Türkiyədə prezidentliyə namizədlər axtarışında daha iki ziyalının, yazıçılar-Orxan Kamal və Yaşar Kamalın da isimləri hallanmağa başladı. Bir qədər əvvəl bu ölkənin müxalifətinin vahid namizəd məsələsində ortaq məxrəc tapıb ictimai rəy üçün yeni və maraqlı bir fiqurun-Ekmeləddin İhsanoğlunun adaylığını dəstəkləməsi, etiraf edək ki, dərhal adamda bir fərəh, eyni zamanda, qısqanclıq hissi yaratdı. Çünki biz indiyə qədər Türkiyənin çox proqressiv dəyişikliklərinə heyrətlə baxmışıq. Müxalifət səngərində döyüşənlərin belə rahatca qərar verməsi də aramızdakı ciddi fərqi ifadə edirdi. Amma üstündən çox az keçmiş gördük ki, yox, həsəd və qürur duyğusunda tələsmişik, çünki bir sıra məsələlərdə pozitivliklərini etalon seçməli olduğumuz Türkiyə, deyəsən, mənfiliklərimizlə bizi özünə etalon seçməli olub.
Sən demə, cəmiyyətə dərhal elan edilən namizədin adı CHP-nin içərisində elə fikir toqquşmaları yaradıb ki, eynən AXCP-nin və Müsavatın daxilindən əskik olmayan ziddiyyətlər kimi. Necə ki, bizim müxalifət vahid namizəd məsələsində kompromis nöqtəsi tapanda içəridən kimsə opponentlik edib, partiyaların qərarları qarşısına ağır bir daş qoyurdu, CHP-nin keşmiş sədri Dəniz Baykal başda olmaqla, partiyanın Məclisinin ideyanın və adayın təşkilat daxilində məsləhətləşmələrdən keçmədiyini bəhanə gətirməsi prosesi tormozlamaq cəhdindən savayı, qeyri bir marağa oxşamır. Ya ziddiyyət yaratmağa çalışanlar hansısa qruplarla iş birliyindədir, ya da səsini gur çıxaranların başqa namizədləri var. İstənilən halda isə əks mövqeyi gücləndirmək ümumi qərarlara zərbədir, deməli, müxalifətin mənafelərinə xəyanət edənləri Türkiyə siyasi elitasında da tapmaq mümkündür.
Ziddiyyətlər ciddi olmasaydı, yəqin ki, dünən Kamal Kılıcdaroğlu daha iki ictimai xadimin-Nobel mükafatçısı, yazıçı Orxan Kamalın, başqa bir ədəbiyyat insanı Yaşar Kamalın isimini vahid namizəd statusunda dəyərləndirməzdi.
Türkiyə müxalifəti 2013-cü ildə Azərbaycan müxalifətinin getdiyi yolu gedir. Hakimiyyət güclüdür, əlində kifayət qədər inzibati resursları var, müxalifətsə öz liderləri ilə Türkiyə üçün güclü və layiq görünmür, üstəlik, bələdiyyə seçkilərində uduzub. Bu cəhətdən vahid namizəd ideyası aktuallıq qazanıb və onu ayrı ünvanlarda, əsasən isə ədəbiyyat, elm adamlarının çevrələrində axtarmaq zərurəti meydana çıxıb. Azərbaycan müxalif qüvvələri ötən ilki seçkidə ictimai xadimin gətirə biləcəyi dividentlərə necə bel bağlayırdısa, Türkiyə müxalifəti artıq üç ictimai xadimin adını hallandırmağa başlayıb. Seçkiyə siyasətçinin yox, ziyalının buraxılması məsələsi Azərbaycanda ötən il keçirilən prezident seçkisi ilə gələn ay Türkiyədə baş verəcək seçki hadisəsi arasında paralelliyin bir elementidir.
Digər bir pararlellik elementinə gəldikdə, müxalifətin vahid namizədinin də sifarişinin Türkiyədən kənar mənbələrdən gəlməsi ehtimalıdır. Yəni, Azərbaycandakı prezident seçkisində Rusiya, təhsili, fəaliyyəti, karyerası Rusiyaya bağlı Rüstəm İbrahimbəyovu öz siyasi maraqları naminə müxalifət düşərgəsinə necə spontan çıxardısa, Amerika və Avropa təhsilli, uzun illər fəaliyyəti, yaşamı xarici ölkə hüdudlarında olan, Hadvard Universitetində kitablarından dərslik kimi istifadə edilən elm xadimi İhsanoğlunun da ekspromt şəkildə Türkiyə müxalifətinin vahid namizədinə çevrilməsini Qərb ssenarisi kimi düşünmək çətin deyil. İbrahimbəyovun Rusiya və Azərbaycan iqtidarı arasında oynadığı kompromis kartı rolunu, İhsanoğlu Amerika və Türkiyə münasibətlərində ifa etmək statusuna həvalə edilmiş görünür. Yada salsaq ki, Fətullah Gülən məsələsində müxalifət Gülənin maraqları tərəfdən çıxış edirdi, o zaman CHP və MHP-nin Ərdoğana qarşı qurulan istənilən koalisiyalarda iştirakı şübhə doğurmaya bilər. AXCP, Müsavat və bütövlükdə Milli Şura formatına daxil olanlar hakimiyyətə qarşı koalisiyaya memar olan Rusiyanın oyunlarına təslim olduğu kimi.
İbrahimbəyov Azərbaycan seçicisini qabaqcadan necə tərəddüdə salırdısa, birdən-birə ortaya çıxan İhsanoğlu da Türkiyə seçicisi üçün hələ çox şey ifadə etmir. Bir məsələ isə tam qaranlıqdır: Türkiyə müxalifəti İhsanoğlu, yaxud, adları nəzəri olaraq yenicə səslənən Orxan Kamal, ya da Yaşar Kamal olsun, prezident seçildikdən bir il sonra həmin səlahiyyətləri onun əlindən tutub almayacaq ki?! Çünki “rejissordan dövlət xadimi olmaz, seçkini udduqdan sonra hakimiyyəti çiyni üzərində gəldiyi siyasi qüvvələrə təhvil verməlidir” şərti ilə bizim müxalifət İbrahimbəyova uzun-uzadı bir sənəd imzalatmışdı...