Modern.az xəbər verir ki, nişanlısı Kərkükdə olan, hazırda isə Türkiyədə yaşayan Nəsrin Taşçıoğlu “Musavat.com”a son durumla bağlı danışıb. “Mən Güney Azərbaycan türkməniyəm. Gələcək həyat yoldaşım isə İraq türkmənidir. Biz nişanlıyıq, bir neçə ay sonra toyumuz olacaqdı... Ümumiyyətlə, bütün qohum-əqrəbalarım kərküklülərdir. Qohumlarımın çox az bir hissəsi İstanbulda yaşayır”.
N.Taşçıoğlu deyir ki, sonuncu dəfə bir gün öncə nişanlısından səsli mesaj alıb: “Daha sonra əlaqə tamamilə kəsildi. Telefonlar işləmir, internet yoxdur. Hər şey məhv edilib. O orda, mən burda çox pərişanam”. “Həyat yoldaşınız harada çalışır” sualına cavabında bunları bildirdi: “Yüksək çinli dövlət məmurudur. Odur ki, adını açıqlaya, geniş məlumat verə bilmərəm. Onun həyatına təhlükə böyükdür”. N.Taşçıoğlu türkmənlərin doğma Azərbaycan dövlətindən gözləntilərinin olduğunu da bölüşdü: “Təbii ki, Azərbaycan bu işə “dur” deməzsə, Güneydəki kəndlər də kürd tapdağına çevriləcək, ardınca oralar da işğal ediləcək. Kürdlər Xəzərə qədər ərazilərə sahiblənmək istəyir. İran əhalisinin yarıdan çoxu türkdür. Bu məsələdə Güney Azərbaycan türklərinə də böyük görəv düşür”.
Modern.az