“İraq Şam İslam Dövləti”nin (İŞİD) lideri Əbubəkr əl Bağdadi yeni yayılan müraciətində dünya müsəlmanlarına cihad çağırışı edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, keçdiyimiz günlərdə adını İslam dövləti olaraq dəyişdirən və Əl Bağdadini də xəlifə elan edən təşkilatdan yeni bir açıqlama gəlib.
İnternetdə yayılan müraciətdə dünyadakı bütün müsəlmanları “İslam dövləti”nə köç etməyə çağıran Əl Bağdadi deyib ki, İslamın evinə gəlmək şərəfdir. Bundan başqa ispanca danışan 2 terrorçu “Allahın icazəsi ilə babalarımızın torpaqlarını təkrar geri götürəcəyik” iddiası da yer alıb. Videoda müqəddəs torpaqlarda olduqlarını bəyan edən 2 terrorçu İspaniyanı təhdid edərək, Cakartadan İspaniyaya qədər İslam bayrağını dalğalandıracaqlarına and içirlər. Suriyada çəkildiyi iddia edilən video İspaniyada böyük əks-səda yaradıb.
Ölkə televiziyaları bu görüntüləri yayaraq İspaniyanın radikal İslam təhdidi altında olduğuna diqqət çəkiblər. Yerli qəzetlər isə İŞİD-in xəbərdarlığının ciddiyə alınmasını tövsiyəsi ediblər. İspaniya Daxili İşlər Nazirliyinin ötən ay verdiyi açıqlamaya görə, ölkə daxilində hər ay təxminən 50 adam Türkiyə üzərindən Suriyaya keçir.
Modern.az