Modern.az

Qrant müqavilələrinin notarial təsdiqi ləğv oluna bilər

Qrant müqavilələrinin notarial təsdiqi ləğv oluna bilər

Təhsil

25 İyun 2014, 19:20


Bu gün Pezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  “Hüquq və Monitorinq” Komissiyasının genişləndirilmiş tərkibdə toplantısı keçirilib.

Modern.az xəbər verir ki, “Hüquq və Monitorinq” Komissiyası genişləndirilmiş iclasında QHT-lər, diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri ilə qrantların qeydiyyatı sahəsində çətinliklərin aradan qaldırılmasına dair Təkliflər Paketini müzakirə edib.

Toplantıda Komissiya üzvləri ilə yanaşı QHT-lərə Dövlət Dəstəyi Şurasının, Ədliyyə Nazirliyinin, Mərkəzi Bankın, Avropa Birliyi, ABŞ, Böyük Britaniya, Fransa  səfirliklərinin, ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, USAİD, Kounterpart İnterneşnl Azərbaycan nümayəndəliyi,  Vord Vijn, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, Fridrix Nauman Fondunun, Konard Adenauer Fondunun, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Yerli Bacarıqların Artırılması Layihəsinin, SEDA layihəsinin   nümayəndələri, aparıcı yerli QHT-lərin nümayəndələri iştirak ediblər.

 “Hüquq və Monitorinq” Komissiyasının sədri Əliməmməd Nuriyev bildirib ki, toplantının keçirilməsində məqsəd QHT qanunverciliyinə sonuncu dəyişikliklərin, əsasən də qrantların qeydiyyatı yaratdığı ilə bağlı yaranmış narahatlıqların həlli yollarını müzakirə etməkdir.

Ə.Nuriyev qeyd edib ki, Hüquq və Monitorinq Komissiyası qanunvericiliyə son dəyişiklilərin tətbiqi ilə bağlı müəyyən müşahidələr aparmış, QHT-lərlə görüşlər keçirmişdir. Eyni zamanda Komissiyaya bir sıra qeyri-hökumət təşkiatlarından da məlumatlar daxil olmuşdur.  Bütün bu müşahidələr, görüşlər və məlumatlar əsasında  toplanmış informasiya təhlil edilərək yaranmış çətinliklərin aradan qaldırılmasına yönəlik  Təkliflər Paketi hazırlanıb.

Təkliflər Paketi qrant müqavilələrinin qeydiyyat qaydalarının təkmilləşdirilməsini, Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"nın, Müqavilələrin notarial təsdiqi, Qrant alınmasına (verilməsinə) dair müqavilələrin qeydiyyatı ilə bağlı bildirişlərin verilməsi, inzibati cərimələrin azaldılması, “Dövlət rüsumu haqqında” qanununa  əlavə və dəyişikliklərlə bağlı xeyli məsələləri əhatə edir.

Təklif  Paketi haqqında geniş məlumat verən Ə. Nuriyev sənəddə qrant müqavilələrinin sürətlərinin notarial qaydada təsdiqinin ləğvi, qrant müqaviləsinin surətinin qrant alan təşkilatların özləri tərəfindən təsdiqlənməsi,  müqavilə xarici dildə olduqda onun məzmunu barədə zəruri məlumatların verilməsi ilə bağlı təklifləri xüsusi qeyd edib. O, bildirib ki, təkliflərdə qrant müqaviləsi barədə yanlış məlumat verməyə görə inzibati sanksiyanın müəyyən edilməsi də yer alıb.

Ə. Nuriyev həmçinin bidlib ki, yaxın vaxtlarda qrantların elektron qeydiyyatın keçildikdə  qrantların qeydiyyat proseduru xeyli asanlaşacaq.

Müzakirələr zamanı müxtəlif təkliflər irəli sürüblər.

Müzakirələrdə həmçinin, “Hüquq və Monitorinq” Komissiyasının tərkibinin Ədliyyə Nazirliyi  və Mərkəzi Bankın nümayəndələri və QHT ekspertləri hesabına genişləndirilməsi və bütün narahatedici məsələlərin mərhələlərlə peşəkarcasına müzakirə edilməsinin məqəsdəyuğun olması bildirilib.

Təkliflərə münasibət bildirən Ədliyyə Nazirliyinin rəsmisi Rəhim Rəhimov bildirib ki, Nazirlik  Komissiya ilə sıx işləyir, Təkliflər Paketində çox faydalı təşəbbüslər var, bunlar müzakirə oluna bilər. Bununla belə Ədliyyə Nazirliyi qanunu icra edən qurum kimi qanunun tətbiqi prosesində problemlərin olmamasına çalışır.

Mərkəzi bankın təmsilçisi Pərvin Əhmədov qeyd edib ki, Mərkəzi Bank yalnız qanunu icra edir. Mərkəzi Bank QHT-lər üçün problemlər yaranmasını istəmir və problemlərin həlli üçün əməkdaşlığa açıqdır.

Sonda bildirilib ki, “Hüquq və Monitorinq” Komissiyası QHT-lərin fəaliyyətindəki bütün çətinliklərin birgə müzakirələr və dialoq yolu ilə aradan qaldırılmasında maraqlıdır və bu cür müzakirələr və təhlillər davamlı xarakter daşıyacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu