Modern.az

“Qeyri-ixtisaslı jurnalistlər”: “Yazılarla ailəm üçün pul qazanmağa məcburam” - RUBRİKA

“Qeyri-ixtisaslı jurnalistlər”: “Yazılarla ailəm üçün pul qazanmağa məcburam” - RUBRİKA

1 İyul 2014, 10:07


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

ATV telekanalının “ATV xəbər” proqramının aparıcısı Günel Bəhramqızı düşünür ki, bizdə jurnalistika ilə məşğul olmaq şəxsi həyatla bağlı problemlərə səbəb ola bilər: “Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Heç vaxt öz ixtisasım üzrə işləməmişəm. ATV-də işə magistraturanın birinci kursunda oxuyarkən başladım. Tələbəlik illərindən daha fərqli, maraqlı, yaddaqalan bir işlə məşğul olmaq istəyirdim. O ərəfədə şans yarandı və mən ATV-yə müraciət etdim. Müxtəlif suallarla, savadımı, biliyimi yoxladılar, yoxlayan kimi də bəyəndilər. Filologiya təhsilli olmağım, ədəbi dil normalarını bilməyim də bu baxımdan köməyim oldu. Vaxtilə jurnalistika fakültəsi elə filologiyanın tərkibində olub, bir-birinə yaxın sahələrdir. Mənə görə dilçilər və ədəbiyyatçıların jurnalistikada olması, jurnalistika fakültəsini bitirənlərin, nəzəriyyəni bilənlərin olması qədər gözəl bir şeydir. Ona görə də filoloji təhsilli olmağım işdə üstünlüyüm olub. Bu səbəbdən filologiya fakültəsində təhsili almağımdan qəti peşman deyiləm. Tam əksinə. Ən azı ona görə ki, öz dilimi və ədəbiyyatımı mükəmməl olmasa da, yaxşı bilirəm. İndi də BDU-da jurnalistikadan dərs keçirəm. 10 il jurnalistikada praktikam olduğu üçün bu sahəni tədris etməyi seçdim.

Jurnalistikada olduğuma görə də heç vaxt peşmançılıq hissi yaşamamışam. Düzdür, başqa ölkələrdə jurnalistikanın müsbət tərəfləri daha çoxdur. Jurnalistika ilə məşğul olmaq müəyyən məhdudiyyətlərə, insanın şəxsi həyatında müəyyən problemlərə səbəb ola bilir, amma bundan ağılla istifadə edən adamlar belə fəsadlarla heç vaxt rastlaşmır. Yəni, işi iş yerində, şəxsi həyatı öz yerində tuta bilib, bu balansı qoruya bilirsənsə, heç vaxt problem olmur. Özümü də bu siyahıya aid edirəm”. 

APA TV-nin əməkdaşı İlham Tumas: “1996-cı ildən Bakı Dövlət Universitetinin sosial-elmlər və psixologiya fakültəsinin fəlsəfə bölməsinin məzunuyam. Diplomumda “ixtisası” sözünün qarşısına “filosof-fəlsəfə müəllimi” yazılıb. Universitetdə 1-2 saatlıq mühazirə-praktikanı saymasaq, ixtisasım üzrə çalışmamışam. Filosofluğum yalnız böyük fikir adamlarını oxumaqdan, onları şərh eləməkdən, cəmiyyətin, mənəviyyatın, sənətin bəzi məsələləri ilə bağlı fikirlərimi bildirməkdən ibarətdir.

Mətbuatda ilk yazım 1992-ci ildə Qarabağda könüllü döyüşçü olduğum vaxtlarda “Azərbaycan” qəzetinə göndərdiyim yazı olub. Sonradan tələbəliyimi davam etdirdim və açığı dolanışığımı, tələbəlik həyatımı təmin eləmək üçün qəzetlərlə əməkdaşlığa başladım. Bineyi-qədim hesab elədiyim o illərdə “Kino”, “Avrasiya” kimi qəzetlərdən qonorar almışam və görmüşəm ki, jurnalistika mənim yeganə yaşam, həyat və ilham mənbəyimdir. Sonradan alışdım və gördüm ki, hətta hərbi də məni jurnalistikadan ayıra bilmədi. Beləcə, alışdıq bir-birimizə, bir-birimizi incitməməyə çalışdıq…

Peşmançılığa gəlincə, nəinki bu məsələdə, ümumiyyətlə, həyatda atdığım heç bir addıma görə çalışıram peşmançılıq keçirməyim. Eynən jurnalistikaya gəlişim də belədir. Mən bu işdən ziyan görməmişəm, əksinə xeyir görmüşəm. Ona görə də peşmançılıqdan söhbət gedə bilməz…”.

Modern.az saytının əməkdaşı Namidə Bingöl: “Bakı Slavyan Universitetini bitirmişəm. İxtisasca filoloqam. İxtisasım üzrə heç işləməmişəm. Daha doğrusu, universitetin ikinci kursundan mətbuatla əlaqə qurmağa başladım. O gündən bu günə qədər də mətbuatdayam. Amma heç vaxt internet mediasında çalışmaq kimi istəyim olmayıb. Hətta, düşünürdüm ki, internet media necə jurnalist yetişdirə bilər? Daha çox televiziyaya həvəsim olub. Lap uşaqlıqdan jurnalist olmağı qarşıma məqsəd olaraq qoymuşam. Ailəm istəyimə hər zaman sevgi ilə yanaşıb. Bir hadisə heç vaxt yadımdan çıxmır. İkinci sinifdə oxuyurdum. Müəllim evə inşa yazısı yazmağı tapşırmışdı. Həvəslə həmin inşanı oturub yazmışdım. Amma inşanı müəllimim oxuyandan sonra soruşdu ki, bunu kim yazıb? Dedim ki, özüm. Dedi: “Heç vaxt inana bilmərəm. Bu cümlələri sən yaza bilməzsən, yəqin atan yazıb”.
Müəllimim həmin yazıya heç bir qiymət vermədi. Halbuki, həmin inşanı elə özüm yazmışdım. Bir müddət müəllimimin inamsızlığına pis olmuşdum. Yaşım az olsa da, iri kitabları artıq oxumağa başlamışdım. İlk oxuduğum kitab Dilbər Axundzadənin Mikayıl Müşfiqə həsr etdiyi "Müşfiqli günlərim"  kitabı olub. Həsən Seyidbəylinin  "Cəbhədən cəbhəyə" əsərini də kiçik yaşlarımda oxumuşam. Bu kitabı oxumağa başlayanda atam demişdi ki, hələ uşaqsan, belə kitablar oxumaq hələ tezdir. Buna baxmayaraq, o əsəri oxuyub qurtardım.                          

Jurnalistikaya gəlməyimdə təhsil aldığım universitetin çox böyük rolu olub. Kamal Abdullanın rektorluğu dövründə Bakı Slavyan Universitetində qaynar yaradıcı mühitin olması, jurnalist kimi yetişmək istəyənlər üçün əlverişli idi. Kamal müəllim, həmişə müəllimlərə deyirdi ki, bu, jurnalist qızımızdır. Məqamı gələndə hamımızdan yazacaq. Onu da deyim ki, mətbuata informasiyadan başlamamışam. İlk yazılarım məqalə xarakterli olub. Daha sonra informasiya da işləməyə başladım. Jurnalistika sahəsində olmağımdan çox məmnunam. Daima yeni xəbər axtarışındayıq. Bu, jurnalistikanın özəlliyidir. Düşünürəm ki, gənc jurnalist olaraq hələ çox öyrənməli və təcrübə yığmalıyam. Jurnalistikaya sevə-sevə gəlmişəm. Ona görə də nə bir narazılıq, nə də peşmançılıq hissi var”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyeva jurnalistikadan ayrılacağı təqdirdə hərbçi olmaq istəyib: “Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişəm. Özüm heç vaxt müəllim kimi işləməmişəm. Sadəcə, müəllim rəfiqələrimin yanına gedib onların dərsinə baxmışam.

Jurnalistikaya uşaq vaxtlarından həvəsim var idi. Rayonda yaşayırdım, hər gün bir neçə qəzet oxuyurdum. Qəzet köşkündə işləyən qonşumuz var idi. Ondan pulsuz alıb oxuyub qaytarmaq imkanım var idi. Çünki qəzetlərin hamısını ala bilməzdim, orta məktəbdə oxuyurdum, ailəmin də bir neçə qəzeti almaq imkanı yox idi. Jurnalistikanı istəyirdim, amma valideynlərim deyirdi ki, jurnalistika qız, qadın üçün deyil, rayon yerində harada işləyəcəksən... Bilmirdim niyə jurnalistikanın qadın üçün olmadığını deyirdilər. Çünki çətinlikləri haqqında xəbərdar deyildim, sadəcə jurnalistikadan xoşum gəlirdi, yazmaq istəyirdim. Məndə hər hansı bir insana yazmaqla kömək edə bilərəm hissləri var idi.

Rayonda bir dənə kiçik mətbəə var idi, həftədə bir dəfə İcra Hakimiyyəti tərəfindən maliyyələşən, bir neçə səhifəlik kiçik rayon qəzeti çıxırdı. O qəzetdə elə əhəmiyyətli xəbərlər də olmurdu. Sənin geniş bir şey yazmaq imkanın yox idi. Buna görə də ailəm icazə vermədi ki, mən jurnalistikanı yazım.

Jurnalistikaya təsadüf nəticəsində gəlmişəm. Eşitdim ki, hansısa kiçik bir qəzetdə yaza bilərəm və özümü sınamaq qərarına gəldim. 3 qız idik, redaktor mövzu verdi, inşa xarakterli bir yazı yazdım. Redaktor yazıya baxdı və işə götürdü. “Xronika”, “Bakı xəbər”, “Ekpress”, “Azadlıq” qəzetlərində işləmişəm.

Jurnalist işlədiyim üçün hərdən peşmançılıq olur. Amma düşünürəm ki, bu yaşdan sonra artıq bu cür cəmiyyətdə birdən-birə nəyisə dəyişmək də gecdir. Müəllim işləyə bilmərəm, müəllimlərdə olan təzyiqlər və əmək haqqının azlığı məsələsi var. Bir neçə il əvvələ qədər fikirləşirdim ki, jurnalistikadam ayrılsam, hərbçi olmaq istəyərəm. Amma artıq yaş 29-u ötüb, yəni hərbçi də olmaq mümkün deyil. Fikirləşirəm, özümü jurnalistikadan başqa heç bir yerdə sınaya bilmərəm. Şərait olsaydı, başqa sahəyə gedərdim və jurnalistika ilə bir hobbi kimi məşğul olardım. Mən jurnalistikadan pul qazanmaq istəməmişəm. Amma şərait elə gətirib ki, bu gün yazdığım yazılarla ailəm üçün pul qazanmağa məcburam”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi