Modern.az

Hacı Qamətdən İŞİD-in ordusunda döyüşən azərbaycanlılara ÇAĞIRIŞ: “Tövbə edin!”

Hacı Qamətdən İŞİD-in ordusunda döyüşən azərbaycanlılara ÇAĞIRIŞ: “Tövbə edin!”

Təhsil

14 İyun 2014, 11:25

“İraq Şam İslam Dövlətinin Mosul, Tikrit şəhərlərini zəbt edib Bağdada doğru irəliləməsi müvəqqəti bir oyundur. Onlar sadəcə siyasi meydanda bəzi qüvvələrin əmr və tapşırıqlarını icra edən qüvvədir”. Bunu Modern.az saytına açıqlamasında Bakıdakı “Əbu Bəkr” məscidinin imamı, Azərbaycan sələfilərinin liderlərindən biri Hacı Qamət Süleymanov İraq Şam İslam Dövlətinin  (İŞİD) təhlükələrindən danışarkən deyib. O bildirib ki, İŞİD-in Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşməsindən sonra İraqda peyda olması bir sıra suallar doğurur. Hacı Qamət  Süleymanovun sözlərinə görə İŞİD-in Bəşər Əsədi kənara qoyub, İraqda təxribatlar yaratmasında müəyyən qüvvələrin əli var. O, İŞİD-in Azərbaycana təhlükə yarada biləcəyini isə düşünmür.

“İraqda siyasi ab-havanı dəyişmək üçün İŞİD-dən istifadə edirlər. Bu, müəyyən bir müddətə İraqdakı bəzi siyasi qüvvələrə də sərf edir. Onlar İraqdan o yana keçə bilməyəcəklər. Onların işləri İraqda bitəcək”.

“Əbu Bəkr” məscidinin imamı  dindarlar başda olmaqla, bütün Azərbaycan cəmiyyətini İŞİD təxribatlarına və bəyanatlarına uymamağa çağırıb.

“Tövsiyə edirəm ki, onların çıxışlarına, bəyanatlarına məhəl qoymasınlar. Dini, Quranı düzgün öyrənsinlər, Allaha ibadət etsinlər. Qarşıdan da Ramazan ayı gəlir. Bu ayda tövbə etsinlər”.

Qeyd edək ki, İŞİD-in xəritəsində hədəfləri açıqlanıb. Azərbaycanın da olduğu qara xəritədə İŞİD-in şəriət dövləti quracağı bəyan edilir. Milli Təhlükəsizlik Nazirliyi isə Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün əməliyyat şəraitinə nəzarət olunduğunu bildirib.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu