Modern.az

“Mitsubishi”nin rəsmi dilerindən maşın almayın

“Mitsubishi”nin rəsmi dilerindən maşın almayın

18 İyun 2014, 11:22

Avtomobil. Bir qohumumuzun diliylə desək, bu nə kartoşkadır, nə də soğan. Ki, alasan xarab çıxa, atasan zibilliyə,  gedib yenə də alasan. Ona görə də Azərbaycanda maşın almaq istəyən hər bir şəxs pul düzəldən kimi, özünü yüz verə vurur, soruşur, öyrənir, saytları ələk-fələk edir. Nəhayət qərar verir. Mən də onlardan biri. Yollarımızı və rahatlığı nəzərə alaraq mən hündür maşına üstünlük verirəm. Rəsmi desək, klirensi hündür olan, loru dildə söyləsək, “CİP maşınlar”a.  Atamdan miras qalan maşınım isə “Nissan-X-Trail” idi. “Nurgün-Motors”dan almışdıq. Üç il sürmüşdüm. Bir dəfə də ruhum inciməmişdi. Söhbət servis xidmətindən gedir. Bu baxımdan “Nurgün-Motors” yekdir.  Amma nədənsə bu dəfə  “Mitsubishi Pajero” almağa qərar verdim. Bu markanı tərifləməyə, texniki göstəricilərini bir daha sadalamağa ehtiyac yoxdur. “Nissan” da yaponundur, “Mitsubishi” də.  Yapon maşını “Pajero” dünyada ad çıxarıb. Yazımda söhbət  bu maşınların  Azərbaycandakı rəsmi dilerindən gedəcək – “DİAMOND-MOTORS”dan.

Başladım şəhəri gəzməyə. Əvvəlcə Dubaydan fiziki şəxslərin gətirdiyi bu maşınların qiymətini öyrəndim. 2008-ci il idi.  Sonra isə getdim “Papanin” körpüsünün  yanındakı satış mərkəzinə. Burda qiymət nə az, nə çox 5000 dollar yüksək idi. “Niyə?” – deyə soruşdum.

-         Bilirsinizmi, biz avtomobillərə beş il, yaxud da 100 min kilometr zəmanət veririk, küçədə isə bir il zəmanət verirlər.

-         Elə bu?

-         Xeyr. Bizim həm də yüksək ixtisaslı ustalarımız, servisimiz var.

-         Sonra?

-         Ehtiyat hissələri  saxta deyil, birbaşa Yaponiyadan gətirilir.

-         Axı, Dubay variantı deyilənlər sizinkindən ucuzdur. Üstəlik motorunun gücü də artıq olur.

-         Xeyr, siz nə danışırsınız. O maşınlar Dubayın istisinə hesablanıb. Bəs Azərbaycanın qışında neyləyəcəksiniz? İndi ağıllı, mədəni adamsınız. Özünüz müqayisə edin də...


Nə isə bütün bunlara inanıb, maşını salondan aldım. 2008-ci il martın 18-də. Yalnız beş il sonra - satanda baş düşdüm ki, mənə 2008-ci ilin martında 2007-ci il istehsalı olan maşın veriblər. Loru dildə piştaxtada yatıb qalan, köhnələn, iylənən. Amma küçədə “ qaqa, 2008-ci il modelidir” deyəndə başa düşməmişəm ki, bu nə demək imiş.  Rəsmi dilerin satıcıları bu avamlığımdan ustalıqla istifadə etmişdilər. 

 Beş il sürdüm. İnsafən bircə dəfə də xarab olmadı. Zəmanət hüququndan istifadə də etmədim. Ancaq yağını dəyişdim. Bir də texniki baxışdan keçirdim. O da əlbəttə ki, qıraqdakından baha qiymətə. Üstə də gəl 18 faiz ƏDV.

Üstündən beş il də keçdi. Maşını yenə də dəyişmək qərarına gəldim. Bu dəfə ağılla tərpənəcəyimi, uduzmayacağıma söz verdim. Adi maşın salonlarından soraqlaşdım. 3,5 mühərrik gücü, hər cür, yüksək səviyyədə  təchiz olunmuş maşını mənə 40 min dollara dedilər. Hətta qeydiyyatın, nömrə pulunu da boyunlarına götürdülər. Bu da hardasa 500 manat edir.

Fərqi öyrənmək üçün yenə üz tutdum “Mitsubishi”nin Bakı-Sumqayıt şossesindəki rəsmi satış mərkəzinə. Burada 3,0 mühərrik güclü, ful salon avtomobil 32 900 manata idi. Yəni ki, 41 800 dollar. 3,8 motor isə 36 900 manata, yəni ki, 47000 dollara.  Üstə də gəl nömrə-zad xərcləri. Yenə də həmin sualları verdim, eyni cavabları da aldım. Öz-özümə fikirləşdim. Nə olsun birinci maşında heç bir problem çıxmadı, birdən indi çıxar. Axı köhnə müsəlmanam. Televizoru almamışdan, aparıb evə çıxarmamışdan, qutusundan çıxarıb cərəyana qoşmamışdan sualımız hazırdır: birdən xarab olsa ustası, “zapçast”ı var? Nə isə. Aldım. Təhvil-təslimdə:

-         Bəs bunun “oqnetuşitel”i hanı. 2008-ci ildə  alanda var idi axı?

-         İndi gəlmir.

-         Bəs apteçkası?

-         O da gəlmir.

-         Maşın xarab olub yolda qalanda üçbucaq nişanı? Arxasına qoyursan e...

-         O da gəlmir.

-         Təkərlərin təzyiqini ölcən?

-         O da yoxdur.

Dinmədim. Gedib maşın bazarından alıb qoydum yerinə. Özlüyümdə fikirləşdim ki,   yaponlar yəni bu qədər cılızlaşıblar ki, adi aksessuarları da ixtisara salıblar? Sürdüm, uğultu hiss elədim. Üç gündən sonra məcbur olub qayıtdım geri. Sürdülər, yoxladılar. Dedilər ki, hər şey qaydasındadır. Nə mostunda, nə də korobkasında problem var. Bəs onda uğultu nə uğultudur? Bilmədilər. Təsadüfən servisdə bir köhnə tanışımla rastlaşdım. Yaxşı ki, rastlaşdım da. Dedi ki, “Mahir zavoddan maşın təkərlərinin yeli artıq gəlir. Yəqin ondandır”. O dediyi kimi də oldu. Demə maşını satanda təkərlərin yelinə baxmayıblar.

Sizi çox intizarda qoymayım. Ona görə də birinci sualıma cavab verim. Ay alıcılar, “Mitsubişi Pajero” yapon maşınıdır. Yaponlar da onu adlarına layiq buraxırlar. İstər Dubaya göndərsinlər, istərsə də Azərbaycana. Ona görə rəsmi diler “Diamond Motors”un şirin dilinə, bu yapon keyfiyyətindən sui-istifadə etməsinə  aldanmayın. Salonlarına üz tutmayın. Pulunuzu artıq yerə ona verməyin.  

Bakının istənilən satış mərkəzindən alın. Lap gedib Dubaydan özünüz gətirin. Həm ziyarət olsun, həm də ticarət. Həm 5000-6000 qabaq düşün, həm içərisində yüksək səviyyəli komplektasiyası olsun. Əlinizdə qalan pulu isə sürdüyünüz illər ərzində yağına, suyuna, texniki baxışına xərcləyin. Yarısı da qalsın cibinizdə. Bax, məndən deməkdir. Sonra deməyin ki, Mahir demədi a...

İndi deyəcəksiniz ki, o boyda nümayəndəlikdə bir yaxşı şey yoxdur ki? Var. İşçiləri mədənidir, ustaları da yaxşı. İldə də üç-dörd dəfə bir qız zəng edir ki, ”xidmətimizdən razısınızmı, ya yox?” Mən də hər dəfə  “18 faiz vergini ümumi xidmət qiymətinin üstünə niyə gəlisiniz?” sualını verirəm. O da hər dəfə deyir ki, öyrənib deyərəm. Altı ildir ki, cavab axtarır, hələ ki, tapmır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB