Bir müddət əvvəl xəstəxanalarda fəaliyyət göstərən mühafizə işçilərinin kobud, qeyri-etik davranışları ilə bağlı yazı yazmışdıq. Belə ki, xəstə yaxınlarına, xəstələrə birbaşa təhdid rolunu oynayan mühafizəçi kobudluğu aktual mövzu olaraq qalmaqdadır.
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Modern.az-a açıqlamasında təklif irəli sürərək, həkim kodeksinin yaradılmasının vacib olduğunu qeyd edib:
“Şikayət daha çox özəl xəstəxanalardandırsa, qeyd edim ki, burada iş prosesi daha fərqlidir. Burada iş rejimi, xəstəyə baş çəkmə saatları özünəməxsus qanunauyğuluqla fəaliyyət göstərir. Əvvəla onu qeyd edim ki. Azərbaycan səhiyyəsində boşluqlar çoxdur. Hansılar ki, onlar doldurulmalıdır. Həmin o boşluqlardan biri də məhz bu mühafizə xidməti məsələsidir. Buna səbəb isə səhiyyəmizdə həkim etikası kodeksinin olmamasıdır. Yəni bu kodeks dünyanın demək olar ki, hər yerində var. Bu tibb işçiləri ilə xəstə arasındakı münasibətləri tənzimləyən qanundur. Məsələn, belə bir misal çəkim. İngiltərədə bu yaxınlarda həkim etikası kodeksinə belə bir maddə əlavə edilib ki, həkim öz xəstəsilə 5 il müddətinə ailə qura bilməz. Diqqət edin! Bu gülməli görünsə də, ən xırda detalı belə önəmsəyərək, hansısa zərurətdən bu qanun qəbul edilib. Yəni bu kodeks, tibb işçiləri ilə xəstələr arasındakı psixoloji prinsipləri, münasibətləri tənzimləyən və hüquqi məsuliyyət yaradan bir qanundur. Bizdə isə nədir? Hippokrat andıdır. Bu, Sovet dövründən qalma abstrakt bir şeydir. Hansı ki, bunun heç bir əsası yoxdur. Bir andla məsələ həll olmur axı. Bir tibb, səhiyyə işçisinin etdiyi hər hansısa səhvin arxasında and dayanmamalıdır, hüquq, qanun dayanmalıdır. Bizdə bu, sanki işçilərin şəxsi mədəniyyətinə, intellektinə buraxılıb. Halbuki, bu, hüquqi normalar çərçivəsində həll olunmalıdır. Bir sözlə onu deyim ki, bu kimi halların qarşısını almaq üçün öncə hüquqi məsələləri tənzimləyən qanunlar olmalıdır və işçilər, xüsusi treninqlərlə maarifləndirilməlidir”.
Millət vəkili Vahid Əhmədov isə “belə halların qarşısını almaq üçün şikayət olunan xəstəxanaların lisenziyaları əllərindən alınmalıdır” deyib:
“Ümumiyyətlə bütün klinikalar, müəyyən monitorinqlər nəticəsində yoxlanılmalı, nəzarət olunmalıdır. Məhz bundan sonra bu kimi şikayətlərin sayı azala bilər. Azərbaycanda özəl klinikaların sayının artması tibb sahəsindəki inkişafdan xəbər verir. Yoxsa klinikalarda insanları incidirlərsə, bir sıra başqa problemlər varsa, əlbəttə ki, buna rəhbərlik ciddi şəkildə cavab verməlidir. Təklifim odur ki, belə hallar baş verdikdə klinikanın lisenziyası əlindən alınsın və ya bu neqativ halların aradan qaldırılmasına qədər fəaliyyəti dayandırılsın”.
Ayşən Mönsümlü