Modern.az

Dövlət Komitəsi süd məhsulları istehsalçılarına müraciət etdi

Dövlət Komitəsi süd məhsulları istehsalçılarına müraciət etdi

Təhsil

24 İyun 2014, 10:35


Modern.az xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi süd və süd məhsulları istehsalı ilə bağlı təsərrüfat subyektləri və istehlakçılara müraciət edib. Süd və süd məhsulları insan orqanizminin inkişafında və orqanizmin müxtəlif xəstəliklərdən qorunmasında əvəzsiz rola malikdir. Məhz bu səbəbdən süd məhsullarının istehlakçıların qida rasionunda olması vacib əhəmiyyət daşıyır. Bəzi hallarda aşkar olunan nöqsanlar, saxlanılma şəraitinin və müddətinin pozulması faktları süd məhsullarında bakteriyaların inkişafını sürətləndirir ki, bu da insan sağlamlığı üçün potensial təhlükə mənbəyidir.

İnsan həyat və sağlamlığını etibarlı qorumaq, istehlakçıların məhsulların nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını təmin etmək, həmçinin istehsal müəssisələrində rəqabətədavamlı məhsul istehsalını gecləndirmək məqsədilə son illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən süd və süd məhsullarının keyfiyyət və təhlükəsizliyinə tələbləri müəyyən edən bir neçə dövlət standartı hazırlanaraq təsdiq edilib. Bunlara misal olaraq, “AZS 089-2003 Kəsmik. Ümumi texniki şərtlər”, “AZS 092 –2003 Qatıq. Ümumi texniki şərtlər”, “AZS 091 – 2003 Ayran.Texniki şərtlər”, “AZS108-2003 Duzlu suda yetişdirilən pendirlər. Ümumi texniki şərtlər”, “AZS 121-2004 Xama. Ümumi texniki şərtlər”, “AZS 128 – 2004 Şor.Texniki şərtlər”, “AZS 144 – 2005 Tez yetişən yumşaq pendirlər. Ümumi texniki şərtlər”, “AZS177–2005 Motal pendiri.Texniki şərtlər”, “AZS 202–2006 Süzmə.Texniki şərtlər”, “AZS 207–2006 Yarımbərk pendirlər. Ümumi texniki şərtlər”, “AZS 220–2006 Dovğa” və s.ni göstərmək olar.

“Yeyinti məhsulları haqqında” Qanuna əsasən, yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartların və tələblərin icra edilməsi yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.

Komitənin 15 aprel 2011-ci il tarixli əmrilə AZS 089-2003, AZS 091-2003, AZS 092-2003, AZS 220-2006 dövlət standartlarına edilən dəyişikliyə görə istehsal texnologiyası, məhsulun tərkibində olan xammal, material və qida əlavələri, qablaşdırma üsulları və saxlanma şəraiti nəzərə alınmaqla konkret adda məhsulun yararlılıq müddəti istehsalçı tərəfindən, Səhiyyə Nazirliyi ilə razılaşdırılmış resepturalarda və ya texnoloji prosesi reqlamentləşdirən digər sənədlə müəyyənləşdirilir. Buna görə də, süd və süd məhsullarının saxlanma müddətinin həmin məhsulların keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi sahəsində qüvvədə olan texniki normativ hüquqi akt və texnoloji sənədlərlə müəyyən edilmiş saxlanma müddətindən artıq göstərilməsi yolverilməzdir.

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bundan sonra da mütəmadi olaraq aparılan monitorinqlər zamanı yuxarıda qeyd olunan tələblərin pozulması faktları aşkar olunduqda qanunvericiliklə müəyyən edilmiş ciddi tədbirlər görüləcək. İstehlakçılardan istehlak bazarında məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı hər hansı şübhələr yaranarsa Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə (012 449 99 59) məlumat vermələri xahiş olunur.

 

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu