Braziliyada keçirlən futbol üzrə Dünya Çempionatını canlı izləmək üçün uzaq latın Amerikası ölkəsinə Azərbaycandan gedənlər də var. Modern.az saytının araşdırmasına görə, Bakıda fəaliyyət göstərən bir sıra türist şirkətləri azərbaycanlı azarkeşləri futbol həyəcanını izləmək üçün Cənubi Amerikaya göndərib.
“Victory Tour” şirkətindən verilən məlumata görə, 7 nəfər azərbaycanlı Braziliyaya futbol həyəcanını izləməyə gedib.
“Elite Travel”in də müştəri sarıdan bəxti gətirib. Şirkət 3 nəfəri “futbol ölkəsinə” yola salıb.
Azərbaycanda daha bir neçə şirkətin élan etdiyi kampaniyanın qalibləri də Braziliyada futbolu canlı izləyəcək.
Belə ki, “Pasha Travel”in və “McDonalds”ın birgə elan etdiyi müsabiqənin qalibi Teymur Feyzullayev olub. Şirkət onun Braziliyaya uçuş biletinin pulunu ödəyib.
Digər turizm şirkətləri Braziliyaya getmək üçün müraciətin olmadığını bildirirlər.
“Caucasus Travel” şirkətinin nümayəndəsi çempionat ərəfəsində Braziliyaya gedənlərin olmadığından gileyləndi.
“Freestyl Safari ” turizm şirkətindən də Braziliyaya bilet alan olmayıb. Lakin şirkət işçisi bunu heç də həmin ölkəyə marağın olmamağı ilə bağlamır. Şirkətin satış üzrə menecerinin sözlərinə görə, Braziliyaya işgüzar səfərlər daha çox təşkil olunur.
“Miracle Travel” turizm şirkəti isə demək olar ki, Braziliyaya turistik səfərlər təşkil etmir. Okeanın o tayına səfər edənlərin nadir hallarda olduğunu deyən şirkət nümayəndəsi çempionat ərəfəsində də sözügedən ölkəyə getmək istəyənlərin olmadığını bildirib.
Hazırda bütün dünyanın diqqəti Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatındadır. Futbol həvəskarları həyəcanlı anları izləmək üçün əllərinə düşən hər fürsətdən istifadə etməyə çalışır.
Yeri gəlmişkən, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov da Braziliyada oyunları canlı izləyənlər arasındadır.
Gültəkin Ələsgər