“Bu kursların bağlanılması müstəsna hal kimi “Araz kursları”na şamil olunmamalıdır”. Bunu Modern.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.
“Ümumən digər kursların da bağlanmağının tərəfdarıyam. Kurslar məktəb tədrisini zəiflədir, orta məktəblərdə nizam-intizamın pozulmasına şərait yaradır. Bütün tədris prosesi məktəbdə həyata keçirilməlidir. Şagirdlərin əksəriyyəti formal olaraq, çox könülsüz şəkildə məktəbdə iştirak edir, sonradan bu kurslara qaçırlar. Kurslar məktəb təhsilinin keyfiyyətsizliyi ilə ortaya çıxan kurslardır. Biz şahidiyik ki, bu kurslar bir neçə məktəblərin arasında inşa olunub, fəaliyyətə başlayıb və şagirdlərin dərsdən yayınaraq həmin kurslarda tədrisinə şərait yaradırlar”.
E. Əliyev Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və "Araz kursları" MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərara münasibət bildirərkən qeyd edib ki, bu, düzgün addım olsa da, indiki şəraitdə tələsikliyə yol verilib:
“Çünki əvvəlcədən uşaqlardan vəsaitlər toplanıb, məktəb tədrisinin keyfiyyətində elə bir ciddi dəyişiklik baş verməyib. Bu ilki 9, 11-ci siniflərin buraxılış imtahanları göstərdi ki, məktəb təhsilində geriləmə davam edir. Məktəb təhsilində aparılan islahatlar demək olar ki, heç bir nəticə verməyib. Buna görə də, bu kurslar, xüsusən “Araz kursları” bir növü bu boşluğu doldururdu”.
Misranə Həsənzadə