Modern.az

"...Əgər birinci səhnədə divardan tüfəng asılıbsa..."

"...Əgər birinci səhnədə divardan tüfəng asılıbsa..."

Təhsil

18 İyun 2014, 14:41

Akif CABBARLI

Son vaxtlar qəzet səhifələrində, televiziya ekranlarında və internet portallarında yer alan kriminal xəbərlərdə bıçaqla(n)ma hadisələri az qala "ayaq tutub yeriyir". Oğul atanın, qardaş bacının, dost dostunun, ər arvadının yaxud əksinə, bədəninin istənilən əzasını irili-xırdalı, cib bıçağı yaxud mətbəxt bıçağı ilə al qana boyayır. Qulaq kəsən kim, baş üzdürən, qarın deşən kim. Bıçaqlanma hadisələri bu yola əl atanların və hüquq -  mühafizə orqanlarının yüz cür yozumu ilə əlaqələndirilir - kimisi namus üstə, kimisi mal-dövlət, pul üstə, kimisi yekəxanalığının, ədəbazlığı üstə bıçaqlanır.

Hamıya, hər kəsə gün kimi aydındır ki, hansisa xoşagəlməz hallar, söz çəpləşməsi, toyda-mağarda, restoranda, çayxanada rast gəlinən intiriqa və mübahisələr arzulanmasa belə, ağır sözlər və ittihamlarla, əlbəyaxa savaşla müşaiyyət olunur. Keçmişlərdə bu cür qarşıdurmalar adətən yaşlı, ağsaqqal adamların bir ərkyana qulaqburması, yüngülcə məzəmməti, lap uzağı ərklə çəkilən bir şapalaqla nəticələnərdi. Kənd yerlərində böyüklərin kiçiklərə vurduğu sillənin, çubuğun dalınca heç kim düşməzdi, bu, müzakirə mövzusu olmazdı. Bilərdilər ki, bunu edən haqlıdır, deməli, sonralar baş verəsi daha ağır olayın qarşısı alınıb. Belə vaxtlarda heç kim heç kimdən inciməz, kin bəsləməzdi. Böyüyün-kiçiyin yerinin bilindiyi, dəyərləndirildiyi zamanlarda ortada söz işləyərdi, töhmət, nəsihət üstün tutulardı, daha bıçağa, tapançaya əl uzatmazdılar.

Bəs nə oldu, dəyişən nədir? Yoxsa indiki cavanlar daha aqressiv, səbirsiz olublar, yaxud böyüklərin, ağsaqqalların öyüd-nəsihətinə, kəsərli sözünə ehtiyac qalmayıb?! Bəlkə indiki nəsil şəfqət, mərhəmət hissindən məhrumdur?! Bəlkə internet, informasiya bolluğu onların rəhimsizliyinə, biganəliyinə gətirib çıxarır?! Bəlkələr, bəlkələr...

Amma üzdə olan odur ki, bizimlə bir şəhərdə, bir rayonda, bir kənddə yaşayan, hər gün rastlaşdığımız, tanıdığımız və tanımadığımız adamların günlərin birində üstümüzə bıçaq çəkməyəcəyinə, küçənin ortasındaca qanımızı tökməyəcəyinə indi heç kim zəmanət verə bilməz. Məşhur rus yazıçısı A.P.Çexov yazırdı ki, "Əgər teatr tamaşasında birinci səhnədə divardan tüfəng asılıbsa, əmin olun ki, son hissədə həmin silahdan atəş açılacaq". Deməli cavanlar bu gün cibində bıçaq, maşınının baqajında pistolet, tüfəng gəzdirirsə, bu silahların nə vaxtsa işə düşəcəyinə, kiminsə qanını tökəcəyinə şübhə yoxdur. Çox vaxt bu qantökmələr bəhanəsiz, tamamilə səbəbsiz törədilir. Ötən günlərdə kriminal xəbərlərdə gülməli bir motiv önə çəkilmişdi. Cavan oğlan dostunu əynindəki təzə köynəyini ona vermədiyi üçün bıçaqlamışdı. Qəribədir, xoşun gəlir, get sən də özün üçün al. Səbrin olsun, ürəyindən keçir, istəmisən, axırını gözlə. Yaxud kim isə avtomobilini nəzərdə tutulan yerdə saxlamadıqda, yaxud yad bir oğlanı məhəllədə hansısa qızı soraqladığına görə bıçaq tiyəsinə "qonaq edirlər". Günün günortasındaca hansısa cavan bir oğlan durduğu yerdə zədələnir, şikəst olur, bəzən də həyatını itirir. Bu işi törədən də ömrünün ən gözəl çağlarını həbsxana divarları arasında keçirməli olur. Bir anın, bir dəqiqənin səbrsizliyi ucbatından faciə yaşamaq bütövlükdə cəmiyyətdə rast gəlinən deqradasiyanın nəticəsi deyilmi?

Allah insana bir ömür bəxş edir, əmanət verir. Bu əmanətə xəyanət etmək, mənasız "razborkalarla" başqasını şikəst qoymaq, vardan yox etmək isə günahdır, cinayətdir, Allaha xoş getməyən bəd əməldir. Cavanlar, çox yaxşı olar ki, cibinizdəki bıçaqları bağda-baxçada bağbanların yanında qoyasınız, təsərrüfat işlərində gərəkləri olar. Özünüz isə ucuz "boevik" filmlərinə baxmaqdan və bəhrələnməkdənsə hərb elminin sirlərini, strateji silahlarla davranmanı və döyüş qaydalarını öyrənin gərəyiniz olacaq. Çünki, qarşıdan BÖYÜK SAVAŞ, ANA YURDUMUZUN BÜTOVLƏŞMƏSİ günləri gəlir. O, günlərə hazırlaşın, dostunuzun, qardaşınızın, qonşunuzun qanını qaraltmağa və qanını tökməyə yox !

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu