İyunun 30-da ATƏT PA-nın Bakıda keçirilən 23-cü illik sessiyasında Azərbaycanla bağlı mühüm sənədin qəbulu gözlənilir.
Modern.az saytı xəbər verir ki, ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü Azay Quliyevin müəllifi olduğu “ATƏT regionunda mədəni mülkiyyətin qorunması” adlı qətnamə layihəsi müzakirə olunacaq.
Qətnamə layihəsində çox mühüm müddəalar - işğal altında olan torpaqlarda yerləşən tarixi-mədəni abidələrin dağıdılması, formasının dəyişdirilməsi, özgəninkiləşdirilməsi, oğurlanması, qəsb edilməsinin pislənməsi ilə yanaşı, iştirakçı dövlətlərin bu cür hərəkətlərə yol verənlərə qarşı tədbirlər görməsi və tarixi abidələrin qorunması mexanizmlərinin təsis edilməsi kimi məsələlər qaldırılıb. UNESCO-nun və digər beynəlxalq təşkilatların siyahısında olub-olmamasından asılı olmayaraq, böyük əhəmiyyətə malik mədəni irsin qəsdən dağıdılmasının qadağan edilməsi, qarşısının alınması və bu hərəkətə görə cəza verilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi layihədə açıq qeyd edilib. Bu qətnamənin qəbul olunacağı halda işğal edilmiş ATƏT ərazilərində, o cümlədən Azərbaycanın zəbt olunmuş torpaqlarında mədəni irs nümunələrinin dağıdılması, məhv edilməsi və tarixi saxtalaşdırılmasının qarşısının alınması istiqamətində yeni bir beynəlxalq sənədin təsdiqinə nail olunacaq.
Modern.az