Bu gün Moskva şəhər Məhkəməsində Rusiya paytaxtının Biryulevo rayon sakinini qətlə yetirən Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəməsi başlayacaq. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, ilkin məhkəmə dinləmələri qapalı keçiriləcək və prosessual məsələlər müzakirə olunacaq. İstintaqın versiyasına görə, içkili vəziyyətdə olan Zeynalov 2013-cü il oktyabrın 10-da 25 yaşlı moskvalı Yeqor Şerbakovla münaqişə zamanı ona bıçaqla bir neçə zərbə vuraraq hadisə yerindən qaçıb. Şerbakov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisədən iki gün sonra Zeynalov Moskva ətrafındakı Kolomnada saxlanılıb və ona Rusiya Cinayət Məcəlləsinin 105.2 maddəsi ilə cinayət işi açılıb. Orxan Zeynalovun bu cinayəti törətdiyi sübut olunarsa 8 ildən 20 ilədək azadlıqdan məhrum oluna bilər.
Modern.az