Modern.az

Rafael Hüseynovdan erməni deputatlara MƏSLƏHƏT

Rafael Hüseynovdan erməni deputatlara MƏSLƏHƏT

Təhsil

25 İyun 2014, 09:56


Avropa Şurası Parlament Assambleyasının 24 iyun iclasında “Mətbuatda və mətbuat vasitəsi ilə zorakılıq” adlı məruzə müzakirə olunub. Deputatlar televiziya və radiolarda, internetdə, yazılı mətbuatda cəmiyyətin müxtəlif təbəqələrinə təzyiqdən, nifrət yayan, pornoqrafiyanı tirajlayan, cəmiyyətin müxtəlif təbəqələri arasında narazılıqlar, vahimə, kin doğuran, uşaqların, gənc nəslin tərbiyəsi və yetişməsinə zədələyici təsir göstərən bəd təmayüllərdən bəhs ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrdə ölkə jurnalistikasının durumuna toxunaraq deyib ki, problemlər daha çox peşəkarlıq məsələsi ilə bağlıdır: “Həm də bu təkcə Azərbaycana deyil, postsovet məkanında olan əksər müstəqil dövlətlərin jurnalistikasına xas olan xüsusiyyətdir. Yəni məqaləsini oxuyursan, hazırladığı proqramlara tamaşa edirsən və aydın hiss olunur ki, bu şəxsin jurnalistikaya aidiyyəti yoxdur. Lakin elan edir ki, 10-15 ildir mətbuatdadır. Demək, ilkin şərtlərdən biri jurnalistikanın peşəkarlıq səviyyəsinin artırılması səmtində işlərin görülməsidir. Azərbaycanda əsas ali təhsil ocaqlarından sayılan Bakı Dövlət Universitetində də, bir sıra özəl universitetlərdə də jurnalistika fakültələri var. Amma hər il onların hamısının bir yerdə buraxdığı məzunların sayı 100-dən artıq olmaz. Təbii ki, bunların heç də hamısı fəaliyyətlərini peşəkar jurnalist kimi davam etdirməyərək tamam başqa sahələrə üz tutur. Bu gün Azərbaycanda nəşr olunan qəzetlər, informasiya agentlikləri, radio və televiziyalarda isə üst-üstə 10 minə yaxın bilavasitə jurnalist işi görən şəxs çalışır. Onların böyük əksəriyyəti peşəkar təhsil almayıb, xüsusi treninqlər keçməyib və sırf həvəskarlardır. Kütləvi həvəskarlıq, bir axına çevrilən qeyri-peşəkarlıq isə təhlükəlidir və xeyli fəsadlar da doğurur. Məhz belə qeyri-peşəkarlıq mətbuatda peşə etikasının sistemli şəkildə pozulmasına, reket jurnalistikasına, jurnalistin cəmiyyətdə nüfuzunun aşağı düşməsinə, jurnalist sözünün kəsərinin azalmasına gətirib çıxarır.

Muzdlu, görünən və görünməyən müəyyən siyasi qüvvələr, oliqarxlar, hətta xarici qüvvələr tərəfindən idarə olunan jurnalistika da var. Ona görə də hansısa haqqı tapdalanmış bir jurnalist problemi ortaya çıxanda buna son dərəcə diqqətlə yanaşılmalı, hər konkret hal ayrıca araşdırılmalıdır. Yoxsa bunları ucdantutma jurnalistikaya təzyiq kimi dəyərləndirmək olmaz. Lakin qəribədir ki, bəzən daha çox hay-küy, haqqın tapdalanması təəssüratı elə bunların ətrafında yaradılır. Azərbaycandakı jurnalistikanı və bu sahənin vəziyyətini mən Azərbaycanla eyni vaxtda müstəqilliyini bərpa etmiş bir çox ölkələrlə müqayisə edəndə yerlə göy arasındakı qədər fərq görürəm. Amma mənim istədiyim odur ki, Azərbaycanda jurnalistikanın, mətbuatın səviyyəsini, ona münasibəti bütün istiqamətlərdə Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələrlə müqayisə edə bilim. Lakin məgər bu ölkələrdə həmin sahələrdə qüsurlar yoxdurmu? Problemlər hamımızda var. Əsas odur ki, onları görək, görə bilək və vaxtında aradan qaldırmağa çalışaq”.

AzərTAc-ın məlumatına görə, müzakirələrdə Ermənistan nümayəndə heyətinin də 3 üzvü çıxış edib, əsas mövzunu bir kənara qoyaraq Azərbaycanın əleyhinə danışıblar. Rafael Hüseynovun ermənistanlı deputatlara cavabı belə olub: “Biz bu gün burada mətbuatda olan, mətbuat vasitəsilə həyata keçirilən təzyiqlərdən, ictimai sözdəki basqılardan bəhs edirik. Bu istənilməz təmayüllərin qarşısını necə almaq barədə düşünürük. Erməni həmkarlarımız isə özlərinin assambleyanın üslubuna və siyasətinə tam zidd olan çıxışları ilə əslində zorakılığın, təzyiqin, təcavüzün daha bir nümunəsini ortaya qoyurlar. Ermənistanlı deputatların dilindən burada növbəti dəfə Azərbaycan xalqı və dövləti əleyhinə böhtanlar, yalanlar, təhriflər səsləndirilir. Əlbəttə, həqiqətlə heç bir əlaqəsi olmayan bu yalanların, böhtanların, saxtakar ifadələrin hamısını qətiyyətlə rədd edirəm. Mən erməni deputatlara məsləhət görərdim ki, gücsüzlüklərinin daha bir ifadəsi olan bu cür aqressivliklərinə son qoysunlar. Onların nifrətlə dolu belə çıxışları bu gün inkar etdiyimiz, müzakirəsini apararaq aradan qaldırılmasına çalışdığımız təzyiqin və zorakılığın başqa bir təzahürüdür.

Azərbaycan prezidenti İlham Əliyev bu gün assambleyadakı nitqində bütün ermənilərə və Ermənistana üz tutaraq son dərəcə vacib və müdrik bir fikir söylədi. Azərbaycan prezidenti tövsiyə etdi ki, Ermənistan gələcəkdə normal bir dövlət və xalq kimi yaşamaq, firavan olmaq istəyirsə, bütün istiqamətlərdə təcavüz siyasətinə son qoymalı, düz yola qayıtmalıdır. Yaxşı olardı ki, prezident İlham Əliyevin bu haqq sözləri və nəsihətini bugünkü aqressiv çıxışlar edən erməni deputatları da yaxşı yadda saxlasınlar. Çünki bütün zorakılıq və təcavüzlər nəticə etibarilə onu törədənlərin başında çatlayır”.(mediaform.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu