“Mən ümumiyyətlə, ad günümü qeyd etməyi xoşlamıram. Hazırda işdəyəm. Ad gününə münasibətim bir az fərqlidir. Demək olar ki, heç vaxt həmin günü təmtəraqlı keçirməmişəm. Məndə ad günü ilə bağlı xüsusi bir həvəs olmayıb. Görünür bu da ondan qaynaqlanır ki, ümumiyyətlə, həmişə özümə xəsis yanaşmışam.
Dostlar sağ olsun, bilənlər təbrik edib. Mən hamısına təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm”.
Bunu Modern.az-a açıqlamasında bu gün 43 yaşı tamam olan millət vəkili, Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.
O düşünür ki, hələ görməli çox işləri var:
“43 yaş o qədər də böyük yaş deyil, amma hər-halda gənclik dövrünü arxada qoymuş və müəyyən mənada orta çağlara irəliləyən bir yaş dövrüdür. Ona görə də indiki halda özümü hələ də həyatda çox şeyə nail olmayan və çox işlər görməli olan bir insan kimi hiss edirəm.
İnsanın dövləti, milləti, torpağı, öz ailəsi, övladları ilə bağlı, eyni zamanda bütövlükdə cəmiyyətlə bağlı arzuları var. Əlbəttə hər 3 istiqamətdə mənim arzularım, diləyim var. Məncə, bunları geniş şəkildə mətbuatla bölüşmək insanları yorar”.
Misranə Həsənzadə