İngiltərə Kraliçası 2-ci Yelizavetanın tam 50 eldir ayağından çıxartmadığı dəri ayaqqabıların sirri açılıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu ayaqqabılar kraliçanın demək olar simvoluna çevrilib.
88 yaşındakı kraliçanın əl istehsalı olan ayaqqabıları Londonun Kensinqton səmtindəki tarixi Anello & Davide ayaqqabı sexində 4 nəfərlik bir qrup tərəfindən hazırlanır.
İngiltərənin “Daily Mail” qəzetinin xəbərinə görə, təxminən 10 ildir kraliçanın paltarlarını hazırlayan stilist Stevard Parvin kraliçanın ayaqqabı sirlərini açıqlayıb: “Kraliçanın ayaqlarının narahat olması qəbul edilə bilməz. O səbəbdən hazırlanan hər yeni ayaqqabı əvvəl ayaqları kraliça kimi 37 nömrə olan Bukinhem sarayının qulluqçularından biri tərəfindən sarayın dəhlizlərində geyilərək açılır”.
Qara, qəhvəyi və ağ rənglərdə tikilən ayaqqabıların bir cütü 1000 funt sterlinqə başa gəlir.
Ancaq kraliçanın köhnələn ayaqqabılarına yeni topuq taxdıraraq hər bir ayaqqabını uzun müddət istifadə etdiyi də bildirilir.
1922-ci ildə qurulan Anello & Davide ayaqqabı fabrikinin ustalarından David Hyatt deyir ki, kraliça üçün hər il bir, ya da iki ayaqqabı tikilir. Bəzən də köhnə ayaqqabılarının müəyyən hissələri yenilənir. Onun sözlərinə görə, Kraliça qətiyyən bədxərclik etmir.
Modern.az