“Bir neçə dəfə hazırlıq iclasları olub, sabah Nərimanov rayon Məhkəməsində ilkin məhkəmə prosesi olacaq. Biz də vəkillərimizlə orada iştirak edəcəyik”. Bu barədə Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu Modern.az-a bildirib. Barışıq məsələsinin geridə qaldığını deyən E. Zahiroğlu belə şeyi gözləmədiklərini vurğulayıb: “Barışıq təklifi olsaydı, indiyədək bilərdik. Qarşı tərəf öz iddiasında israrlıdır. Biz dəfələrlə müraciət edərək məsələnin məhkəməyə qədər daşınmamasına çalışdıq, amma Mətanət İsgəndərli təklifi qəbul etmədi”.
Baş redaktorun sözlərinə görə, əvvəlcə müəyyən məsələlərdə iddiaçı tərəflə razılığa gəlinib. “Lakin nədənsə Mətanət İsgəndərli fikrini dəyişdi və sonuncu prosesdə barışmaq istəmədiyini bir daha bəyan etdi. Ona görə də, iş baxışa verildi”.“Hələ məhkəmə öncəsidir, çalışacağıq ki, vəkillər vasitəsilə öz hüquqularımızı müdafiə edək”, – deyə sonda E. Zahiroğlu bildirib.
Qeyd edək ki, Aznews.az saytında müğənninin narkoman olması ilə bağlı xəbər yayılıb. Müğənni Nərimanov Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək iki jurnalistin böhtana görə Cinayət Məcəlləsinin 147- maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
Gülşən RAUFQIZI