq onlara Önəmli Dil Təqaüdü (ÖDS) Proqramının rəhbəri olduğunu bildirdi. O, tələbələrə Azərbaycanı və Azərbaycan Dillər Universitetini seçdiklərinə görə təşəkkür etdi.

Daha sonra çıxış edən ADU-nun Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov öz növbəsində tələbələri salamlayaraq onları ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. O, universitetdə elmi məqalələr dərc olunan bir neçə  jurnalın olduğunu tələbələrin diqqətinə çatdırdı. D. Yunusov bu jurnalda amerikalı tələbələrin də araşdırmalarından ibarət yazıların dərc oluna biləcəyini vurğuladı.

Sonra  amerikalı tələbələr özlərini təqdim edərək Azərbaycanda və Azərbaycan Dillər Universitetində olmaqdan məmnun olduqlarını bildirdilər.

Xatırladaq ki, bu ilin Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrində bilən tələbələr daxildir. Proqrama ev sahibliyini Azərbaycan Dillər Universiteti edəcək. Proqram həftədə azı 20 saat olmaqla qruplarda keçirilən intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edir. İştirakçılar Azərbaycan dilində sərbəst danışıq inkişaf etdirəcəklər və dil yaşıdlarına (ev sahibi ölkənin universitet tələbələrinə) ailələrdə birgə yaşamaqla Azərbaycanın zəngin mədəniyyəti haqqında daha çox öyrənəcəklər. ÖDS iştirakçıları təqaüd proqramından sonra da dili öyrənməyə davam edəcəklər və önəmli dil vərdişlərini öz gələcək professional karyeralarında tətbiq edəcəklər. ABŞ Dövlət Departamenti bu proqramı amerikalı tələbələrin xarici ölkələrdə önəmli dilləri öyrənmək imkanlarını artırmaq məqsədi ilə 2006-cı ildə başladıb.

İndiyədək  proqram çərçivəsində  ADU-ya  52 tələbə və 10-a yaxın müəllim gəlib.





Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu