Tələbəlik dövrü yada düşəndə əksəriyyətimizin dodağına gülüş qonur. Acı-şirin xatirələr bizi qayğıların az, arzuların bol olduğu illərə aparır. Bəzilərimizin o günlər üçün burnunun ucu göynəyir. Bir də xatirələrdən bu günə boylanırıq. Tələbə yoldaşlarımızın taleyi ilə maraqlanırıq. Kimi ixtisas üzrə işləyir, kimi başqa sahəyə gedib, kimisi ümumiyyətlə işləmir, kimi ölkədən köçüb, kimi dünyadan... Bəzən də tələbə ikən bir addımladığımız yoldaşımız məşhur olur. Cəmiyyətin məşhur olarkən tanıdığı şəxsi biz uzun illər əvvəldən tanıyırıq.
Modern.az saytı “Məşhur tələbə yoldaşım” layihəsinə davam edir. Bu dəfə jurnalist Zöhrab Əmirxanlı tələbə yoldaşı, məşhur telejurnalist Mirşahin Ağayev haqqında tələbəlik xatirələrini bölüşür:
“Mənə fakültədə “dayı” deyirdilər”
“Biz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə 1982-ci ildə qəbul olunmuşuq. Artıq o vaxtdan 32 il keçib. Qrupumuz 25 nəfərdən ibarət idi, 11 oğlan, 14 qız. İki nəfər - Mirşahin Ağayevlə Afaq Vasifqızı bizə filologiya fakültəsindən gəldilər. Mirşahin bizlə imtahan verməyib, filologiyada imtahan verib, o fakültədən bizə keçib.
Mirşahindən başqa bizimlə indi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini olan Ehsan Zahidov, ANS-də işləmiş Etibar İbrahimov da oxuyub. Mən onlardan 3-4 yaş böyük idim və çox qəribədi ki, üçü də mənə “dayı” deyirdilər. Mən şəhərə bir il qabaq gəlib zavodda işləmiş, bir il sonra jurnalistikaya qəbul olunmuşdum. Sinəmi ötkəmcəsinə qabağa verə bilirdim. Çünki şəhəri onlardan yaxşı tanıyırdım, az-çox məlumatlı idim. Onlar da məni şəhər adamı hesab edirdilər və ərklə, bir az da zarafatla “dayı” deyirdilər.
Mirşahin əyalətdən gəlmiş son dərəcə tərtəmiz bir cavan oğlan idi. Adətən, əyalətdən gəlmiş uşaqların şəhərə adaptasiya prosesi, auditoriya ilə ünsiyyət qurmağı bir az çətin olur. Amma Mirşahində çox qəribə adama yovuşmaq variantı var idi. O lap əvvəldən bir az cılız idi. Ancaq məsələn, ona toxunan sözə çox sərt reaksiya verməsi də vardı. O, həmişə, lap cavanlığından söz sahibi olub. Məsələn, müəllimlə Mirşahin arasında mübahisə məqamı düşürdü. O, çox qəribə, əndirəbadi, fəlsəfi cümlələrlə müəllimə elə cavablar verirdi ki, müəllim danışmaq, hansısa sözü demək əvəzinə, əvvəl cümlənin açmasını fikirləşirdi, onu tapandan sonra da ağır söz olduğunu biləndə əsəbiləşir, özünü itirirdi. Auditoriyada Mirşahinlə bağlı “dur, auditoriyadan çıx” söhbəti mümkün deyildi. Müəllimlər hansı tələbəyə necə yanaşmağı bilirdilər.
Mirşahin ifrat dərəcədə duyğulu, həssas idi. İnciyən variantları olurdu, amma kin saxlamırdı, könlünü almaq çox asan idi. Yəni Mirşahinlə yola getmək rahat idi, bircə quyruğunu tapdalama. Onda gürzəyə dönə bilirdi. Orada təbii ki, fiziki güc rol oynamırdı. Mirşahin sözlə çox ustalıqla müəllimləri rəndələyir, cilalayır, yerində otuzdururdu. Qəribə atmacaları var idi”.
“Mən səni sevəcəm və axırda mütləq qovuşacağıq”
“Mənim şəxsi həyatıma aid Mirşahinin də iştirak etdiyi bir əhvalat yadımdadır. Mirşahin yaxşı “kəşfiyyatçı” idi. Onlar 3-cü tələbə yataqxanasında olurdular, mən isə evdə kirayə yaşayırdım. Sonralar həyat yoldaşım olacaq, bundan 3 il əvvəl dünyasını dəyişmiş Mehriban isə 4 saylı qızlar yataqxanasında yaşayırdı. Mehribangil 3 nəfər qalırdılar. Mirşahingilin balkonu onların balkonuna baxırdı. Bir dəfə Mehriban mənə dedi ki, “Zöhrab, Zaqataladan otaq yoldaşım var, onun qardaşı bizi kinoya dəvət edib, gedim- getməyim?”. Dedim ki, “məndən olsa, getmə”. Dedi, “ay Zöhrab, axı söz vermişəm”. Dedim, “vallah, məndən olsa getmə, məsləhət bilmirəm”.
Azərbaycan kişilərinin bir xüsusiyyəti var ki, görüm, sözümü hara qədər yeridə, qəbul etdirə bilirəm. Mənim üçün də bu maraqlı idi. Mehribanla danışandan sonra Mirşahingilin otağına gəldim. Oradan oturub müşahidə edirdik ki, görək nə edirlər. O vaxtı Cəfər Cabbarlı adına kinoteatr var idi. İndiki “Space” telekanalının binasında yerləşirdi. Baxdıq ki, üç qız, bir də bu oğlan kinoteatra getdilər. Mirşahinlə mən də onların dalınca düşdük. Onlar bilet alıb içəri girdilər. Biz onlardan 2-3 sıra arxada oturduq. Kino başladı, Mehribangilin arxasındakı cərgədə oturan iki oğlana yaxınlaşdım, xahiş etdim ki, yerimizi dəyişək. Onlar da sakit şəkildə razılaşdılar. Yerimizi dəyişdik, biz Mehribangilin arxasındakı cərgədə oturduq. Deməli, film gedir, mən baxdım ki, sırayla bacısı, oğlan, Mehriban və Sayad adlı tələbə yoldaşımız oturub. Mən arada hiss etdim ki, oğlan yüngülcə çiynilə Mehribana toxunmaq istəyir. Amma Mehriban çəkilir, çəkilir, artıq Sayada bitişib.
Qəfildən lent qırıldı və işığı yandırdılar. Sayad arxaya çevriləndə şoka düşdü ki, Zöhrabla Mirşahin oturub. Onlar bilmirdilər ki, biz arxadayıq. Sayad Mehribana dedi, Mehriban çevrilib baxanda lap özünü itirdi ki, yəni Zöhrab mənə demişdi ki, getmə, mən gəlmişəm, nə isə. Mirşahinə dedim ki, “bizim kinomuz qurtardı, dur gedək”. Qalxdıq və nümayişkəranə şəkildə çıxdıq. Yəni “kəşfiyyatçı” kimi işimiz artıq başa çatmışdı. Sonra Mehribanla uzun müddət küsülü qaldıq. Cavanlıq idi də, ancaq sonradan qrupun uşaqları bizi barışdırdılar. Bax, Mirşahin orada yerində idi, nə xahiş elədimsə, çox yüksək səviyyədə yerinə yetirdi...
Mirşahin Mehribanla mənim münasibətlərimin formalaşmasının canlı şahidi olub. Yəni hadisələrin içində olub. Mehribanı ilk dəfə universitetə sənədlərimizi verəndə görmüşdüm. Sənəd vermək sırasında mən üçüncü, o dördüncü idi. Hələ bir-birimizə abituriyent kimi baxırdıq. Amma hər dəfə onu görəndə içimdə nəsə qaynayırdı. Üçüncü imtahanı verəndən sonra avtobus gözləyirdik, Mehribana dedim ki, “narahat olma, biz ikimiz də girəcəyik, bir yerdə oturacağıq, mən səni sevəcəm və axırda mütləq qovuşacağıq”. Bu sözləri dedim və dabanıma tüpürdüm. Beş-altı addım aralanmışdım, arxadan bir yekə “tərbiyəsiz” sözü kürəyimə saplandı.
Birinci kursda, elə birinci dərs günü mən bir az ləngimişdim, Mirşahinlə Mehriban birinci partada oturmuşdular, gəldim onların arxasında oturdum. Mirşahinə dedim ki, “tənəffüsdə yerimizi dəyişək, yaxşı?”. Dedi, “yaxşı”. Mirşahin tənəffüsdə ikinci, mən birinci sıraya keçdim. Mehribanın yanına keçdim. Mehriban dedi ki, “mən səninlə oturmuram”. Dedim ki, “auditoriyada hara getsən, gəlib orda oturacam”. Mehriban auditoriyada fırlandı, fırlandı, gördü ki, əl çəkmirəm, təzədən qayıtdı yerinə ki, “gəl otur, amma səninlə ümumiyyətlə, təmasımız olmayacaq, mən səninlə danışmıram. Dedim, “hə, yaxşı”. Bax, beləcə... Elə birinci kursda məlum idi ki, biz-birimizə dəlicəsinə vurulmuşuq”.
“Azərbaycanda Mirşahindən böyük yazıçı ola bilməzdi”
“Mirşahin hələ o cavanlıq vaxtından sözə sahiblik edən adam olub. Bizdən bir kurs yuxarı Mədət Əyyuboğlu adlı oğlan oxuyurdu, Ağdamdan idi. Yaxşı şeirləri vardı. Tənəffüsdə siqaret çəkməyə çıxar, söhbət edərdik. Bir dəfə zəng vurulub içəri keçəndə Mirşahin koridorda dedi ki, “Zöhrab, Mədətlə söhbət, onu dinləmək mənəvi istirahətdir”. Bu, 18 yaşında oğlanın sözü idi. Mirşahində həmişə sözə dəyər vermək xüsusiyyəti olub. Bir dəfə də hardan ağlına gəldisə, durar-tutmaz qayıtdı ki, dünya bəstəkarları o qədər zəifdilər ki, hələ indiyəcən yataqdakı qadın iniltisindən gözəl mahnı bəstələyə bilməyiblər...
Mirşahin “5”lə oxumurdu, xüsusi fərdi istedad kimi önə çıxmırdı. Amma Mirşahinin istənilən məsələyə həmişə özünün son dərəcə orijinal baxışı var idi. Məsələn, deyək ki, 18-19-cu əsr rus ədəbiyyatından Çexov, Turgenev, Qoqoldan keçirdik. Allah ruhunu şad eləsin, Şamil Qurbanov var idi, sonra Milli Məclisin üzvü oldu. O, bizə dərs deyirdi. Şamil müəllim auditoriyada mühazirəsini oxuyurdu, Mirşahin o əsərlərə o qədər qəribə yanaşır, elə qəribə ricətlərlə çıxış edirdi ki, heyrətdən gözün kəllənə çıxırdı. Baxırdın ki, kənd kitabxanasından başqa bir yer görməyən bu cavan oğlan belə necə düşünə bilər? Bu təkcə çoxlu kitab oxumaqla bağlı deyildi, Mirşahinin əsl istedadı idi. O, birinci kursda şeirlər də yazırdı. Düzdür, bircə sətri də yadımda qalmayıb. Mirşahin o qədər əndirəbadi, o qədər hoqqabaz şeir yazırdı ki, adam çaşıb qalırdı: bu sözlər hardan gəlir, necə tapır, necə sıraya düzür. Mirşahində poeziya tərəfi çox gözəl və güclü idi. Həmin qabiliyyətini davam etdirib-etdirmədiyini bilmirəm. İşi ağırdı, yəqin ki, onu saxladı.
Mirşahin ANS deyilən quruma getməsəydi, biz təsadüfən sivil bir ölkədə yaşasaydıq və adam tutaq ki, yazdığı yazıya, əsərə görə yüksək səviyyədə qonorar alsaydı, yüksək tirajla kitabı çap olunsaydı, Azərbaycanda Mirşahindən böyük yazıçı ola bilməzdi. Deyirlər ki, filankəs üçün söz mum kimidir, yoğurur, yapır. Mirşahin üçün isə söz mum deyil, yupyumşaq bir nəsnədi, o, sözdən nə istəsə düzəldə bilir. Əslində hamımızın danışdığımız, yazdığımız dildə danışır və yazır. Amma onda o qədər əndirəbadi gedişlər, keçidlər var ki, o heç kimin ağlına gəlmir. Məsələn, adicə veriliş aparır, baxırsan ki, hamımızın danışdığımız dildə danışır, amma son dərəcə orijinal, xoruz səsi eşitməmiş ifadələri yerində işlədir”.
“Mirşahinin ən böyük əsəri ANS-dir”
“Səhv etmirəmsə, Mirşahin jurnalistikaya 1988-ci ildə Sabir Rüstəmxanlının “Azərbaycan” qəzeti ilə başladı. “Azərbaycan” yüksək səviyyəli, demokratik bir orqan idi. O dövr üçün hava, su kimi lazım olan bir qəzet. Mirşahin sonralar Çingizlə, Vahid Naxışla birləşdi, televiziya variantı alındı və getdi. Mirşahin “Azərbaycan”dan gedəndən, ANS variantı alınandan sonra mətbuatda az görünüb. Amma mən 1992-ci ildə “Hürriyyət”in baş redaktoru işləyəndə Mirşahindən xahiş etdim, mütləq bizə yazı yazmalısan. O, həftədə, 10 gündə bizə bir dənə yazı verirdi. Oxucu o yazını gözünə təpə-təpə oxuyurdu.
Mirşahinlə münasibətimiz bu gün də çox yüksək səviyyədədir, dostluğumuz qalır. Bu gün də zəngləşir, arada görüşürük.
Tələbə yoldaşlarımız arasında şəhər uşaqları da var idi. Aqşin Zeynalov, Allah qapısını açsın, Rauf Mirqədirov, Mirfəttah Rəsulov... bizlə oxuyublar. Aqşin Zeynalovla Afaq da sonradan ikibaş, dördayaq oldular, yəni ailə qurdular. “Rayondan gəlib”, “əyalət uşağıdı” deyə Mirşahinə bir az yuxarıdan aşağı baxmaq məqamları da olurdu. Amma bütün hallarda Mirşahinin ilahi istedadı, qabiliyyəti yerində idi. Onu çox istəməmək qeyri-mümkün idi.
Mirşahinin ən böyük əsəri ANS-dir. Mən belə deyərdim, heç kimin xətrinə dəyməsin. Mirşahin olmasaydı, ANS-i o cür qurmaq olmazdı. Mirşahinə imkan verilsəydi, o daha yüksək səviyyəli bir şey qura bilərdi. Mirşahinin istedadı bütöv bir elmi tədqiqat institunun alimlərinin görə biləcəyi işdən daha böyük ola bilərdi. Təbii, bizdə basqılar, sərhədlər, “burdan o tərəfə keçmək olmaz” variantları var. Hər halda Mirşahin bu qurumu hələ ki, bu cür qoruyub saxlaya bilir. ANS inkubator kimi Azərbaycan televiziyalarının böyük əksəriyyəti üçün bir ucdan kadr “istehsal edir”. Böyük əksəriyyət orada bişib yetişir, sonra işdən çıxır və digər kanallarda sanballı kadr kimi başqa qəbul olunurlar. Vahid Naxışın, ruhu şad olsun, Çingiz Mustafayevin öz yeri var. Amma Mirşahinin əvəzolunmaz xidmətləri həmişə öndədir. O, Mirşahin məktəbidir. Mirşahin sözün sanbalını, çəkisini bilən adamdır. Onunla söz savaşı aparmaq mümkün deyil. Mirşahin sözlə Azərbaycanda heç kimin davrana bilmədiyi səviyyədə davrana bilir.
Azərbaycan mediasında Mirşahin qədər xaricə baş vurub gələn jurnalist azdır. Mirşahin çox sanballı tədbirlərin iştirakçısı olub. Adamlar var ki, iki dəfə xaricə çıxandan sonra gələndə əvvəlki daraqla daranmır, qabaqlarına keçmək olmur. Mirşahinə isə belə davranış yaddır. O, göründüyü kimidir”.
“Mirşahinlə aramızda uzunmüddətli inciklik oldu”
“Mirşahinlə biz müəyyən həddə qədər çox yaxın olmuşuq. Deməli, Mirşahin Mehribanla mənim münasibətimi bilirdi. Bir dəfə Mehriban dedi ki, “Mirşahin mənə çox qəribə baxır, qəribə jestlər edir”. Cavanlıqdır da, kim bilirdi ki, sonralar Mehriban mənim ocağımın qoruyucusu olacaq. Yəqin ki, Mirşahinin də ürəyindən keçirmiş ki, Mehribana xoş gəlsin, hansısa məqamda yarınsın. Mehriban bunu deyəndən sonra Mirşahinlə münasibətlərimizə ciddi kölgə düşdü. Biz Mirşahinlə birinci kursda bir yerdə oxumuşuq, sonra onunla birgə beş nəfəri əsgər apardılar. Mirşahin əsgərlikdən qayıdandan sonra da münasibətimiz o qədər isti olmadı, uzun müddət çatlar getdi. Amma tələbəliyimizin üstündən təxminən 5-6 il keçmişdi ki, tədbirlərin birində üz-üzə gəldik və bir-birimizə yüz ilin dostu kimi, dəlicəsinə sarıldıq...
“Mirşahin məni ANS-ə çağırdı...”
“90-ların sonunda Mirşahin zəng elədi ki, Zöhrab, təcili görüşmək lazımdır. ANS-ə gəldim, dedi ki, “mən vitse-prezident seçilmişəm, səni isə yaradıcı tərəfə rəhbər gətirmək istəyirik, hər şey danışılıb”. Mənim ona müraciət formam tələbəlikdən bəri “Şahin” olub. Dedim, “Şahin, mənə bir az vaxt ver”. Dedi ki, “Zöhrab yanırıq, su tökən lazımdır, vaxt istəmə. Bu dəqiqə “hə” desən əmrin verilir və sən işə başlayırsan”. Mən də “Şans” qəzetində baş redaktorun 1-ci müaviniydim. Hüseyn Əfəndi, Qulu Ağsəs, Laura Cəbrayıllı, Qurban Yaquboğlu, Anar Niftəliyev, Allah ruhunu şad etsin, Məmməd Nazimoğlu kimi jurnalistlər çalışırdı o qəzetdə. Dedim, “Mirşahin, axı bizim qəzetdə uşaqların maaşı verilmir, filan. Problemlə məşğul olmaq lazımdır”. Mirşahin soruşdu ki, “maaş tərəfin sən həll edirsən?”. Dedim ki, “yox”, dedi, “bəs, onda nə cəhd edirsən, nəyə çalışırsan, o şeyi ki, sən həll edə bilməyəcəksən”. Dedim, “Mirşahin ortada münasibətlər, dostluq var. Onları atıb gəlmək çox çətindir. Heç olmasa, bir həftə vaxt ver”, dedi, “Zöhrab, 3 gündən artıq vaxt vermək mümkün deyil. 3 günə bizə “hə, yox” denən. Mən güman edirəm ki, biz bir yerdə işləyəcəyik”. Proqramı, maaşımı nə qədər alacağımı dedi, danışdıq. 3 gündən sonra zəng edib dedim ki, “qadam, gələ bilmirəm. Heç cür imkanım yoxdur, mümkün deyil”.
... Və məsələni beləcə “uğurla” həll elədik.
Misranə Həsənzadə
P.S. Tələbəlik şəkillərinin tapılmasında göstərdiyi köməyə görə Mirşahin Ağayevin digər tələbə yoldaşı İradə Sultana təşəkkürlər.