Modern.az

İlham Əliyevin ATƏT PA-da ÇIXIŞI: “Avropa ilə əməkdaşlıq prioritetdir”

İlham Əliyevin ATƏT PA-da ÇIXIŞI: “Avropa ilə əməkdaşlıq prioritetdir”

Təhsil

28 İyun 2014, 15:02

“Demokratik təsisatların qurulması bizim əsas vəzifələrimiz idi. Siyasi və iqtisadi islahatların həyata keçirilməsi ölkəmizdə sabitlik yaradıb. Demokratik təsisatlar artıq Azərbaycanda tam şəkildə fəaliyyət göstərir”.  Bunu ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyasının açılış mərasimindəki çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

 Dövlət başçısı qeyd edib ki, Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin olunub, İnternet azaddır, ölkə əhalisinin yarıdan çoxu İnternet istifadəçisidir: “Biz qısa müddətdə müasir, özünə arxalanan dövlət yarada bildik. Bununla belə, yaxın gələcəkdə bir çox işlər görməliyik. ATƏT və digər strukturlara qurduğumuz iş birliyi planlarımızın həyat keçirməyə imkan yaradacaq”. 

İ. Əliyev ölkə iqtisadiyyatının vəziyyətinə də toxunub. “Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, yoxsulluq 5 faizə düşüb. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatına 170 milyard dollar sərmayə qoyulub”-deyə  İlham Əliyev söyləyib.

Dövlət başçısı qeyd edib ki, hökumət Azərbaycan iqtisadiyyatını şaxələndirmək istiqamətində çalışır. O, Azərbaycanda təhsil sahəsində sərmayələrin artırılacağını vurğulayıb: “Təhsil radikalizmə, ekstremizmə, ksenofobiyaya qarşı mübarizə aparmaq sahəsində əhəmiyyətlidir”.

Prezident İlham Əliyev Azərbaycanda etnik, dini ayrı-seçkilik tətbiq olunmadığını nəzərə çatdırıb: “Biz bu gün dünyada təcrid edilmə, ayrı-seçkilik görürük. Azərbaycan bu sahədə nümunəvi ölkədir”.

Dövlət başçısı çıxışında vurğulayıb ki,  “Avropa ilə əməkdaşlıq Azərbaycan üçün prioritetdir”. Prezident qeyd edib ki, Azərbaycanın xarici siyasətində ən böyük uğurlarından biri 2 il əvvəl BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi olub: “Bu, ölkəmizin ən böyük siyasi qələbəsidir”.

Azərbaycanın hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini bildirən prezident İ. Əliyev deyib ki, əsas məsələ beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsidir: “BMT Təhlükəsizlik Şurasının elə qətnamələri var ki, bir neçə saat ərzində həyata keçirilir, elə qətnamələri də var ki, 20 ildir, kağız üzərində qalıb. Azərbaycana münasibətdə də belə qətnamələr var və bu, Azərbaycan xalqını narahat edir. Bunun nəticəsində həmin beynəlxalq təşkilatlara etimad azala bilər. Biz 20 ildir, erməni təcavüzündən əziyyət çəkirik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və 20 ildir, erməni işğalı altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər. Onların törətdikləri Xocalı soyqırımı dünyanın bir sıra ölkəsində tanınıb”.

BMT-nin, ATƏT-in Azərbaycanın işğal olunmuş torpaqları, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlarına Ermənistanın məhəl qoymadığını söyləyən dövlət başçısının sözlərinə görə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatların da məhəl qoymur: “Həmsədrlər bildirirlər ki, status-kvo dəyişməlidir. Yəni torpaqlar işğaldan azad edilməlidir. Ermənistan buna məhəl qoymur. Münaqişənin ərazi bütövlüyünə əsaslanaraq həlli ilkin şərtdir. Öz müqəddəratını etməyə gəlinə, Helsinki prinsiplərinə görə bu, ərazi bütövlüyünə zidd olmamalıdır. Ermənilər bir dəfə öz müqəddəratlarını müəyyən ediblər, niyə ikinci dəfə Azərbaycan torpaqlarında ikinci dövlət yaratmalıdırlar? Axı indiki Ermənistan da Azərbaycan ərazisində yaradılıb”.

 ATƏT-in faktaraşdırıcı missiyalarının işğal olunmuş ərazilərdə tarixi-mədəni abidələrinin dağıdıldığının əksini tapdığını nəzərə çatdıran prezident İ. Əliyev vurğulayıb ki, etimadın bərpa olunması üçün Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalıdır”.

Azərbaycan prezidenti enerji layihələrində Bakının mövqeyinə bir daha toxunub.

İ.Əliyevin sözlərinə görə, təhlükəsizlik enerji məsələsindən ayrı təsəvvür oluna bilməz”. Dövlət başçısı qeyd edib ki, Azərbaycan enerji resursları istehsal edən ölkə kimi bir marşrutdan asılı deyil: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan Cənub Qaz Dəhlizinin mühüm təşəbbüskarıdır. Trans-Anadolu, Trans-Adriatik, “Şahdəniz” layihələri həyata keçirilməkdədir. Bunlar Avropanın gələcək enerji xəritəsini tamamilə dəyişəcək. Əslində enerji diplomatiyası, maraqların balansı uğur üçün əsas şərtdir. Şadam ki, tərəfdaşlarımızla belə tarixi layihəni həyata keçirəcəyik”.

Prezident İlham Əliyev deyib ki, bu gün Azərbaycanda keçirilən sessiyada iştirak edənlərin ölkəmiz haqqında obyektiv məlumatlar əldə edəcəyinə, xoş təəssüratlarla ayrılacağına inanır.(APA)
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu