Modern.az

Almaniyada yaşayan yazar Anara şikayət etdi

Almaniyada yaşayan yazar Anara şikayət etdi

18 İyun 2014, 13:07


Modern.az
xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyində Almaniyada yaşayan yazar Orxan Araz vaxtilə BDU-nun fəxri doktoru olan Əhməd Şmide ilə bağlı Birlik sədrinə şikayət edib. O bildirib ki, yazıçı, şair Əhməd Şmide Azərbaycan-Türkiyə ədəbiyyat, mədəniyyətlərarası dialoqunda çox böyük xidmətləri olan şəxs olmasına baxmayaraq, onun adı BDU-nin fəxri doktorlar siyahısından çıxarılıb.

Qeyd edək ki, milliyyətcə alman olan Əhməd Şmide (1935-2010) 19 yaşında islam dinini qəbul edib, o, gənc yaşlarından türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin tarixinə, mədəniyyətinə böyük maraq göstərib, ömrü boyu ədəbi abidələrimizi araşdırıb. Ə.Şmide uzun illər Azərbaycan ədəbiyyatının incilərini, şifahi xalq ədəbiyyatı nümunələrini alman dilinə tərcümə edib, tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin Almaniyada təbliğatçısı olub. O, Almaniyada "Daşa dönmüş şəhər", "Xoruz ilə padşah" adlı Azərbaycan nağılları toplularını, "Kitabi-Dədə Qorqud" boylarını, Bəxtiyar Vahabzadənin "Azərbaycan oğluyam", "Musiqim Qarabağdır", "İkinci səs" adlı kitablarını tərcümə edərək çap edib. Xüsusilə onun tərcüməsində Almaniyada nəşr edilmiş "Kitabi-Dədə Qorqud" gözəl bədii tərtibatı ilə diqqəti cəlb edir.

Ə.Şmide Türkiyədə də ədəbiyyatımızı təbliğ edib, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin şeirlərini Türkiyə türkcəsində çapa hazırlayıb. Son illərə qədər Qarabağ həqiqətlərinin alman ictimaiyyətinə çatdırılmasında böyük işlər görüb, ermənilərin torpaq iddialarına, işğalçılıq siyasətinə qarşı kəsərli cavablar vermiş mərhum alim AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu ilə də əlaqələr saxlayır, araşdırmaları zamanı tapdığı maraqlı əlyazmalar barədə xəbər verirdi. O, Şərq əlyazmaları kitabxanalarından birində tapdığı "Oğuznamə" adlı yazılı abidənin surətini əldə edərək Əlyazmalar İnstitutuna göndərmiş, əsər Bakıda nəşr edilib.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi