Modern.az

Yazarlar Adil Mirseyidə görə Prezidentə müraciət etdilər

Yazarlar Adil Mirseyidə görə Prezidentə müraciət etdilər

30 İyun 2014, 16:32


Bir qrup yazar hazırda xəstəxana şəraitində müalicə alan, qara ciyər serrozundan əziyyət çəkən şair-rəssam Adil Mirseyid üçün Prezidentə müraciət imzalayıb. Modern.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, A. Mirseyidin səhhəti günü-gündən ağırlaşır və artıq böhranlı həddə çatıb.
“Şair Adil Mirseyid ölkəmizin son 35 illik ədəbi-mədəni həyatında dərin iz qoymuş, çağdaş Azərbaycan şeirini təzələmiş, estetik planda yeni müstəviyə çıxarmış  böyük şairlərimizdən biridir. Təəssüf ki, o da ədəbiyyat tarixindən adları bəlli bir çox sənətkarlarımız kimi ehtiyac və evsizlik şəraitində yaşayır, indi isə amansız xəstəliklə üz-üzə dayanıb”, – deyə sənədə qeyd olunur.

Müraciəti imzalamış şəxslər dövlət başçısından A. Mirseyidin birdəfəlik və əsaslı şəkildə müalicə olunmasına yardımçı olmağı rica edirlər.

Sənədi Səlim Babullaoğlu, Xəyal Rza, Rafiq Həşimov, Elçin İskəndərzadə, Əbdül Mahmudov, Nizaməddin Şəmsizadə, Baba Vəziroğlu, Rey Kərimoğlu, İlham Tumas və Qulu Ağsəs imzalayıblar.

“Adil Mirseyidə yaxşı qulluq edirlər. Zəng elədim bu barədə tapşırıqlar verdik. Onu yenə diqqətdə saxlamışıq. Əlimizdən gələni edirik”. Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova şair-rəssam Adil Mirseyidin sağlamlığı və müalicəsi barəsində suala cavab olaraq bildirib.

Qeyd edək ki, uzun müddətdir ki, qara ciyər serrozundan əziyyət çəkən rəssam-şair Səhiyyə Nazirliyinin xətti ilə Sağlamlıq Mərkəzinə yerləşdirilib.

A. Mirseyidin ailəsi də onun hazırda yaxşı vəziyyətdə olduğunu, koma təhlükəsini adladığını qeyd edib.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi