Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonlarının, həmçinin Gəncə və Mingəçevir şəhərlərinin orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Həmin rayonlarda imtahanların keçirilməsi üçün 51 imtahan mərkəzi ayrılıb, saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri üçün imtahan başlanıb və 2 saat ərzində davam edib.
Modern.az-ın məlumatına görə, imtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. Şagirlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində normal imtahan şəraiti yaradılıb. Sabahdan başlayaraq Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.Qeyd edək ki, nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın rəsmi facebook səhifəsində veriləcək.
Misranə Həsənzadə