Rusiya paytaxtının Bryulevo rayonunda Moskva şəhər sakini, 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov bu iş üzrə günahkar olmadığını deyib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün Moskva şəhər məhkəməsində həmin iş üzrə məhkəmə prosesi başlayıb. Prokurorun ittiham aktını elan etməsindən sonra Orxan Zeynalov deyib: “Yox, mən günahkar deyiləm”.
İstintaqın versiyasına görə, 2013-cü il oktyabrın 10-da sərxoş vəziyyətdə olan Orxan Zeynalov əhəmiyyətsiz səbəbi bəhanə edərək 25 yaşlı Moskva sakini Yeqor Şerbakovu bıçaqla qətlə yetirib. İstintaqla müəyyən olunub ki, bıçaq yaralarından başqa Orxan Zeynalov əlləri ilə Y. Şerbakova azı 20 dəfə zərbə endirib.
Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib. Təqsiri sübut olunarsa, Orxan Zeynalov ömürlük azadlıqdan məhrum oluna da bilər.
Modern.az