Azərbaycan kommunistlərinin iyun ayının 26-da Rusiya Kommunist Partiyasının sədri Gennadi Zyuqanovun yubileyində iştirakı təxirə salınıb. Bu barədə Modern.az saytına Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov məlumat verib. Onun sözlərinə görə buna səbəb G. Zyuqanovun 70 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması tədbirinin iyul ayının 12-nə keçirilməsidir. Partiya lideri bildirib ki, iyul ayının 12-də Kremldə yubiley yüksək səviyyədə qeyd olunacaq. AKP rəhbəri onu da bildirib ki, G. Zyuqanovun yubiley mərasimi ilə yanaşı Kommunist Partiyaları İttifaqının İcraiyyə Komitəsinin də iclası həmin gündə olacaq.
“Yubileydə Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək. Tədbirdə mən də çıxış edəcəyəm və Azərbaycan kommunistləri adından Zyuqanova xüsusi hədiyyəmiz olacaq”,-deyə R. Qurbanov bildirib.Azərbaycan kommunistlərinin lideri Kommunist Partiyaları İttifaqının İcraiyyə Komitəsində müzakirə olunacaq məsələlərdən də söz açıb:
“Dünyadakı siyasi vəziyyət və qarşıda duran əsas vəzifələr haqqında, təşkilatın 35-ci qurultayının keçirilməsinə dair, nizamnamə və proqrammasında ediləcək dəyişiliklərlə əlaqədar redaksiya komissiyasının yaradılması barədə müzakirələr aparılacaq”.
Aqşin Kərimov