“Azərbaycanda bir sıra məmurlar “AzerRos”un aktiv fəaliyyəti və inkişafı ilə barışa bilmirlər. Mən bu münasibəti anlamıram. Halbuki, bu məmurların əsas vəzifəsi azərbaycanlı icmalarının birləşdirilməsi olmalıdır”.
Modern.az bildirir ki, bu sözləri “AzerRos” Milli Mədəni Muxtariyyətin rəhbəri Asif Məhərrəmov Qəbələdə keçirilən Rusiya-Azərbaycan Humanitar Forumunun nəticələri barədə qurumun rəsmi saytına verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat Azərbaycan xalqının mədəniyyətini, ənənələrinin təbliği ilə məşğul olur və sıralarında çoxlu sayda soydaşlarımızı birləşdirir.
A. Məhərrəmov qeyd edib ki, mərhum prezident Heydər Əliyev dünyada yaşayan azərbaycanlılarının sıx həmrəyliyini təmin etməyi Azərbaycan dövlətinin əsas vəzifələrindən biri elan edib. O, deyib ki, “AzerRos” mərhum prezident Heydər Əliyevin bu vəsiyyətini əldə rəhbər tutaraq öz fəaliyyətini qurur.
“Biz Rusiyada Azərbaycan mədəniyyətinin, dilinin, vətənpərvərliyinin təbliği üçün çoxsaylı layihələr həyata keçiririk. Amma bizim bu yöndə fəaliyyətimiz indiyə qədər bir sıra Azərbaycan məmurlarında qıcıq və anlaşılmazlıq yaradır”-deyə “AzerRos”un prezidenti vurğulayıb.
A.Məhərrəmovun sözlərinə görə, Rusiyada 761 min Rusiya vətəndaşı olan azərbaycanlı və vətəndaşlığı olmayan 2 milyona qədər soydaşımız yaşayır.
“Onlar öz zəhməti ilə Rusiya dövlətinə xeyir gətirirlər. Biz bu barədə həmişə müxtəlif tədbirlərdə danışırq.
Mən vətənimə uğur və xoşbəxtlik arzulayıram. İstəməzdim ki, öz tarixi vətənlərindən kənarda yaşayan azərbaycanlılar yad kimi qəbul olunsunlar. Birləşmək barədə danışıqlardan praktik işə keçmək vacibdir”-deyə A.Məhərrəmov vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə Rusiyada fəaliyyət göstərən “AzerRos” arasında ciddi fikir ayrılığı var. Dövlət Komitəsi əsas diaspor təşkilatı olaraq Ümumrusiya Azərbaycanlıları Konqresini tanıyır.
X. SƏFƏROĞLU