ATƏT Parlament Assambleyasının (PA) Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin toplantısında “Terrorizmə qarşı mübarizə barəsində əməkdaşlıq” qətnamə müzakirəyə çıxarılıb.
Modern.az-in məlumatına görə, layihə Rusiya Federasiyası tərəfindən irəli sürülüb. Layihənin müəllifi Nikolay Kovalyov çıxış edərək qeyd edib ki, biz burada iştirakçı dövlətlərin fəaliyyətlərin əlaqələndirilməsi çox önəmlidir. Bu sənəd terrorizmə qarşı mübarizəni dəstəkləyə bilər.
Kanada nümayəndəsi çıxış edərək qeyd edib ki, Kanada hər zaman azad və sərbəst ölkələri dəstəkləyəcək.
Latviyadan olan Limtz qeyd edib ki, bu qətnamənin 11-12 ci bəndlərində Ukraynaya qarşı fikirlər var. “Mən bunun əleyhinə səs verəcəyəm”. Erməni nümayəndəsi isə bildirib ki, bu qətnaməni elə bir ölkə təklif edib ki, terrorizmə görə minlərlə qurban verib. Hazırda Rusiyada 1 milyon erməni yaşayır. Bu qətnamənin müəllifi çox böyük cəsarətlə radikalizmə və terrorizmə qarşı mübarizə aparır.
Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, dünyanın müxtəlif yerlərində terrorizm müxtəlif səviyyələrdə özünü büruzə verir: “Bəzi ölkələrdə daxili qruplar kimi, bəzilərində isə xaricdən təzyiq vasitəsi kimi, bəzi hallarda siyasi məqsədlər üçün istifadə edilir. Çox acınacaqlı haldır ki, bəzi yerlərdə terrorizmi dəstəkləyirlər. Bu məsələlər ətrafında biz daim danışmalıyıq. Xüsusi diskusiyalar aparmalıyıq və məsələlər yalnız diskusiya vəziyyətində qalmamalıdır. Bunlar öhdəliklərə çevrilərək, ölkələr yerinə yetirməlidirlər. Bu günə kimi beynəlxalq praktikada çox saylı sənədlər qəbul olunub. Çox təəssüf ki, cəmiyyətlərin inteqrasiya prosesi genişləndikcə, terrorizmin inteqrasiyası da artır. Bəzi hallarda qanunlardan, bəzi hallarda da inkişafda irəliyə keçə bilirlər. Bu gün bəşəriyyət bunun qarşısında aciz vəziyyətə düşür. Mən bu qətnaməni dəstəkləyirəm. Azərbaycan hər zaman terrorizmə qarşı mübarizə aparıb. Terrorizmin bütün növlərinə qarşı öz etirazını bildirib. Azərbaycan beynəlxalq öhdəliklərini həyata keçirir. Bəzi hallarda ayrı-ayrı ölkələrdə siyasi və iqtisadi maraqlara qarşı çıxır”.
Layihə müzakirəyə çıxarılıb. Rusiyalı nümayəndə də qətnamə layihəsinin müzakirəsinə qoşulub. O, Ukraynada terrorçuların olmadığını qeyd edib: “Suriya və Liviyada terrorçu təşkilatlar fəaliyyət göstərir. Ukraynanın şərqində isə terrorçu yoxdur. Orada silah götürən heç bir şəxs terror törətməyib. Amma Odessada belə bir hadisə baş vermişdi. Onu ruslar törətməyiblər. Ruslar Ukraynada terror törətməyiblər”.
Müzakirələrdən sonra layihə səs çoxluğu ilə qəbul olunub.
Modern.az