Kərkük Kültür Dərnəyi tərəfindən millət vəkili Qənirə Paşayeva "İraq türkmanlarına və Türk Dünyasına xidmət" ödülünə layiq görülüb.
Mükafatı təqdim edən Kərkük Kültür Dərnəyinin rəhbəri Şemsettin Küzeci Qənirə Paşayevanın "İraq türkmanlarına və Türk Dünyasına xidmət" ödülünü Azərbaycanla İraq türkmanları arasında əməkdaşlığın daha da genişləndirilməsinə verdiyi dəstək, İraq türkmanları ilə bağlı həqiqətlərin yayılmasındakı fəaliyyətinə və İraq türkmanlarının hüquqlarını müdafiəsi istiqamətindəki çıxışlarına görə layiq görüldüyünü bildirib.
Kərkük Kültür Dərnəyinin rəhbəri Şemsettin Küzeci qardaş Azərbaycanla İraq Türkmanları arasında əlaqələrin, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən də danışıb və bütün Türk dünyasını İraq türkmanlarına dəstəyi daha da artırmağa çağırıb.
“İraq Türkmanları bizim canı canımızdan, qanı qanımızdan qardaş-bacılarımız, soydaşlarımızdır” deyən və mükafata görə minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva İraqda yaşayan soydaşlarımızla Azərbaycan arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinin zəruriliyini, ədəbi və elmi əlaqələrin güclənməsi, yeni-yeni mənəvi körpülərin inşa edilməsinin önəmini qeyd edib.
Modern.az