Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
Modern.az-ın məlumatına görə, qeyd olunan rayonlarda imtahanların keçirilməsi üçün 56 imtahan mərkəzi ayrılıb.
Həmin imtahanlarda iştirak edəcək şagirdlər “imtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Həmin gün saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri imtahan verəcəklər.
Şagirdlər imtahana bu sənədləri gətirməlidirlər:
- "İmtahana buraxılış vərəqəsi"ni; - şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqələrini;
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- 16 yaşı 2014-cü il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Bu imtahanlarda ümumilikdə 38212 şagirdin imtahan verəcəyi gözlənilir.
TQDK həmçinin həmin gün Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin 9 və 11-ci sinif şagirdləri üçün də buraxılış imtahanları keçirəcək. Bu imtahanda 84 nəfər 9-cu, 71 nəfər 11-ci sinif şagirdinin iştirakı gözlənilir.
Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 156 imtahan rəhbəri, 2036 nəzarətçi-müəllim ayrılıb.
Misranə Həsənzadə