Modern.az

Facebooku BOYKOT etmiş tanınmışlar: “O “dəlixana”dan başımı götürüb qaçdım” – SORĞU

Facebooku BOYKOT etmiş tanınmışlar: “O “dəlixana”dan başımı götürüb qaçdım” – SORĞU

1 İyul 2014, 18:10

İnternetin bəzilərimizə “hava”, “su” qədər lazım olduğu dörvrdə Azərbaycanda bir sıra tanınmış şəxslər ümumiyyətlə sosial şəbəkələrdən istifadə etmir. Modern.az saytı facebook sosial şəbəkəsində üzvlükdən imtina edən tanınmış jurnalistlərdən bunun səbəbini soruşub.

“Hərəyə bir dəfə salam versən, axşam düşər...”

Virtual aləmin əleyhinə olmasa da “Mediaforum” saytının redaktoru Hikmət Sabiroğlu facebook sosial şəbəkəsindən istifadə etməyənlərdəndir. “Virtual aləmin əleyhinə deyiləm. Sadəcə, məsələn, “facebook”da sürəkli ünsiyyətin basqısına tab gətirə bilməyəcəyimi düşünürəm. 10 il əvvəl mail.ru-da çat istifadəçisi olmuşam, o zaman o “dəlixana”dan çox tez yoruldum, başımı götürüb qaçdım. İndi işim çox olduğundan saatlarla sosial şəbəkədə ilişib qalmağa halım yoxdur, açığı. Hərəyə bir dəfə salam versən, axşam düşər...”.

“Mənim Facebooka sərf edəsi vaxtım yoxdur” 

“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı ümumiyyətlə, komplekssiz biri olduğunu, sadəcə belə şeylərə vaxt sərf etməyin düzgün olmadığını bildirdi. “Mənə elə gəlir ki, kompleks facebookda olanlardadır. Bəzən çox hörmət etdiyim, yaxın bildiyim adamlarla görüşüb  bir yerdə əyləşəndə baxıram ki, 4 nəfərdən 3-nün gözü telefondadır. Mənimlə söhbət etmək əvəzinə facebookda yazışırlar. Mən bunu kompleks adlandırıram və düşünürəm ki, bu narkotik kimi bir şeydir. İnsanlarla ünsiyyətdə olmaq gözəl bir şeydir, amma mənim facebooka sərf edəsi vaxtım yoxdur.

Uzaqda olan yaxınlarımla əlaqə saxlamaq üçün facebooka ehtiyac görmürəm, bunun üçün həmin telefonu götürüb ona zəng vururam. Səsini eşitmək daha gözəldir. Ən yaxşısı darıxdığım adamla “Skype”la danışıram. Bütün dünyanın əleyhinə gedə bilmərəm, amma, adamın işi də var. Bir çox işçilər iş görmək əvəzinə facebookda oturur. Deyirsən ki, “yazını yaz”, deyir: “indi yazıram”. Amma əslində Feysbukda yazışır. Bu bir növ xəstəlikdir, bekarçılıq olsa razılaşaram, axı iş var. İşləmək lazımdır”.

“Dostluq siyahısı artdıqca mən onlara nə cavab verəcəm?”

Facebooka vaxt sərf etmək istəməyən “Ədəbiyyat” qəzetinin baş redaktoru Elçin Hüseyinbəyli sosial şəbəkələrin diqqət tələb edən tərəfini sevmədiyini açıqladı: “Mən buna vaxt sərf etmək istəmirəm. Şəbəkənin işi elədir ki, gərək hamıya diqqətlə yanaşıb hər şeyi “like” eliyəsən, hansısa statusa şərh yazasan. Fikir bildirməyəndə inciyirlər, xətirlərinə dəyir. Bu səbəbdən də sosial şəbəkədə yoxam. Bir dəfə Feysbuk səhifəsi açdım. Baxdım ki, 118 dostluq təklifi gəldi. Fikirləşdim ki, dostluq siyahısı artdıqca mən onlara nə cavab verəcəm? Buna görə də facebooku tərk etdim. Yaxınlarımla ünsiyyət qurmaq üçün mobil poçtumdan istifadə edirəm. Qəzet redaktoru olduğum üçün redaksiyada lazım olan adamları görürəm, yaxın dostlarımla da tez-tez görüşürəm”.

“Ona sərf edəcəyim vaxtda bazarlıq edirəm, bağımda ağacın dibini belləyirəm”

 “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov ümumiyyətlə, komplekssiz insandır. “Sosial şəbəkələrdə yoxam, çünki, artıq vaxtım yoxdur. Desəm ki, ümumiyyətlə vaxtım yoxdur, bu ağ olar. Gündəlik qəzetin baş redaktoruyam, Milli Məclisin üzvüyəm, Mətbuat Şurası İdarə Heyətinin, KİV-ə Dəstək Fondunun Müşahidə Fondunun üzvüyəm. Bütün bunlarla bağlı tədbirlərdə iştirak edirəm, üstəlik də qəzetin əsas materiallarını oxuyuram. Yəni mənim artıq vaxtım yoxdur ki, onu facebooka sərf edim. Ona sərf edəcəyimə ailəmlə oluram, evə bazarlıq edirəm, bağımda ağacın dibini belləyirəm. Facebook “öldürüləsi” vaxtdır. Mənim isə öldürüləsi vaxtım yoxdur. İnsanlar orda bir-biri haqqında mənasız, etikadan kənar ifadələr işlədir, artıq-əskik yazışmalar olur. Ataların bir sözü var “üz üzdən utanar”. İnsanlar arasında pərdələr var. Facebookda bu pərdələr hamısı götürülür, yırtılır, cırılır, dağıdılır. Yaşa, cinsə, mövqeyə, Azərbaycanlı adına uyğun olmayan müzakirələr gedir. Düşünürəm ki, öz ləyaqətinə hörmət edən adam başqasına da hörmət edər. “Söymə hambal dədəmi, söyməyim bəy dədəni”. Vaxtım olsa belə, ölçü-biçisiz yerə heç vaxt daxil olmaram. Bəzi şeylər var ki, ictimailəşdirilməməlidir. Facebookda insanlar hər şeyi ortaya tökür, baş verən hər şeyi aləmə car çəkir. Bu kişilikdən deyil. O yerdə ki, Azərbaycanın mental dəyərləri gözlənilmir, mənim orda nə işim var?

Mənim uzaqda adamlarım da yoxdur ki, facebook vasitəsilə onlarla əlaqə saxlayam. Mən “sərçə”yəm, “qaranquş” deyiləm. Vətənin çətin günündə də vətəndə olmaq lazımdır. Başını götürüb gedənlərlə heç əlaqə saxlamıram da”.

“Sosial şəbəkələr  qələm adamı üçün deyil”

“Xəzər” jurnalının redaktoru Yaşar Əliyev bildirir ki, hər hansı bir şeyə aludə olanda vaxtını çox alır. “Bilirəm ki, facebook səhifəm olsa vaxtımı alacaq, çünki, narkotik kimi bir şeydir. Bir dəfə girən daha çıxa bilmir. İşlərimlə əlaqədar olaraq istəmirəm ki, vaxtımı boş yerə sərf edim. Düşünürəm ki, facebook ötəri bir şeydir, insanın tərcümeyi halına yazılası bir şey deyil. Çalışıram ki, vaxtımı səmərəli işlərə sərf edim. Yaxınlarımla əlaqə saxlamaq istəyəndə “skype”dan istifadə edirəm. Sosial şəbəkə mənim üçün dənizin qumlarına yazılan şer kimidir. Dəniz dalğalandıqca yuyub aparır. Düşünürəm ki, o enerjini Feysbuka sərf edincə oturub yazı yazmaq olar, hansı ki, tərcümeyi halında yaxşı bir yazı olaraq qala bilər. Şəkil qoyub fikir bildirirlər. Ondansa samballı bir əsər ortaya qoysunlar. Facebook mənə orta məktəbdə yazılan xatirə dəftərini xatırladır. Biri bəyənir, biri bəyənmir. Ola bilər ki, hər hansı bankir işdən yorular facebookda nisbətən dincələr, amma facebook qələm adamı üçün deyil. Jurnalistin, yazıçının özünü təqdim etməyə yazısı varsa, niyə bunu facebookda etməlidir ? ”

“Nə şəxsi, nə də iş baxımından sosial şəbəkə mənə lazım deyil”

İşinə görə sosial şəbəkədən istifadə lazım olsa da “Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli  facebookdan istifadə etmir. “İş baxımından lazım olsa da, mən sosial şəbəkəyə vaxt çatdıra bilmərəm. İş prosesində redaksiya əməkdaşları şəbəkədən istifadə etdiklərinə görə, özümün orda iştirakıma ehtiyac görmürəm. Ümumiyyətlə, belə bir tələbatım yoxdur. Nə vaxtsa hiss etsəm ki, mənim sosial şəbəkədə olmağım mənə, işimə lazımdır, onda əlbəttə ki, üzv olacam. Amma indi nə şəxsi, nə də iş baxımından sosial şəbəkə mənə lazım deyil. Uzaqda olanlarla əlaqə saxlamaq üçün bir ara ürəyimdən keçdi ki, özümə Feysbuk profili açım. Çünki, əvvəl başqa sosial şəbəkələrdə qısa müddətli oldum, amma görəndə ki, vaxtımı aparır, dərhal ordan çıxdım. Sosial şəbəkələr mənim işimə mane olur. Dəbə görə bunu etmək istəmirəm. Hazırda o ehtiyacı hiss etmirəm. Sosial şəbəkələr olmadan da həyatımı öz axarı ilə davam etdirə bilirəm”.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu