II hissə

Siyasət aləmi üçün qalmaqallar nadir hadisə sayılmır. Cəmiyyətin ən nümunəvi nümayəndələri olaraq görünməyə çalışan siyasət adamlarının adları mətbuat xronikalarından göründüyü kimi, tez-tez seçki saxtakarlığı, maliyyə fırıldaqları, korrupsiya və s. neqativ epizodlarda səslənir. Bəzən isə ailəcanlı görünərək ənənəvi ailə institutunu qorumağa çağırış edən siyasətçilər öz ehtiraslarını boğa bilməyərək, xanımına xəyanət edə bilirlər. Onların gizli münasibətləri mətbuata məlum olduqdan sonra isə həm şəxsi həyatda, həm də siyasi karyerada eniş baş verir.
Modern.az saytı dünya siyasətinin ən diqqətçəkən seks qalmaqallarını təqdim edir.
Cənubi Afrika Respublikasının prezidenti Yakob Zuma

Yakob Zuma 2005-ci ildə öz mərhum dostunun 31 yaşlı qızını zorlamaqda ittiham olunmuşdu. Maraqlıdır ki, dostunun qızı ilə cinsi əlaqədə olduğunu inkar etməyən Zuma onun həm də QİÇS xəstəliyi daşıyıcısı olduğunu da bilirdi. 2006-cı ildə Yohannesburq məhkəməsi zorlama maddəsi ilə ittiham olunan Zumanı “tərəflərin qarşılıqlı istəyi olmasına” istinad edib sərbəst buraxır.
Cənubi afrikalı siyasətçini zorlamada ittiham edən qadın isə 2007-ci ildə Hollandiyada siyasi sığınacaq əldə edib.
Yakob Zuma Cənubi Afrika Respublikasının QİÇS-ə Qarşı Mübarizə Milli Şurasının sədri kimi çıxışlarının birində həmin qadınla əlaqədə olan zaman qoruyucudan istifadə etmədiyini etiraf etmişdi. Əhalisinin 10%-i QİÇS-dən əziyyət çəkən ölkədə bu çıxış etirazlarla qarşılanıb. Lakin bu qalmaqallı hadisə onun siyasi karyerasına nəinki son qoymadı, əksinə karyerasının yüksəlişinə səbəb oldu.
2009-cu ildə Yakob Zuma Cənubi Afrika Respublikası parlamenti tərəfindən ölkə prezidenti seçildi.
Xatırladaq ki, 5-i rəsmi olmaqla prezidentin 8 arvadı var. Zuma ümumən 18 uşaq atasıdır.
Keçmiş İsrail prezidenti Moşe Katsav

2000-ci ildən İsrail prezidenti funksiyalarını icra edən Moşe Katsav 2006-cı ilin iyulunda prezident dəftərxanasının keçmiş əməkdaşı tərəfindən cinsi təcavüzdə günahlandırılıb. Prezident isə öz növbəsində həmin qadını böhtan atmaqda ittiham edib və məhkəməyə verib. İsrail hökumətinin hüquqi məsləhətçisi Meni Mazuzu məsələnin araşdırılmasına başlayıb.
Araşdırma zamanı müəyyən olunub ki, Katsav 1998-ci ildə İsrailin turizm naziri olduğu zaman həmin qadını 2 dəfə zorlayıb.
2006-cı ilin sentyabrında İsrail prezidentini zorlamaqda ittiham edən qadınların sayı 8-ə çatıb. Knesset (parlament) məsələ ilə bağlı komissiya təşkil edib. Prezident kimi toxunulmazlığa malik olan Katsava zorlama maddəsinin ləğv olunması qarşılığında “vəzifə səlahiyyətlərini aşma” maddəsi ilə özünü təqsirli bilməyə, prezident postundan istefa verməyə və zərərçəkmişlərə kompensasiya ödəməyə razı salınıb. 2007-ci ilin iyulunda o, istefa verdiyi bildirib. Lakin 2008-ci ildə məhkəmə prosesinin başlanmasına 1 gün qalmış o öz vəkillərini və cəmiyyəti təəccübləndirib.
Məhkəməyə qədərki razılaşmanı pozan Katsav günahsız olduğunu bildirib və bunu məhkəmədə sübut edəcəyinə söz verib. 2009-cu ilin sentyabrında onun yeni məhkəmə prosesi başlayıb. İsrail prokurorluğu Moşe Kaçava qarşı ittihamları bu müddət ərzində daha da sərtləşdirib. 2011-ci ilin martında Moşe Katsava hökm oxunub. O, 7 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, onun həbs müddətinə 2 il şərti cəza və 34 min dollar məbləğində cərimə də əlavə olunub.
Hazırda həbsdə olan sabiq prezident yalnız 2018-ci ilin mayında azadlığa çıxa biləcək.
Nyu-York ştatının sabiq qubernatoru Eliot Spitser

2008-ci il fevralın 13-də Nyu Yorkun “Myflower” mehmanxanasında baş verən hadisə Nyu-York qubernatoru Eliot Spitçerin siyasi karyerasına son qoydu. Həmən gün qubernator 23 yaşlı elit fahişələrdən sayılan Eşli Düpri ilə bir nömrədə aşkar olunudu. Amerika mətbuatının bundan xəbər tutması ilə böyük qalmaqal başlandı. Ayıdın oldu ki, ştatın büdcəsinə məxsus 80 min dollar qubernator tərəfindən müxtəlif fahişələrə xərclənib.
Qalmaqal fonunda martın 12-də Eliot Spitser qubernatorluqdan istefa verdi. O, ailəsindən, seçicilərindən və partiyasından üzr istədi. 2006-cı ildə Demokratlar Partiyası tərəfindən Nyu-York ştatının qubernatoru seçilən yəhudi mənşəli Spitser bu seks qalmaqalı ilə öz siyasi karyerasına son qoydu.
2009-cu ildə sabiq qubernator kimi NBC kanalına müsahibəsi zamanı Spitser siyasi fəaliyyəti dövründə “nadir hallarda və qısa müddətlər üçün” fahişələrin xidmətlərindən yararlandığını və bunun ən böyük səhvi olduğunu etiraf edib.
“Wikileaks” portalının yaradıcısı Culian Assanj

Siyahıdakı digər şəxslərdən fərqli olaraq Culian Assanj heç bir dövlət vəzifəsi tutmayıb. Bununla belə araşdırmaçı jurnalist kimi öz portalında ABŞ diplomatlarının məxfi yazışmalarını və depeşalarının surətini yaymışdı. 2010-cu ilin noyabrında baş qaldıran “Wikileaks” qalmaqalı dünya siyasətində gedən proseslər barədə aydın təəssürat formalaşdırmış oldu. Bununla paralel 2010-cu il avqustun 20-də Culian Assanja qarşı İsveç prokurorluğu tərəfindən zorlama maddəsi ilə cinayət işi açılıb.
İttiham aktında Assanj İsveçdə olarkən yerli sakinlərdən biri ilə zorla cinsi əlaqədə olmaqda günahlandırılıb. Avstraliya əsilli Assanj zorlama ittihamını rədd edib və bütün bu hüquqi təzyiqlərin “Wikileaks” skandalı ilə bağlı olduğunu bildirib. İsveç prokurorluğunun sorğusu ilə 2010-cu il dekabrın 7-də Assanj həbs olunub. Lakin 1 həftə sonra girov qarşılığında həbsdən azad olan Assanj İsveçə ekstradisiya olunmaması üçün İngiltərə Ali Məhkəməsinə müraciət edib.
2012-ci il mayın 30-da Ali Məhkəmə Assanjın apelyasiyasını rədd edib və onun İsveçə ekstradisiya olunması barədə qərar verib. Hüquqi təqiblərdən qurulmaq üçün 2012-ci il iyunun 10-da Assanj Ekvadorun Böyük Britaniyadakı səfirliyinə daxil olub. Səfirlik ərazisi Ekvadorun torpaqları olduğuna görə Assanjı məsuliyyətə cəlb etmək mümkün olmayıb.
Ekvador prezidentinin göstərişi ilə jurnalsitə səfirlik ərazisində siyasi sığınacaq verilib. Arıq 2 ildir ki, Assanj Ekvador səfirliyində yaşayır. Son açıqlamalarından birində o, ömrünün sonuna qədər səfirlikdə yaşamağa razı olduğunu bildirmişdi.
Tanınmış jurnalistin fikrincə, əgər o hüquq-mühafizə orqanlarına təslim olarsa, İsveçdə mühakimə olunacaq, sonra isə ABŞ-a təhvil veriləcək.
Vüqar İsmayılov