6 fevral 2011-ci il, gecəyarısı. Jurnalistlər səbirsizliklə hava limanında ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayzanın gəlişini gözləyirlər. Nəhayət, həmişə gülümsəyən Brayza və xanımı qapıda görünürlər. Jurnalistlər dərhal yaxınlaşıb mikrofonlarını uzadırlar. Hərə bir sual verir, səfir səbirlə sualları diplomatik sözlərlə cavablandırır.
Nəhayət, Brayza sağollaşır, onu gözləyən avtomobilə yaxınlaşır.
Səhəri gün bütün jurnalistlərin hava limanından hazırladığı reportaj qəribə olsa da, səfirin diplomatik cavablarına yox, məhz onun avtomobilə əyləşib yola düşməsi tərzinə həsr olunmuşdu.
Sən demə, səfir və xanımı böyük bir ciplə müşayiət olunan zirehli limuzinin arxa oturacağına əyləşən kimi təhlükəsizlik kəmərlərini bağlamışdılar və yalnız bundan sonra avtomobil yerindən tərpənmişdi. Bu maşının qəzaya uğraması ehtimalı hətta sıfıra bərabər olsa da, yüksək ranqlı sərnişin arxa oturacaqda belə qaydalara uyğun əyləşməyi yaddan çıxarmamışdı. Yəqin amerikalı səfirin heç ağlına belə gəlməmişdi ki, avtomobildə başqa formada da oturmaq olar.
Dünya Bankı: Azərbaycanda min nəfərə düşən avtomobillərin sayı Avropaya nisbətən 7-8 dəfə az olsa da, qəzaların sayı 5-10 dəfə çoxdur.
Azərbaycanlı jurnalistlərin marağını başa düşmək çətin deyil. Dünya Bankının məlumatına görə, Azərbaycanda hər min nəfərə düşən avtomobillərin sayı Avropaya nisbətən 7-8 dəfə az olsa da, qəzaların sayı 5-10 dəfə çoxdur. Ölkədə hər ay təxminən 100 nəfər qəzada həlak olur, 200 nəfər əlillik qazanır. Hesabatı hazırlayanlar hesab edir ki, qəzaların əsas səbəbi sürücülərin və sərnişinlərin məsuliyyətsizliyidir. Sükan arxasında mesaj yazan, kəmər taxmağı özünə sığışdırmayan, yavaş sürməyi zəiflik hesab edən sürücüləri hesabat müəllifləri “düşüncəsiz insanlar” adlandırıblar. Qəza baş verəndə isə artıq gec olur.
Statistikaya əsasən, qəzada həlak olanların əksəriyyəti ailə başçıları, başqa sözlə, ailənin işləyən üzvləridır. Onların həlak olması əksər hallarda ailənin birdən-birə yoxsullaşmasına, ailə üzvlərinin həyat tərzinin ağırlaşmasına səbəb olur. Obrazlı desək, yol hərəkəti qaydalarına əməl etməyi, kəmər taxmağı özünə sığışdırmayan, qəzaya səbəb olaraq özü də həlak olan insanların ruhu dilənçi vəziyyətinə düşən, gələcəyini itirən ailə üzvləri qarşısında xəcalətli qalır.
Azərbaycanda yol qəzalarını necə azaltmaq olar?
Azərbaycanda yol qəzaları ilə bağlı araşdırma aparan ekspertlər hesab edir ki, indiki halda yol qəzalarının sayının azaldılması yalnız 2 prosesin paralel həyata keçirilməsi sayəsində mümkündür: cərimələrin məbləğinin artırılması və maarifləndirmə işinin gücləndirilməsi.
Ölkəmizdə cərimələrin məbləği son illər kifayət qədər artırılıb. Bir neçə qayda pozuntusuna yol verən orta statistik sürücü aylıq qazancının 20 faizinə qədərini cərimələrə sərf etməli olur. Ancaq müşahidələr göstərir ki, son vaxtlar cərimə məbləğlərinin kifayət qədər yüksəldilməsi, hər tərəfdə kameraların quraşdırılması belə, qəzaların sayını hiss olunan dərəcədə azaltmayıb. Yenə hələ də onlarla insan yüksək sürətin, kobud qayda pozuntusunun, spirtli içkinin qurbanı olur.Deməli, Azərbaycanda ikinci proses, yəni maarifləndirmə işi hələ istənilən səviyyədə deyil. Təsadüfi deyil ki, Metyu Brayza peşəkar sürücünün idarə etdiyi, üstəlik müşayiət olunan zirehli avtomobilə əyləşən kimi təhlükəsizlik kəmərini bağlamışdı, hətta arxada otursa belə.
Heç şübhəsiz, yaşayıb böyüdüyü mühitdə güclü maarifləndirmə işləri yol-hərəkəti qaydalarına əməl etməyin vacib olduğunu səfirin şüuruna bir ehkam kimi yeridib.
Maarifləndirmə işləri adətən uşaqlar və böyüklər üçün fərqli formada aparılır. Uşaqlar yol-hərəkəti qaydalarını bağçada, məktəbdə və nəhayət, evdə öyrənməlidirlər. Müəllimlər, valideynlər uşaqlara həm piyada, həm sürücü, həm də sərnişin olaraq hansı qaydalara əməl etməli olduqlarını təkrar-təkrar başa salmalıdırlar. Böyüklər üçün isə maarifləndirmə işləri əsasən sosial reklamlar vasitəsilə aparılır.
Dünya ölkələrində insanların maariflənməsində sosial reklamlara böyük diqqət yetirirlər. Hesab olunur ki, insanda kəskin psixoloji izlər buraxan reklamlar insanların alt şüuruna yeriyir, orda özünə möhkəm yer tapır. Bugünki həyatımızda böyüklərin maariflənməsinə daha kəskin ehtiyac olduğunu nəzərə alaraq, bu sahəyə diqqətlə nəzər salaq.
Sürücünü vətəndaşa çevrilməyə kömək edən vasitə – sosial reklam
Rusiyanın Kalininqrad vilayətində yollarda “qoruyucu mələklər” gəzir. Onlar ağ paltarda, əlləri-ayaqlı bintli, qanlı paltarda küçələrdə gəzir, hamıya sürücü səhlənkarlığının “qurbanı” olduqlarını danışırdılar.
İnsan hər gün gördüyü, eşitdiyi təbliğata uyğunlaşır, hətta ona səmimi qəlbdən inanmasa belə.
Statistiklərin hesablamalarına görə, istənilən mal, fəaliyyət və ya təbliğat materialları reklam olunduqda, xüsusilə TV və küçə posterləri vasitəsilə mütəmadi nümayiş etdirildikdə onunla maraqlananların sayı kəskin şəkildə artır. Reklamın məqsədi malın müştərilərinin artırılması, həmçinin ictimaiyyətin diqqətini hansısa ümumi problemə yönəltmək ola bilər. Sonuncu məqsəd sosial reklamın mahiyyətini təşkil edir.
Yollarda avtoqəzaların sayı artır, sürücülər göstərilən sürətlə sürmək istəmirlər, piyadalar yolu təyin olunmuş yerlərdən keçmirlər, sərnişinlər kəmər bağlamaqdam imtina edirlər. Əlbəttə, belə neqativ hərəkətlərlə mübarizə üçün müxtəlif idarəetmə strukturları mövcuddur, proseslər qanunlarla tənzimlənir, onlara nəzarət edilir. Ancaq nəzərə almaq lazımdır ki, dövlət orqanları, qanunlar nəticələri aradan qaldırır, cəzalandırır, onun qarşısını isə tam ala bilmir.
Sürət həddini aşaraq qəzaya düşən sürücünün həyatını heç kim geriyə qaytara bilməz, yalnız sürücünün öz şüuru onun belə hadisəyə düçar olmasının qarşısını ala bilərdi.
Bu problemi sosial reklam həll edə bilər – onun mahiyyəti hər bir insanda vətəndaşlıq hissini, məsuliyyət anlayışını daim “saz” vəziyyətdə saxlamaqdan ibarətdir.
Xarici ölkələrin əksər televiziya kanallarında sosial reklam çəkilişi musiqi klipi və ya serial çəkilişi kimi aktualdır. Hətta bu, məcburi öhdəlik kimi onların üzərinə qoyulur. Xarici kanallarda pik saatlarında yol qəzası, onun faciəvi sonluğuna həsr olunmuş qısa roliklərin verilməsi adi haldır.
Küçələrdə, ictimai obyektlərdə getdikcə daha kreativ sosial reklamlar tətbiq olunur. Amerikada bir sıra ştatlarda magistral yolun kənarında qəzaya uğramış, ətrafında qan, parçalanmış insan əzaları olan əzilmiş avtomobilə, üzəri mələfə ilə örtülmüş piyada meyidinə, əzilmiş maşında həlak olan əzizlərinin üzərində hönkürən sürücüyə rast gəlmək mümkündür. Yalnız tam yaxına gəldikdə bu qəzanın həqiqi olmadığı, “incəsənət əsəri” olduğunu başa düşmək mümkündür. Ancaq belə “əsərlər” dərhal öz təsirini göstərir – psixoloqlar təsdiq edir ki, dəhşətli mənzərə ilə qarşılaşan sürücülər avtomobili daha ehtiyatla sürürlər, polislər isə belə “abidələrdən” sonra ən azı 50-100 kilometr məsafədə heç kimin sürətlə sürmədiyini deyirlər. Göründüyü kimi, qeyri-adi bir sosial poster bir kilometrdən bir qoyulan radarlardan daha effektiv təsir edir.
Azərbaycanda da “Reklam haqqında”qanuna əsasən hər bir şirkət ümumi reklam büdcəsinin 5 faizini sosial reklama sərf etməlidir. Ancaq ekspertlər deyir ki, indi ölkədə sosial reklamlar ümumi reklam bazarının heç 1 faizini də əhatə eləmir. Şirkətlər nəinki bu işə pul sərf etmək istəmir, heç adi kommersiya reklamlarının peşəkar səviyyədə hazırlanmasına lazımı qədər maliyyə ayırmır. Sosial reklam isə kreativlik, üzə çıxarılan problemin həllinə, insanların düşüncəsinə dəyişiklik etməyə qadir olan qeyri-adi yanaşma tələb edir. Belə reklamı primitiv üsullarla ərsəyə gətirmək mümkün deyil.
Az da olsa, son illər Azərbaycanda sosial reklamlara maraq artır - ancaq hələlik yalnız dövlət qurumları səviyyəsində. Yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı hələlik yalnız Dövlət Yol Polisi idarəsinin sosial reklamlarına rast gəlmək mümkündür. Hərçənd, müsbət hal olsa da, bu reklamları dolğun sosial reklam hesab etmək mümkün deyil. Primitiv çağırışlarla, “olmaz”, “lazımdır” kimi tələblərlə müşayiət olunan reklamın kiməsə təsir etdiyini düşünmək çətindir.
Ekspertlər hesab edir ki, sosial reklamın “gücü” onun kreativliyində, qeyri-adiliyindədir. Eyni zamanda sosial reklamın təsirli olması üçün o, həqiqəti, hamının rastlaşa biləcəyi faktı əks etdirməlidir. Dünyada reklam bazarında tanınmış şirkətlərin bir şüarı var - ölüm təhlükəsindən danışan sosial reklamlar ölümün özü qədər dəhşətli olmalıdır, insanlarda qorxu yaratmalıdır, pis yuxu kimi yadda qalmalıdır. Məhz belə reklamlar effektiv ola bilər, qəzaların azalmasına inzibatı cəzalardan, texniki izləmə qurğularından daha çox kömək edər.
Bu amilləri nəzərə alaraq, Azərbaycanda yol-küçə mədəniyyətinə həsr olunmuş sosial reklamlara diqqətin artırılması vacıbdir. Yəqin ki, aşağıdakı təkliflərin reallaşması bu sahədə müəyyən irəliləyişlərə kömək edərdi:
-Hər bir televiza kanalı avtomobil qəzaları, piyada məsuliyyəti ilə bağlı mütəmadi sosial reklam çəksin və efirində nümayiş etdirsin.
-Prodakşnlar arasında sosial reklam müsabiqəsi keçirilsin, qalib layihənin yerli TV-lərdə efirə çıxışı təmin edilsin.
-Yerli icra orqanları daha çox qəza təhlükəsi olan yollarda sosial reklam posterləri yerləşdirsinlər.
-Məktəblərdə yol hərəkəti qaydaları tədris olunsun, imtahanlar keçirilsin, praktiki məşğələlər üçün şərait yaradılsın. Məsələn, Bakı şəhəri 46 saylı məktəbdənkənar təlim-tədris mərkəzində avtoşəhərcik məhz belə məkandır.
-Cərimə blanklarında, ödəniş kağızlarında, dəftərxana ləvazimatında, xüsusilə, məktəblərdə istifadə olunan dəftərlərin, gündəliklərin üzərində uyğun sosial reklamlar yerləşdirmək mümkündür. Məsələn, dəftərin üzərində hansısa bankın reklamını yerləşdirmək əvəzinə, avtomobil yolunu necə keçmə haqqında maraqlı şəkil qoymaq cəmiyyət üçün daha faydalı olardı.
Yaşadığımız dövrdə sosial reklamların əhəmiyyəti getdikcə artır. Hətta inkişaf etmiş ölkələrdə gündəlik məişət mallarının, müxtəlif məhsulların, cürbəcür dərmanların reklamı da maarifləndirici çalara malikdir. Arzu edərdik ki, heç olmasa, gurultulu adlar daşıyan, əslində isə bazardakı avtomobil markalarının reklamı ilə məşğul olan avtomobil verilişlərində yol-hərəkəti qaydalarını təbliğ edən bölmələr olsun. Axı bunun üçün heç xərc də lazım deyil.
Yazı Baş Dövlət Yol Polisi İdarəsinin, Azərbaycan Mətbuat Şurasının və “Polisə dəstək” İctimai Birliyinin “Yol polisi, təhlükəsiz yollarımız” mövzusunda birgə keçirdikləri müsabiqəyə təqdim olunmaq üçün verilir
Samir Paşayev