Modern.az

Apellyasiya Məhkəməsi Rauf Mirqədirovun şikayətini qəbul ETMƏDİ

Apellyasiya Məhkəməsi Rauf Mirqədirovun şikayətini qəbul ETMƏDİ

Təhsil

17 İyun 2014, 18:49

“Bu gün Rauf Mirdəqirovun notarius (məhkəməyə müraciət etmə) hüququndan məhrum edilməsi ilə bağlı apellyasiya şikayətinə baxıldı”. Bu haqda məlumatı Modern.az-a jurnalistin vəkili Elmar Süleymanov verib.

Vəkil bildirib ki, Mirqədirovun apellyasiya şikayəti təmin edilməyib. “Bundan əvvəl biz həmin məhkəmə kollegiyasına etiraz bildirdik ki, məhkəmə kollegiyası Rauf Mirqədirova aid işə baxıb və ədalətsiz qərar qəbul edib. Bu zaman xahiş edərək məsələyə digər məhkəmə kollegiyasının baxmasını istəmişdik. Ancaq bizim etrazımıza baxılmadı.

Təxminən 45 dəqiqə ərzində qəbul edilmiş qərarla yol verilmiş pozuntuları sadaladıq. Bildirdik ki, proses zamanı 60-a yaxın müddəanın pozuntusu baş verib. Konstitusiyanın çoxsaylı müddəalarının, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq punktların pozulması halları var. Rauf Mirqədirov məhkəməyə bildirdi ki, bu fundamental bir hüquqdur və hüquqdan məhrum etmə ağlasığmazdır. İstintaq orqanının bu cür qərar qəbul etməsi, birinci instansiya məhkəməsinin bu qərarı təsdiqləməsi ona dəlalət edir ki, həm istintaq orqanına, həm də məhkəməyə güclü təzyiqlər var. Bunlara baxmayaraq, şikayətimiz təmin olunmadı”.

Vəkil bildirib ki, bundan sonra Avropa Məhkəməsinə yol açılıb. “Qərarı əldə edən kimi Avropa Məhkəməsinə müraciət edəcəyik. Heç şübhə də etmirik ki, orada bizim şikayətimiz təmin olunacaq”.

R.Mirqədirovun səhhətinin normal olduğunu deyən vəkil bildirib ki, jurnalist hələ də ifadə verməyib. “Məhkəmə prosesində Rauf Mirqədirov onu Türkiyədə hüquqularını müdafiə etmə hüququndan məhrum edilməsinə dair fikir bildirdi”.

Vəkil istintaqın gedişinin olmamasından şikayətlənib.

“İstintaq yerində donub qalıb. Bir daha bəyan edirəm ki, istintaqın Rauf Mirqədirova qarşı irəli sürdüyü ittihamlar tamamilə əsassızdır”.

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunur. Həbs olunduğu gündən o, ifadə verməkdən imtina edib. Jurnalistin yaxın zamanlarda ifadə verəcəyi bildirilir.

Gülşən RAUFQIZI 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu