Modern.az

Bələdiyyələrin fəaliyyət növləri artırılır: onlar balıqçılıq və arıçılıqla da məşğul ola biləcək

Bələdiyyələrin fəaliyyət növləri artırılır: onlar balıqçılıq və arıçılıqla da məşğul ola biləcək

Təhsil

25 İyun 2014, 12:40


Bələdiyyələrə balıqçılıqla məşğul olmağa icazə veriləcək. Bundan sonra bələdiyyələr öz ərazilərində balıqçılıq təsərrüfatı yarada biləcəklər. “Balıqçılıq haqqında” Qanuna edilən dəyişiklikdən sonra yerli özünüidarəetmə orqanlarına balıqçılıqla məşğuliyyət rəsmiləşəcək.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev Modern.az-a bildirib ki, əslində yerli özünüidarəetmə orqanlarına, yəni bələdiyyələrə öz təsərrüfatlarını yaratmağa icazə verilir.

Deputat dediyinə görə, bələdiyyələr idman, təhsil, mədəniyyət, yaşıllıq, məktəbdənkənar müəssisələr yarada bilər, bununla yanaşı təsərrüfat, eləcə də balıqçılıqla məşğul ola bilərlər. “Bələdiyyələr nəinki balıqçılıq, hətta arıçılıq, taxılçılıqla da məşğul ola bilər. Çünki bələdiyyələrin torpaq sahələri var. Torpaq sahələrindən səmərəli istifadə etmək üçün bələdiyyə orada özünün hüquqi şəxsini yaradaraq, onun vasitəsilə torpağının bir hissəsini icarəyə verir. Amma icarədən çox az miqdarda vəsait əldə edir. Halbuki həmin torpaqda təsərrüfatla məşğul olduqda bələdiyyənin büdcəsinə xeyli miqdarda pul gələr. Bütün bunlar qanunla tənzimlənir və icazə verilir”.

“Balıqçılıq haqqında” Qanun”na edilən dəyişiklikdən sonra yerli özünüidarəetmə orqanlarına balıqçılıqla məşğuliyyət rəsmiləşəcəyini deyən Tahir Rzayev bələdiyyələrin vətəndaşla şərikli balıq yetişdirməyinin də mümkün olacağını bildirib.

“Bələdiyyə ərazisində hər hansı bir şəxs balıqçılıqla təsərrüfatı götürübsə və onu idarə edə bilmirsə bələdiyyə ora müəyyən vəsait qoymaqla həmin insanla şərikli balıq becərə bilər həmin satışdan hesabına pul yığa bilər. Yəni bütün bunlar bələdiyyələrlə bağlı qanunun hamısında var. Məsələn, “Təhsil haqqında” Qanunu qəbul edəndə orada maddələr var idi ki, bələdiyyələr bu sahədə müəyyən vəzifələri həyata keçirə bilərdilər. “Bədən tərbiyəsi və idman haqqında” Qanunda da bələdiyyələrlə bağlı maddə var. Ümumiyyətlə, son illər qəbul olunan qanunların əksəriyyətində bələdiyyələrə müəyyən vəzifələr, hüquqlar verilib. Ancaq bələdiyyələrin özlərinin bununla bağlı marağı və vəsaiti yoxdur”.

Bu gün çox az sayda bələdiyyənin şəxsi təsərrüfatının olduğunu deyən millət vəkili konfranslarda bununla bağlı bələdiyyələrə irad tutulduğunu söylədi. Bu günə kimi heç bir bələdiyyənin balıqçılıq təsərrüfatı olmadığını da etiraf edən deputatın sözlərinə görə, bunun üçün bələdiyyə ərazilərində xüsusi təsərrüfatlar yaradılmalıdır.  

“Bu yaxınlarda bələdiyyələrlə bağlı konfransda yerli özünüidarə orqanlarının şəxsi təsərrüfatlarını yaratmamaqda qınadılar. Onlara irad tutdular ki, niyə bələdiyyələr yalnız öz torpaqlarını icarəyə verməklə məşğuldur. Nə üçün onlar, öz təsərrüfatlarını yaratmaqda maraqlı deyillər? Onu da deyim ki, bu günə kimi heç bir bələdiyyənin balıqçılıq təsərrüfatı yoxdur. Yəqin ki, qanun edilən dəyişiklikdən sonra bələdiyyələr təsərrüfatın bu növünə maraq göstərəcəklər”.

 

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu