Modern.az

İctimai HARAY: “Şadlıq evləri sosial bəladır: Bu şəbəkəni sındırmaq LAZIMDIR”

İctimai HARAY: “Şadlıq evləri sosial bəladır: Bu şəbəkəni sındırmaq LAZIMDIR”

24 İyun 2014, 09:32

“İndiki şadlıq sarayları, orada verilən yeməklər, istərsə də təqdim olunan musiqi məni narahat edir”. Bunu Modern.az-a açıqlamasında millət vəkili Musa Quliyev şadlıq evlərində toylarla bağlı yaradılmış şəbəkə sisteminin insanlara vurduğu maddi və mənəvi zərəri şərh edərkən bildirib. 

“Bu şəbəkəni sındırmaq lazımdır”

“Görünür ki, burada bir sistem, şəbəkə  yaranıb ki, onu dağıtmaq mümkün deyil. Bu işdə maraqlı olan qüvvələr çoxdur. İnsanlar da bir-birinin bəhsinə giriblər, ya hipnoz altındadırlar bilmirəm, istəyirlər ki, ən bahalı şadlıq evlərində toy etsin, ən çox yemək də onun toy süfrəsində təqdim edilsin. Burada qazanan bir şadlıq evinin sahibi, bir də musiqiçilərdir. Nə toy sahibinin, nə də oradakı qonaqların maddi və mənəvi mənfəəti yoxdur. Bu məsələni qanunvericiliklə də tənzimləmək olar. Buna uyğun olaraq Nazirlər Kabinetinin qərarı da var, amma nədənsə müavfiq qurumlar qanuna əməl etmir”.

Millət vəkili bildirir ki, Səhiyyə Nazirliyinin qidalarla bağlı konkret mövqeyi görünmür. “Bir məclisdə 400 nəfər üçün salat hazırlanması ən az bir gün vaxt tələb edir. Elə salatlar da var ki, onlar hazırlandıqdan sonra bir neçə saat ərzində istifadə edilməsə mütləq orada mikrob çirklənməsi baş verəcək. Salatlar həmin gün hazırlansa da belə az və çox dərəcədə mikrob çirklənməsinə məruz qalır. Onların çox hissəsi heç yeyilmir, hətta toydan sonra sabahkı toy üçün süfrədən ehmalca yığışdırılaraq soyuducuya yerləşdirilir. Hər halda Səhiyyə nazirliyinin və Gigiyena-Epidemologiya Mərkəzinin müvafiq rəyi olmalıdır. Digər tərəfdən insanlarımızın da bu sahədə maariflənməsinə və mədəni səviyəsinin qaldırılmasına ehtiyac var. Dünayanın heç bir yerində bizdəki qədər geniş auditoriyalı toy məclisləri keçirilmir, bu qədər qonaq dəvət olunmur, israfçılıq edilmir. Sadəcə olaraq mexanizmi sındırmaq yolunu tapmaq lazımdır”.

 “4 saat dəli kimi ortaya düşüb oynamaq nəyə gərəkdir”

M.Quliyev bildirir ki, bir müddət əvvəl bu şəbəkənin işini qanunvericiliklə məhdudulaşdırmaq istəsələr də, hüququşünaslar doğru olaraq bildiriblər ki, adət-ənənə və mərasimlər qanunlarla tənzimlənmir, insanların sərbəstliyini əlindən almaq olmaz. “Hər hansı şənlik mərasiminin qanunla çərçivəyə alınması doğru deyil. Ona görə də qanun qəbul edilmədi. Lakin düşünürəm ki, belə davam etdiyi təqdirdə insanlar həm maddi, həm mənəvi, həm də fiziki əzab çəkirlər. Bir dəfə salam veridiyin adam səni toy məclisinə çağırır, gedirsən olmur, getmirsən olmur...”.

Bir qisim insanlar əlavə xərclərin aradan qaldırılması üçün “palatka” toylarının geri qaytarılması təklifini irləli sürür. Millət vəkili qəti şəkildə buna etirazını bildirdi: “Gözəl, müasir şadlıq evləri var, çadırlar nəyə lazımdır? 400-500 adam çağırmasınlar, 100 nəfər çağırsınlar, normal da toy etsinlər. Bir neçə isti yemək və qəlyanaltı, yaxın qohum-əqraban olsun, vəssalam. Yaxud da Avropa və Türkiyədəki kimi ayaqüstü mərasimlər də keçirmək olar. Toyda əsas məqsəd şənlənmək və yeni evliləri təbrik etməkdir. Vacib deyil ki, 4 saat dəli kimi ortaya düşüb oynayaq”.

“Şadlıq evləri sosial bəladır”

Sosioloq Əhməd Qəşəmoğlu da deputatın dediklərini dəstəklədi: “Şadlıq evlərinin indiki vəziyyəti qətiyyən məni qane etmir. Çünki, şadlıq evləri müəyyən bir şəbəkədir. Bu şəbəkə Azərbaycana sosial bəla gətirib. İstər-istəməz hər ailədən bir neçə nəfəri ay ərzində toya çağırırlar. Bir ailə üzvlərinin hərəsinin ayrı-yrı yerdə çalışdığını nəzərə alasaq, ümumilikdə eyni ailə bir neçə toya getmiş olur. Nəzərə alsaq ki, Məhərrəm və Ramazan  ayları qabağı daha çox toy olur”.

“Bu şadlıq evləri gün-gündən bir hoqqa çıxarır və yerlərin qiyməti qalxır. Bu səbəbdən insanlar getdiyi toya daha çox pul salmağa məcbur olur. Dərindən düşünüəndə görmək olur ki, əhali nə qədər çətin bir proselə üz-üzədir. Ay ərzində ən az orta hesabla 1000 manat harasa verməlisən. Burada yalnız toya salınan pul nəzərdə tutulmur. Toya gedəndə də orada bir meşşanlıq hökm sürür. Toya gedən geyiminə əl gəzdirməlidir, qadınlar-qızlar salona mütləq gedir, restoranların  əksəriyyətinin də “Neftçilər” metrosundan  bir az da o tərəfdə yerləşdiyini, hər kəsin də şəxsi avtomobili olmadığını nəzərə alsaq xərclər kifayət qədər artır...

“Bütün bu sistem maaşla yaşayan insanı məhv edilməsinə yönəlib”

“Bir haşiyə açım: Bir dəfə nəvəmlə toya getdim. Fotoqraf uşağın şəklin çəkib ucuz bir çərçivəyə salıb mənə təqdim etdi. Bildirdim ki, mən sifariş verməmişəm axı? Fotoqraf dedi ki, “uşaqdan xoşum gəldi deyə düzəltim”. Borcum nə qədərdir dedim? Bildirdi ki, “20 manat”. Bizdə bir az üstü-başı səliqəli, qalstuklu adam görən kimi aldatmağa çalışır, ətrafında fırlanırlar. Ya görürsən toyda oturduğun yerdə başına üzərlik fırladılar ki, “şirinlik” verəsən. Yaxud da toy sahibi söz verir, məcbursan danışandan sonra musiqiçilərə də “hörmət” edəsən və s.

Ə.Qəşəmoğlu bildirir ki, bütün bunların hamısı maaşla yaşayan insanı məhv edib əzməyə yönəlmiş sosial bəladır. “İnsan məcburdur ki, toya getmək üçün “oğurluq” eləsin. Bir professorun maaşı 350 manatdırsa, o ay ərzində bir neçə toya necə getsin?!

Şadlıq sarayları efirləri də zəbt edib. Onlarla bərabər müğənnilər də. Hansılar ki, efirdə daha çox görünür və baha qiymətə toya gedirlər. Bütün bunlar televiziya məkanını da idbar bir hala salır. Bəzi müğənnilərimiz o qədər səviyyəsizdilər ki, əhalinin estetik zövqünü də korlayırlar. Çıxıb efirdə fəxrlə deyirlər ki, “məktəbdə heç oxumurduq, müəllimin başına oyun açırdıq”. Bu çıxışla onlar təlim-tədris intizamsızlığı təbliğ edirlər”.

Sosioloqun sözlərinə görə, menyuda balaca noğuldan tutmuş isti yeməyə qədər 54 cür yemək sayırlar.” Şəxsən mən yeməklərin köhnə olmasından dolayı neçə dəfə toya gedib ac qayıtmışam”.

“Tanışım qızıl dişini sökdürüb satdı, o pulla toya getdi”

“Platkalar” ın geri qayıtmasını düzgün saymayan ekspert sadəcə şadlıq evlərinin işinə nəzarətin gücləndirilməsi tərəfdarı olduğunu vurğuladı. Şadlıq evlərindən adam kimi və vicdanla istifadə etmək lazımdır. Tərəfdarıyam ki, yeməklərin sayını toy sahibi özü müəyyən etsin, istədiyi aşbazı gətirib yeməklərini hazırlatsın. Şadlıq evlərinə icarə üçün  müəyyən miqdarda pul ödəsin. Bununla da əhaliyə qarşı düşməncəsinə gedən bu prosesin də qarşısı alınsın. Müəğənni kimdir ki, 1 saatına 10-15 min manat pul istəyir. Bu sadəcə tərbiyəsizlikdir! Nəfsi tərbiyə etmək lazımdır”.

Yaşlı adamların çoxu toy boyu foyedə oturur. Sosioloq Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MR-da Bakıdakı kimi israfçı xeyir-şər məclislərinin qurulmadığını xüsusi vurğuladı.

Bizə desələr ki, ayda 100 manat Qarabağın müdafiəsi ilə bağlı pul yığaq, hamı deyəcək ki, hardadır mənim 100 manatım? Amma elə bir mexanizm qurulub ki, məcburən, özümüz də hiss etmədən pulumuzu göylərə sovururuq. Tanıdığım jurnalistlərdən biri toya getməyə pulu olmadığından, neçə adama borc üçün ağız açdı, verən olmadı. Məcbur oldu ağzından qızıl dişini sökdürüb həkimə satdı, o pulla toya getdi. Özünüz düşünün, həmin insan getdiyi toyda necə şənləndi?!

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi