Modern.az

Milli komandamıza zurna kömək olsun

Milli komandamıza zurna kömək olsun

13 İyun 2014, 20:50

Milli musiqi alətlərimizdən olan qara zurna idman aləmində də məşhurdur. Qurşaq tutanlara, güləşənlərə bu musiqi alətinin sədaları böyük ruh verib. Toylarımızda da qara zurna dəbdədir. Bu musiqi alətinin ifaçısını xüsusi xələt verərək dəvət edirlər. Lap estrada ulduzları kimi. İndi siz özünüz deyin , qara zurna pis şey olsaydı onu ermənilər özəlləşdirərdilərmi? Yaxud da ingiliscə oxuyan “yevrovijn”çilərimiz onun səsini öz musiqilərinə calaq edərdilərmi? Yox. Nədənsə dünya futbol bayramı günlərində bu qara zurna yadıma düşdü.

Builki Dünya Çempionatında çox komanda mübarizə aparır. Amma Azərbaycanın adı yenə də yoxdur. Xaricdə futbolçular oynayıb oyunlarıyla pul qazanırlar. Bizdə isə oliqarxlar pul qazanıb futbola tökürlər. Faydası da ki, yox. Görəsən niyə? Çıxış yolu yoxmu? Var. Amma xırda bir haşiyə çıxım. Təkrar olsa belə.

CAR-da keçirilən sonuncu dünya çempionatı yadınızdadır da.... Afrikanın "qara zurnası" sayılan vuvuzel həm futbolçuların, həm azarkeşlərin, həm də televiziya ilə bu çempionatı izləyənlərin başağrısına çevrilmişdi.

Hətta o günlərdə təcili ixtira da meydana çıxmışdı. Almaniyadan olan həvəskar-musiqiçi Tobias Xerre televizorda translyasiya zamanı vuvuzelin səsini xüsusi kompüter proqramı ilə batırmağı icad eləmişdi. İxtira zurnanın səsini tutur və TV-dən gələn siqnalı ondan təmizləyirdi. Hətta internetdə Antivuvuzelafilter.com saytı da peyda olmuşdu. Futbola vuvuzelin səsi olmadan baxmaq istəyənlər təklif olunan proqramı yükləmək imkanı əldə etmişdilər. Bu onlara 2,95 avroya başa gəlirdi. Amma vuvuzelin səsini yalnız televiziyada batırmaq mümkün idi, stadionda isə yox. Onu da qeyd edək ki, vuvuzellərin stadionlarda qadağan edilməsi məsələsinə o vaxt təşkilat komitəsində baxılsa da bu, müsbət həllini tapmamışdı. Bu aləti FİFA prezidenti də şəxsən dəstəkləmişdi.

Hətta argentinalılar Cənubi Koreya oyununda buraxdıqları qola görə zurnanı təqsirləndirmişdilər. Müdafiəçi Martin Demikelis rəsmi olaraq bildirmişdi ki, vuvuzelanın səsindən bir-birlərinin xəbərdarlıq səslərini eşidə bilməyiblər. Nəticədə də qol buraxıblar.

Onu da qeyd edək ki, FİFA bu musiqi alətini stadiona gətirilməsini ona görə qadağan etməmişdi ki, vuvuzelanın "sakit" versiyasının istehsalına başlanmışdı. Bu da adi alətdən 20 desibel az, yəni 107 desibel gücündədir. İndi özünüz də bir düşünün. Belə çıxır ki, qapıda kimin əlində vuvuzela görüb saxlayıblar və onun neçə desibel gücündə səs çıxarmasını yoxlayıblar? İnandırıcı çıxmır.


O vaxt vuvuzeladan təkcə argentinalılar yox, fransızlar da narazı idilər. Açıq-aydın bildirirdilər ki, onlar oyundan sonra rahat yata bilmirlər. Akustikası olmayan şadlıq evlərində keçirilən toy mərasimlərindən sonra səs-küydən bir-təhər olanlar yəqin ki, futbolçuları yaxşı başa düşərlər.

Alimlərin hesablamalarına görə, 65 desibeldən yüksək olan səslər insanlarda infarkt riskini 20 faiz artırır. 85 desibeldən yuxarı səslər isə orqanizmdə ciddi və qarşısıalınmaz fəsadlara səbəb olur. İnsan uzun müddət 90 desibeldən yüksək səs-küyə məruz qalırsa, bu zaman qulaqdakı həssas hüceyrələr ölür və eşitmə qabiliyyəti azalır. 30-40 desibel arasında olan səs-küy isə gecələr narahatlıq və yuxusuzluq yaradır. Səs-küy nəticəsində insanın vegetativ sistemində, orqanizmdə maddələr mübadiləsində pozuntular baş verir, nevrozlar və ürək-damar xəstəlikləri yaranır.

Amma stadionlara gələn vuvuzelin səs şiddəti qadağan olunmuş normadan daha artıq -107 desibel gücündə idi. Bəs bizim milli zurnanın səs şiddəti nə qədərdir? Milli alimlərimiz bəlkə bu istiqamətdə tədqiqatlara başlasınlar? Bəlkə AFFA-nın tərkibində milli zurna elmi tədqiqat institutu yaradılsın və zurnanın futbolçularımıza bir köməyi olsun? Axı, Avropalıların zurnadan zəhlələri gedir. Bizim də rəqiblərimiz həmişə onlardır. Qoy zurna Avropalı futbolçuların qulaqlarını batırsın, necə ki bizdə zurnaçılar Salyan aşıqlarının sazının sədalarını üstələyir, batırır. Bilmirsən aşıq mahnısıdır, yoxsa zurna.

Niyə axı bizim futbolçular dünya çempionu olmamalıdırlar. Hə? Bizim futbolçuların nəyi çatışmır ki? Pulları var, yeməkləri var, yaşayışları var, xətir-hörmətləri də öz yerində. Bircə milli ruhları yoxdur. Necə deyim axı aydın olsun. Toya gəlirsən yeyib-içirsən. Mədən nə qədər tutur ki, vur-tut yarım kilo. Sonra musiqi olmadı, qara zurna yallı çalmadı, sən də yallı getmədin, day nə ləzzəti?

Ona görə də millimizin milli ruhunu qara zurnayla oyatmalıyıq. Beynəlxalq oyunlarda azərkeşlərə hökmən zurna paylanmalıdır. Fit vermək, söyüş söymək, semiçka çırtlamaq əvəzinə qoy zurna çalsınlar – qara zurna. Vacib deyil ki, hansısa mahnını ifa etməyi bacarsınlar. Sadəcə füləsinlər, lap özlərindən gedənəcən. Təki futbolçularımız oyansınlar, ruhlansınlar. Neçə ki, bu sədalar altında güləşçilərimiz ruhlanıb olimpiada da hər dəfə qızıl medal, gümüş, bürünc medallar götürürlər.

Futbolçularımız da yeyib-doyublar. Ruhları da doymuş məhluldur. Bəlkə qara zurna köməklərinə çatdı. Qoy qara zurna milli futbolumuza yar olsun. Bizimkilər qələbə qazansın, avropalıların qulaqları batsın. Amma siz Allah, ermənilər xəbər tutmasın. Yoxsa musiqimizdən oğurladıqları kimi, qara zurnamızı AFFA-dan da oğurlayarlar. Onsuz da siyasətdə ad çıxaran köhnə zurnaçılardandırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi