Prezident İlham ƏIiyev Dövlət Statistika Komitəsinin sədri Arif Mikayıl oğlu Vəliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Modern.az-ın məlumataına görə
, Nekroloqda Arif Vəliyevin xidmətləri sadalanıb:
"Azərbaycanda statistika işinin təşkilində, statistika orqanları sisteminin strukturunun daha da təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğun qurulmasında Arif Vəliyevin diqqətəlayiq xidmətləri vardır. Dövlət Statistika Komitəsi tərəfindən respublikanın iqtisadi və sosial sahələrində vahid metodologiya əsasında statistik məlumatlar sisteminin fəaliyyətinin təmin edilməsi üçün o, öz bilik və təcrübəsini əsirgəməmişdir. Arif Vəliyev müstəqilliyini yenicə bərpa etmiş respublikanın ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik məsələlərdən biri kimi statistik məlumatlar hazırlanmasının tədricən beynəlxalq standartlara və bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılmasına xüsusi diqqət yetirirdi. O, ölkə iqtisadiyyatının modernləşdirilməsi və cəmiyyət həyatında baş verən proseslərin rəsmi statistikada adekvat əksinin zəruriliyinin dövlət statistika orqanları qarşısında irəli sürdüyü başlıca vəzifələrin müvəffəqiyyətli həlli üçün böyük əmək sərf edib.
Arif Vəliyevin Komitəyə rəhbərlik etdiyi dövr Azərbaycanın dövlət statistika orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni inkişaf mərhələsidir. Bu illərdə statistikanın islahatı ilə bağlı dövlət proqramları uğurla icra edilmiş, rəsmi statistikanın hüquqi əsasları yaradılmış, bütün beynəlxalq təsnifatları özündə birləşdirən milli təsnifatlar sistemi qurulmuş, statistik vahidlərin dövlət reyestri və makroiqtisadi göstəricilərin beynəlxalq səviyyədə müqayisəliliyini təmin edən milli hesablar sistemi formalaşdırılıb.
Ölkənin sosial-iqtisadi inkişafı haqqında cəmiyyətin düzgün məlumatlandırılması, milli dövlət proqramları və inkişaf strategiyaları hazırlanarkən dəqiq statistik məlumatlardan istifadə olunması, nüfuzlu beynəlxalq təşkilatların və agentliklərin Azərbaycana dair düzgün informasiyalar çatdırması istiqamətində Arif Vəliyev özünün yüksək təşkilatçılıq qabiliyyəti ilə böyük rol oynamışdır. Bütün əməli fəaliyyətində milli mənafeləri üstün tutaraq daim dövlətçilik mövqeyindən çıxış etməsi ona həmkarlarının dərin hörmət və ehtiramını qazandırıb.
Arif Vəliyevin ölkədə statistika işinin təşkili sahəsində xidmətləri yüksək qiymətləndirilib. O, bir sıra mükafatlar almış, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət” ordeninə layiq görülüb.
Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və təvazökar insan Arif Mikayıl oğlu Vəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!".
Prezidentlə yanaşı nekroloqu Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Vahid Axundov, Hacıbala Abutalıbov, Əli Əsədov, Fatma Abdullazadə, Şahin Mustafayev, Samir Şərifov, Fazil Məmmədov, Səlim Müslümov, Elman Rüstəmov və Ziyad Səmədzadə imzalayıb.
Modern.az