“Müsavat Partiyasının qurultayının təxirə salınması bizim günahımız deyil. Buna görə məsuliyyəti Bakı Şəhər İcra Hakimiyyəti daşıyır”. Bunu Modern.az saytına Müsavat başqanının müşaviri Səxavət Əlisoy partiyanın qurultayının sentyabra qədər təxirə salınmasına münasibət bildirərkən deyib.
O bildirib ki, Müsavat qurultayı keçirmək üçün texniki baxımdan tam hazırdır. Onun sözlərinə görə, icra hakimiyyəti müvafiq yer ayırmayandan sonra Müsavatın başqa yolu qalmır. S. Əlisoy qurultayın gecikməsinin Müsavat Partiyasının nüfuzuna xələl gətirməyəcəyini də bildirib: “Bu məsələdə Bakı Şəhər İcra Hakimiyyəti nüfuzdan düşür. Mən əvvəllər bildirmişəm ki, Müsavat Bakı meriyasının Əmircan qəsəbəsində ona ayırdığı məkanda qurultay keçirə bilər. Mən öz təklifimi demişdim. Amma Müsavatda partiyadaxili demokratiya var. Burada söhbət səs çoxluğundan gedir. Ona görə də təklifim həyata keçmədi. Çünki çoxluq başqa qərar verdi”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da qurultay məsələsinə aydınlıq gətirib. O da qurultayın təxirə salınmasına görə icra hakimiyyətini təqsirləndirib: “Təəssüf ki, Bakı Şəhər İcra Hakimiyyəti bizim müraciətləri uzun müddət cavablandırmadı. Bakı meriyası bizə müvafiq yer ayrılmaması barədə məktub göndərib. Ona görə də qurultay təxirə salındı. İyun ayının 28-də Müsavat Partiyasının məclisi keçiriləcək. Bu məclisdə qurultayın keçirilməsi üçün daha təsirli yolların axtarılması müzakirə olunacaq. Hakimiyyət isə dediyindən dönmək niyyətində deyil”.
Qeyd edək ki, BŞİH Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Evini qurultay keçirmək üçün təklif etsə də, Müsavat bununla razılaşmayıb.
Aqşin Kərimov