Azərbaycanın Türkiyədəki səfirlik əməkdaşının polislər tərəfindən döyülməsi ilə bağlı Ankara şəhər Baş Prokurorluğunda cinayət işi açılıb. Bu barədə Modern.az-a səfirliyin mətbuat müşaviri Elsevər Salmanov məlumat verib. O bildirib ki, üç ay öncə, daha doğrusu, martın 29-da səfirliyin əməkdaşı diplomatik dövlət nişanlı rəsmi avtomobildə ailə üzvləri ilə birlikdə yolda gedərkən hər hansı bir qayda pozuntusu olmadan polislər tərəfindən kobud sürətdə dayandırılıb.
E. Salmanovun sözlərinə görə, polislər alçaldıcı sözlərlə diplomatımızı təhqir edib, ona qarşı Diplomatik Əlaqələrə dair Vyana Konvensiyasına tamamilə zidd bir şəkildə davranıb, polislər tərəfindən güclü fiziki təzyiq tətbiq olunub.
“Məsələ ilə bağlı həmin gün Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, DİN-də sözügedən polislər haqqında təhqiqat prosesi başladılması ilə yanaşı, Ankara şəhər Baş Prokurorluğunda da cinayət işi açılıb. Hər iki proses də hazırda davam etdirilir. Azərbaycan səfirliyi məsələni yaxından izləyir”.
Gültəkin ƏLƏSGƏR