Modern.az

"Bizim futbol aparıcıları şərhdən başqa hər şeydən danışırlar”

"Bizim futbol aparıcıları şərhdən başqa hər şeydən danışırlar”

30 İyun 2014, 15:27

Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatının davam etdiyi dövrdə Azərbaycan tamaşaçılarının böyük əksəriyyəti oyunları yerli telekanallardan izləmədiyini bildirirlər. Buna başlıca səbəb olaraq şərhçilərimiz göstərilir. Modern.az saytı “Azərbaycan telekanallarındakı şərhçilərin futbol şərhi sizi qane edirmi” sualı ilə bir neçə futbol azarkeşinə müraciət edib.

“Qol.az” saytının redaktoru Aydın Bağırov deyib ki, Azərbaycanda sovet dövründən sonra şərhçilik məktəbi 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində yaranmağa başlayıb:
“Altay Əliyev, Elnur Əşrəfoğlu, Rövşən Binnətli və Gündüz Abbaszadə şərhçilik məktəbini yaradanlardandır. İlk zamanlar onlar da indiki şərhçilər kimi tənqidlərlə qarşılaşdılar. Müəyyən müddətdən sonra onlar televiziyadan ayrıldılar, sonra “İdman Azərbaycan” kanalı yarandı. Bu kanal sayəsində yayımlanan futbol oyunlarının sayı artmağa başladı. Bununla da yeni şərhçilərə də ehtiyac artdı. Hazırda çalışan şərhçilərin içərisində kifayət qədər istedadlıları var. Müəyyən qədər qüsur, nöqsanların olması isə normaldır”.

Onun fikrincə, bu gün Azərbaycan tamaşaçısı birmənalı olaraq milli televiziya kanallarında futbol oyunlarını izləməkdən zövq almır.

“Ümumiyyətlə, Azərbaycan tamaşaçısı heç idman mətbuatından da zövq almır. İdman mətbuatı həmin şərhçilərə qarşı sanki hücumdadır, aqressiya nümayiş etdirirlər. Təklif edərdim ki, idman sahəsində olan jurnalistlər şərhçilərin nöqsanlarını üzə çıxartmaq əvəzinə dəstək olsunlar”.

Bununla belə A. Bağırov şərhçiliklə bağlı yetərincə problemlərin olduğunu da istisna etməyib:
“Nəzərə almalıyıq ki, şəhçilik məktəbi yeni yaranıb, “İdman Azərbaycan” kanalı bir neçə ildir fəaliyyət göstərir. Buna görə də onlara müəyyən qədər vaxt vermək lazımdır”.

Yerli şərhçilərə olan haqlı narazılıqlarla razılaşmasa da, A. Bağırov özü də hazırkı dünya çempionatını xarici telekanallardan izlədiyini açıqlayıb: “Təbii, bizdə elə məqamlar var ki, məni də qane etmir. Hazırkı dünya çempionatına Rusiya və Türkiyə telekanallarında baxıram. Ümumiyyətlə, oyundan əvvəl, oyundan sonra şərhlərin, təhlillərin səviyyəsi məni daha çox qane etdiyinə görə, uzun illərdir futbolu xarici kanallardan izələyirəm”.

“Mediaforum” saytının redaktoru Hikmət Sabiroğlu birmənalı şəkildə yerli şərhçilərdən razı deyil: “Mən dünya çempionatının oyunlarını daha çox Türkiyənin TRT kanalından izləyirəm. Məcburiyyət qarşısında bəzi oyunlara Azərbaycan kanllarında baxıram. Doğrusu, şərhçilərin səviyyəsi məni qane etmir. Ümumilikdə isə  bizdə futbol şərhçiləri şərhdən başqa hər şeydən danışırlar. Rövşən Binnətli çox istedadlı şərhçi idi. Avropa və Dünya çempionatlarının oyunlarına onun şərhi əsasında məmnuniyyətlə qulaq asırdım. Çünki o həm futbolu bilir, həm də nitq qabiliyyəti yaxşıdır. Onun səviyyəli şərhi doğurdan izləyicidə maraq doğururdu, oyunu izləyərkən darıxmırdım. Bəzən cavan uşaqlar futbolu şərh edərkən çempionatın incəliklərini bilmirlər, subyektiv mülahizələrə daha çox üstünlük verirlər. Ona görə də oyunları başqa kanallardan izləməyə üstünlük verirəm”.

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov ümumiyyətlə, Azərbaycan telekanallarında futbol izləmir: “Mən hər zaman futbolu Rusiya telekanallarından izləyirəm. Heç vaxt yerli kanallarda izləməmişəm. İzləmədiyim üçün də bir fikir söyləyə bilməyəcəm”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu