Milli Məclisin deputatı, ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov ATƏT Parlament Assambleyasında - iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin “Helsinki plyus 40: məqsəd - hər bir insanın təhlükəsizliyi” mövzusunda çıxış edib.
Deputat qeyd edib ki, Azərbaycan Parlamenti tədbirin yüksək səviyyədə keçməsi, Azərbaycanın və Bakının görməli yerləri ilə ATƏT PA üzvlərinin tanışlığı üçün lazımi şərait yaradacaq.
Eldar İbrahimov deyib ki, “Helsinki plyus 40: məqsəd - hər bir insanın təhlükəsizliyi” mövzusunda cənab Rodjer Vilyamsın çox maraqlı və məzmunlu məruzəsini dinlənilib və o, məruzəçiyə təşəkkürünü bildirib.
“Həqiqətən də Helsinki yekun aktının imzalanmasından sonra dünyada baş verən və genişlənən bir çox problemlər iqtisadi-ekoloji yanaşmaya yeni baxış formalaşdırıb. Bu mənada ölkələrin enerji, ərzaq və su təhlükəsizliyinin təmin edilməsi hazırda qlobal xarakter alıb. Helsinki yekun aktının 40 illiyinə hazırlıq dövründə bu problemlərin həllində ATƏT-in rolunun nədən ibarət olmasının müəyyən edilməsinin vacib olması barədə cənab Rodjer Vilyamsın təklifi ilə Azərbaycan tam razıdır. Mənim ölkəm regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində kokret işlər görür. Azərbaycan özünün neft və qaz ehtiyatları ilə qonşu ölkələrin və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhvələr verir. Ölkəmizdə aparılan uğurlu aqrar islahatlar, torpaqların xüsusi mülkiyyətə verilməsi davamlı intensifikasiya üçün əlverişli şərait yaradıb. Hazırda bir çox kənd təsərrüfatı məhsulları ilə ölkə əhalisinin tələbatı 100 faiz yerli istehsal hesabına təmin olunur və başqa ölkələrə ekoloji təmiz meyvə, tərəvəz, bitki yağı və şəkər ixrac olunur. Taxıla və südə olan tələbatın idxaldan asılılığını ləğv etmək üçün dövriyyəyə yeni torpaq sahələri cəlb olunmaqla iri təsərrüfatlar yaradılır, onlar müasir texnika və texnologiyalar, yüksək məhsuldar bitki sortları və heyvan cinsləri ilə təmin olunurlar. Bunun nəticəsidir ki, həmin təsərrüfatlarda yüksək məhsuldarlıq - hər hektardan 55 sentner buğda, 111 sentner qarğıdalı və hər inəkdən 7000-8000 kiloqram süd əldə olunur. Son vaxtlar iri və xırda həcmli soyuducu anbarların tikintisinin genişləndirilməsi, təkmil texnologiyalı emal müəssisələrinin istifadəyə verilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının itkisini xeyli azaldıb.
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində böyük rolu olan su ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə yeni su anbarları tikilir, subartezian quyularının sayının artırılması və quraqlığa davamlı bitki sortlarının əkin sahəsinin genişləndirilməsi üçün tədbirlər görülür. Su itkisinin qarşısını almaq üçün damcı suvarma üsulu şəbəkəsi genişləndirilir”.
Azərbaycanlı deputat bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsinə iqlim dəyişməsinin güclü təsir etməsini nəzərə alaraq havaya buraxılan karbon qazının(istixana qazı) miqdarını azaltmaq məqsədilə az məhsuldar malqaranı yüksək məhsuldar malqara ilə əvəz etmək, alternativ enerji mənbələrindən – su, külək, günəş enerjisindən istifadəni genişləndirmək istiqamətində işlər həyata keçirilir.
“Dünyada baş verən maliyyə böhranı bir çox ölkələrdə iş yerlərinin azalmasına səbəb olsa da Azərbaycanda son on ildə görülən tədbirlər nəticəsində 1 milyon 200 min yeni iş yerləri açılmış və bu işlər hazırda davam edir. Bunun nəticəsidir ki, son dörd ildə məşğul əhalinin sayı 4,4 faiz artmış və bu iş yerlərinin bir hissəsi əmək miqrantların payına düşmüşdür. Azərbaycan Respublikasında dinamik iqtisadi inkişaf, siyasi sabitlik və tolerantlıq ölkəmizə əmək miqrantlarının gəlməsinə maraq oyadır. Miqrasiya məsələlərinin tənzimlənməsi və miqrantların hüquqlarının müdafiəsi üçün ölkəmizdə Dövlət Miqrasiya Xidməti yaradılmış və Miqrasiya Məcəlləsi qəbul edilmişdir. Hazırda ölkədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi, yaşaması, işləməsi və miqrasiya ilə bağlı digər məsələlər bu Məcəllənin tələblərinə uyğun həll olunur. Təkcə keçən il 11.938 əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə iş icazəsi verilmişdir.
Mənim ölkəm ATƏT-in nüfuzunun artması, onun tövsiyələrinin yerinə yetirilməsi və hər bir insanın təhlükəsizliyi üçün üzv dövlətlərlə əməkdaşlığa açıqdır”.
Deputat son illər Azərbaycanda sosial - iqtisadi inkişafına dair bəzi məlumatları çox qısa formada həmkarlarının nəzərinə çatdırıb: “Hazırda Azərbaycan Respublikasının strateji valyuta ehtiyatı 50 milyarddan çoxdur və ölkənin xarici borcunu 10 dəfə üstələməklə ümumi daxili məhsulda xüsusi çəkisinə görə dünyada ilk 20-likdədir. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, orta aylıq əmək haqqı 5,6 dəfə, pensiya 9,2 dəfə artıb. Hazırda yoxsulluq səviyyəsi 44 faizdən 5,3 faizə düşmüş, işsizlik isə 5 faizdir Ölkə iqtisadiyyatına 170 milyard dollardan çox investisiya qoyulub ki, bunun da 74 faizi qeyri-neft sektoruna yönəlib. 2013-cü ildə ümumi investisiyanın 62 faizi daxili investisiyalar hesabına olub. Bunun nəticəsində Azərbaycan indi bir çox xarici ölkələrin(Türkiyə, Gürcüstan və s.) iqtisadiyyatının inkişafına milyardlarla investisiya qoyur, sosial obyektlər tikib hədiyyə edir. Respublikada iqtisadiyyatın tamamilə yeni sahələri – hərbi və kosmik sənaye sahələri yaradılıb. 2013-cü ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki Azerspace-1 orbitə çıxarılmış və ikinci peykin tikintisinə başlanılıb. Müasir və innovasiyalı texnologiyalarla təchiz olunmuş bir çox yeni texnopark sənaye obyektləri, emal müəssisələri, heyvandarlıq kompleksləri istifadəyə verilmiş və bu istiqamətdə işlər davam edir.
2003-2013-cü illər ərzində ölkədə 2000 məktəb, 500 xəstəxana, 35 olimpiya mərkəzi tikilib və ya əsaslı təmir olunub. Ölkənin hər yerində böyük quruculuq və abadlıq işləri gedir. Bütün bu uğurlar hörmətli Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə əldə edilib”.
Modern.az