Gün gələcək texnologiya insanların bütün vaxtını alacaq və axmaq bir nəsil yetişəcək deyərək, Albert Enşteyn dahiliyinin tək rasionallığa söykənmədiyini əsrimizin timsalında sübut etdi. Kifir alim Hitler Almaniyasının ruhunu əks etdirən "telepatiya"sıyla qarşıdakı əsrin kifir ruhunu xarakterizə etmişdi.
Bəli, XXI əsrdə texnologiyanın inkişafı "robot insan" anlayışı gətirib leksikonumuza. Hələlik Enşteynlə bağlı qeydimdə olduğu kimi, obrazlı ifadə olan bu anlayışın deyilənə görə, yaxın gələcəkdə həqiqətə çevrilmək ehtimalı var. Hazırda eksperimental mərhələdəyik. Bunu söyləmək üçün bir çox əsaslar var. Məsələn, asılılıq halına gələn və günümüzdə aktuallığı ilə seçilən sosial şəbəkələr. "Robot insan"-da onların böyük "payı" var. Buna görədir ki, ünsiyyət böyük ölçüdə virtual çərçivəyə salınıb. Dost-tanışlar arasında canlı görüşmələr, real ünsiyyət qurmalar xeyli azalıb. Artıq gülüşlər də smaylsayağıdır.
Şüur transformasiyası getdikcə intensiv xarakter alır... İnsanlar zombiyə çevrilir.
Günahkarı kənarda axtarmağa meylli olan insan xisləti həyatın istənilən halda özünün gördüyü və dərk etdiyi kimi olmasını dərk etmir desək, yanılarıq. Sadəcə istəmir. Hər şeyi dövrün üstünə yıxır, müqaviməti yetərincə ikən, altında əzilir. Səmimiyyətsizlikdən şikayətlənib, özünün də epidemiya"ya yoluxmasını etiraf etmək istəmir. İnsan aylarla yataqda olan xəstə kimidir canlı ünsiyyətdə. Yorulur, tıncıxır. Məsələn, real həyatda ilkin tanışlıq zamanının ilk on dəqiqəsi ərzində "sosial şəbəkədən istifadə edirsən?" sualının səslənməsi artıq adiləşib. Bu da ona görədir ki, insanlar reallıqdan qaçır, səmimiyyətdən qorxur. Səmimiyyət ifadəsi eşidərkən, sanki qarşısında "Kvant nəzəriyyəsi" effekti yaranır.
Ağsaqqalsayağı qəbul edilməsin, sadəcə bir balaca nostaljiyə qapılmaq istərdim. Yadımdadır, hələ orta məktəbin ibtidai sinfində oxuyarkən yaşadığım bölgədə hər bayram öncəsi böyük canfəşanlıq yaşanardı. Yüksək hazırlıq keçirilərdi. İnsanlar kütləvi qeyd edilən Novruz və Yeni il bayramlarına bir neçə həftə qalmış geri sayıma başlardı. Bəzən bir neçə gün qalmış geri sayım saatlarla belə, ifadə olunardı. İlaxır çərşənbələrdə qalanan tonqalın üstündən atlanıb, "ağırlığını- uğurluğunu" oda tökəcək qədər optimistlik, pozitivlik vardı. Bütün bunların isə səbəbi ünsiyyət bolluğu, səmimiyyət idi. Əsrin əvvəlindən başlayaraq bayram əhval-ruhiyyəsi getdikcə tənəzzül yaşamağa başladı. Hər il daha da çılpaqlaşan ənənələrin bu duruma gəlməsinin başlıca səbəbkarı həyatımıza ildırım sürəti ilə daxil olan texnologiyadır, İnsanların virtuallığın əsirinə çevrilməsidir. Bunun nəticəsində ünsiyyətdən qaçmasıdır, səfasını texnologiyada axtarmasıdır.
Həyatda hansı mövqeyi tutmasından asılı olmayaraq insanın xarakterini formalaşdıran ən vacib xüsusiyyətlərdən biri onun vicdanıdırsa, digəri səmimiyyətidir. Əslində bu iki xüsusiyyət bir- birilə çox bağlıdır, müəyyən mənada biri digərini doğurur. Səmimiyyətini gizlədən insan öz "mən"ini kölgə altına salır. Dərk edə-edə özünü təhqir edir.
Ünsiyyətdə səmimilik qorxusu yaranıb. İnsanlar səmimi görünməkdən çəkinirlər. Bəzən hətta utanırlar. Özü olmağa qarşı sanki komplekslidirlər. Maraqlıdır, səmimiyyətindən utananlar görəsən fərqindədirmi, necə miskin varlıq olduqlarının?
Enşteynin ifadəsinin xüsusi vurğusunu özündə canlandıran insanların sayı hər dəyişən il daha da artır. Şüur "çimdiyəgəlməz" duruma yuvarlanır ? Artıq həyəcan təbilinə ehtiyac var. Həyata baxışda yaranan fəsadlar vaxt keçdikcə daha da böyüyür. Bunun nəticəsi isə bəşəriyyət üçün ağır olacaq.
Səmimi olun! Əmin olun ki, bir insana vicdan və səmimiyyətdən başqa heç bir şey öz varlığını hiss etdirə bilməz.