Mahir Qabiloğlu
- Aqşin, salam.
- Salam, Mahir müəllim.
- Necəsən?
- Belə də.
- Nə belə də... Maşallah, indi yaxşısan. Xəstələnən gün görmüşdüm səni. İndi xeyli fərq var.
- Doğurdan.
- Saçlarını qırxdırmısan, adama qəribə gəlir. Əvvəllər Mikayıl Müşfiqə oxşayırdın. (Gülür). Gülmə, xaricən deyirəm. İnşallah poeziyada da çatarsan. Nə oldu ki, birdən naxoşladın? Sən ki xəstəlik-zad bilmirdin?
- Yeməyimə fikir vermirdim.
- Hansı jurnalist, yaradıcı adam yeməyinə fikir verir ki? Elə biri mən.
- Əynim nazik gəzirdim.
- Cavanların adətidir.
- Bir az da yeri gələndə içirdim.
- Şair içər də... Burda nə var ki? Molla Pənah Vaqifi tanıyırsan da...
- Bəli.
- Bir şeir var. Eşitməmiş olmarsan.
Az-az uydururam yeri gələndə,
Az-az gillədirəm dəmi gələndə...
- Məzən olsun, Mahir müəllim. O harda yazılıb ki...
- Siz nə yamansınız, ay gənclər. Ayıb olsun. Qabriyel Markezi oxuyursunuz? amma klassiklərimizi yox.
- Düzəldərəm səhvimi. (Gülür)
- Eşitdim oğlun olub. Gözün aydın. Təbriklər.
- Sağ olun.
- Özünü ata kimi necə hiss edirsən?
- Vallah, canımın hayındayam.
- Nə can? Maşallah yaxşısan. Qoy mən sənə deyim də... Gecələr şeir yazmaq qurtardı. Azı bir il imkan verməyəcək. İşdə yatacaqsan. Bir az böyüyəndən sonra, evə əliboş gəlmək də yoxdur. Evə girən kimi əlinə baxacaq. Əvvəl saqqızla başını aldada biləcəksən. Sonra şokoladla. Məktəbə gedəndə car çəkəcəksən televiziyada işləyən dostlarına ki, bəs 15 sentyabrda gəlib bizi çəkin, həm də yadigar qalsın. Dərsdə dalaşacaq, gedib bir valideyn kimi qızaracaqsan müəllimlərin qabağında. Sonra şokolad telefonla, planşetlə əvəz olunacaq. Əsgər gedəndə yuxun ərşə çəkiləcək. Qayıdandan sonra evləndirəcəksən. Bu dəfə arvadın yuxusu ərşə çəkiləcək – gəlinlə vuruşmaqdan. Görməli, gülməli günlərin hələ qabağdadır.
- Çətin ki, o günləri görüm.
- Nə olub ki?
- Ciyərim şişib. İçməkdən.
- O qədər qadında bu xəstəlik var ki... Heç dillərinə bir qram da vurmayıblar.
- Mahir müəllim, deyirsən hər şey yaxşı olacaq?
- Əlbəttə ki. Soljinitsını tanıyırsan da... Sürgündə olanda deyiblər ki, xərçəngsən. İki aydan sonra öləcəksən. Axırı nə oldu? Maşallah, 90 yaşında öldü.
- Ölümə də maşallah düşür? Birinci dəfədir eşidirəm.
- Hələ çox şey eşidəcəksən. Həyat indi-indi başlayır. Yanına gələn olurmu?
- Olur. O gün biri müsahibə alıb. Ondan sonra yaşamaq-yaratmaq inamım ölüb.
- Baloğlan Əşrəfov gəlməyib ki, yanına?
- Yox.
- Gələndə gördüm. Dedi bu gün toyum var. Səhər tezdən gedəcəyəm yanına. Yaman gileylənirdi ki, Aqşini yaman qorxuzublar. Mənə də o vaxt yüz söz deyirdilər. Həkimlərin adətidir də... Axırı nə oldu ki, maşallah yaxşıyam. Özü də ki, məndə belə deyildi. Sponsor gec tapıldı. Aqşinin arxasında isə o boyda prezidentimiz durub.
- Düz deyir. Allah prezidentimizin canını sağ eləsin. Ömrünü uzun eləsin.
- Aqşin, bir şeir de.
- Yox, köhnələrdən demək istəmirəm. Bir şəfqət bacısı var burda. Hər sözü məlhəmdir. Ona bir şeir həsr edəcəyəm. Gələn dəfə gələndə sizə də oxuyaram.
- Aqşin, sən özün də bilirsən də... mən o dünyadan məktublar, filan-bəsməkan yazıram. Səncə o dünya var? O dünyanın olmağına inanırsanmı?
- Mahir müəllim, mən bu haqda düşünmürəm.
- Düşünmürsən, yoxsa inanmırsan?
- Düşünmürəm. Deməli inanmıram.
- Bunlar tam başqa şeylərdir.
- Mahir müəllim, axı mənim nə yaşımdır ki, o dünyaya inanım? Mən o fikirləri heç yaxına da buraxmıram. Mən yaşamaq istəyirəm. Mən yaratmaq istəyirəm. O fikirlər məndən çox-çox uzaqdır. Sən qoca kişisən. Belə şeyləri Vaqif Səmədoğlu, bir də sən yaxşı bilərsən. (gülür)
- Doğurdan e. Heç 36 yaşlı adama da belə sual verərlər?. Məşdibad demişkən, heç o dünyanın yeridir? Bu Vaqif Səmədoğlu hardan yadına düşdü?
- O gün müsahibə verib. Deyir ki, çəliklə qıl körpüdən necə keçəcəyəm? Rəhmətliyin oğlu kolyaskayla yerisəydin, belə çıxır deyəcəkdin ki, qıl körpüsünü enlədib magistral eləsinlər? Yoxsa ki, kolyaskam enlidir. (gülür)
- Bax, bu başqa məsələ. Kitab oxuyursanmı burda.
- Bir kitabı axtarıram, tapa bilmirəm. Qulu Xəlilovun “Yaşamaq istəyirəm” kitabını. Deyirlər öz xəstəliyindən yazıb. Özü də xəstəxanada. Bəlkə Qabil müəllimin kitabxanasında ola.
- Var. Tapıb gətirərəm.
- Bu gün qurultaydır, hə?
- Hə.
- Yəqin Anar seçiləcək, hə?
- Hə. Yəqin ki.
- Nə yaxşı? Əgər sədrlikdən çıxsaydı, gərək mən də mehriban düşmənçilikdən çıxardaydım onu. İndi axıracan varam onunla.
- Aqşin, bax bu başqa məsələ.
- Mahir müəllim, sən Əli Kərimi görmüşdün?
- Yox.
- Mirzə Ələkbər Sabiri necə?
- Yox. Lap atam kimi köntöy suallar verirsən ...
- Vaqif Səmədoğlunu necə?
- Srağagün televizorda görmüşəm.
- Mən böyük şairəm, yoxsa onlar?
- Onlar.
- Bəs niyə məni onlarla müqayisə edirlər?
- Həvəsləndirirlər səni. İstəyirlər ki, yaşayıb-yaradasan. Vaqif Səmədoğlunun yaşına çatanda, sən də “İstiqlal” ordeni alasan.
- İnanmıram.
- Bu cavan yaşında prezidentimizin diqqətini cəlb etmisənsə, “İstiqlal”ı da alarsan.
- İndi inandım. İnşallah, Mahir müəllim, inşallah.
- Ordeni yuyanda, yaddan çıxarma ya məni.
- Baş üstə, Mahir müəllim. Mahir müəllim, bir dənə də xahiş edim səndən?
- Buyur.
- Nə qədər burdayam, yanıma tez-tez gəl də.... Yaxşımı? Sən danışanda yaşamaq istəyirəm. Yoxsa ki, gəlib elə danışırlar ki, adam özünü öldürmək istəyir. Özlərini filosof kimi göstərmək istəyirlər.
- Bəs sən necə istəyirsən ki, danışsınlar?
- Sadəcə insan kimi.
***
- Mahir, dur. Çay dəmləmişəm. Əl-üzünü yu, gəl. Bütün gecəni də yuxuda danışmısan. Yenə də o dünyadan məktubları yazırdın?
- Yox bu dəfə o dünyadan yazmırdım. Bu dünyanı o dünyaya çevirənlərdən yazırdım...