Modern.az

Sevgililər gününüz mübarək!

Sevgililər gününüz mübarək!

30 İyun 2014, 23:46

Bu gün XX əsr Sovet Azərbaycanın qəhrəmanlıq səhifələrindən biri olan 20 yanvar hadisələrinin tariximizə bəxş etdiyi daha bir töhfənin qeyd edildiyi gündür. Şəhidlik zirvəsinə ucalmış iki şəxsin- İlham və Fərizənin adı ilə bağlı olan bu gün artıq neçə illərdir ki, ölkəmizdə Sevgililər günü olaraq qeyd edilir. Çoxlarına örnək olan şəhidlərimizin sevgisi ülviliyi ilə bir məhəbbət dastanı təəssüratı yaradıb. Sevginin mövcudluğunu, möhkəmliyini, qırılmaz tellərlə iki insanı bir-birinə bağladığına ən böyük nümunədir onlar. Həm də canlı- Leyli və Məcnun kimi ədəbi obrazlara müraciət etmədən qeyd olunan, dillər əzbərinə çevrilən islaholunmaz sevgi. 

Sevgi nədir? Sevgi insan həyatını, onun mövcudluğunu şərtləndirən, bioloji çərçivədən çıxarıb ruhun əlçatmaz yüksəkliklərinə qaldıran bir məfhumdur. Sevgi qəribəliklərlə doludur. O insan həyatının heç gözlənilməyən dövründə gəlir, gəlişi ilə də ruhu öz alovu ilə şölələndirir. O gəlişi ilə ətrafa qarşısıalınmaz işıq saçır. İnsan üçün boş, mənasız olan dünya bir anın içərisində nura boyanır. 


Sevgi haqqında çox yazılıb, çox söylənilib. Sevgiyə müxtəlif təriflər verilmiş, müxtəlif cür vəsf edilmişdir. Hərə öz başa düşdüyü kimi anlamış, aşılamışdır. Ancaq bu elə bir hissdir ki, onun heç bir əlavə izaha, tərifə ehtiyacı yoxdur. Fakt bir məfhum ki, yaşamı, həyatın mayasını xarakterizə edir, onun haqqında fikir bildirmək, söz söyləmək, ətrafında müzakirə aparmaq absurddur. Sevgini aşağılamaq, ona dəyərsiz demək, mövcudluğuna şübhə ilə yanaşmaq yaşamın mahiyyətini dərk etməməkdir. Sevgi onun nə olduğunu anlamayan, mövcudluğu haqqında tələsik qərar çıxaran insanlar üçün gəlişi ilə soyuq duş effekti verir. Yaşamı ifrat rasionallığa, materiallığa əsaslanan insanlar üçün isə taleyin ən böyük ironiyasıdır. 

Sevgi yeganə hissdir ki, bütün hissləri özünə tabe edir. Bütün hisslər sevgi qarşısında acizdir. O ən böyük nifrəti də rədd edəcək qədər güclüdür. Ona müddət qoymaq, şəhvaniyyətlə qarışdırmaq olmaz. Onun nüfuz etdiyi, sözün obrazlı mənasında işğal etdiyi yeganə məfhum ruhdur. Əks təqdirdə o keçici ehtirasdan başqa bir şey deyil. Bəzən, haqqında guya idealist fikir yürüdür kimi, səbəbini xarakterlə bağlayırlar. Ancaq bunun özü də kökündən yanlış yanaşmadır. Unutmaq olmaz ki, sevgi yaxşılıqla çoxalmayan, pisliklə azalmayandır. 

Sevgi qarşısına axmaq psixoloji nəzəriyyələr qoymaq, ona absurd müddət vermək gülüncdür. O, bəşəriyyətin yaranmasından bu yana, minilliklərin sınağından çıxaraq mövcuddur. Onun gözəl sifətə, gözəl ayaqlara, gözəl qamətə ehtiyacı yoxdur. Sadəcə özü üçün bir ömür təmin olunmuş sağlam ruha ehtiyacı var. Bu halda o yaşayacaq.
Rus sənətşünası Vissarion Belinski demişkən, sevgi insan həyatı kimidir. İnkişafı üçün öz qanunlarına, öz yaşına malikdir. Onun möhtəşəm baharı, qızmar yayı, nəhayət, öz payızı var. Hansı ki, bəziləri üçün mülayim, işıqlı, məhsuldar olur, bəziləri üçün isə - soyuq, çürümüş və səmərəsiz.                      

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!