Modern.az

“Kinomuzun təsadüfi məşhurları” – “Gecə qatarındakı qətl”də iştirak edən Şahbaz Xuduoğlu və Niyaməddin Musayev

“Kinomuzun təsadüfi məşhurları” – “Gecə qatarındakı qətl”də iştirak edən Şahbaz Xuduoğlu və Niyaməddin Musayev

2 İyul 2014, 10:33

Modern.az  “Kinomuzun  təsadüfi məşhurları ” layihəsindən yeni yazını təqdim edir. Bu dəfə təqdim edəcəyimiz “aktyor”lar – “Qanun” Nəşriyyat Evinin sahibi Şahbaz Xuduoğlu və xalq artisti Niyaməddin Musayevdir. Onlar rejissor Əbdül Mahmudovun 1990-cı ildə çəkilən “Gecə qatarında qətl” filmində epizodik rolda iştirak ediblər. 

Niyaməddin Musayev mafiya liderinin başçılıq etdiyi ziyafət məclisində mafiyanın bir üzvi kimi çıxış edir. Qeyri-adi saç düzümü və qiyafəsi ilə epizoda əlavə rəng qatan müğənnini rejissor məhz bu xüsusiyyətlərinə görə filmə dəvət edib.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da mafioz Nağıyevin (Həsənağa Turabov) quldur dəstəsinin üzvlərindən olur. Filmin qəhrəmanı Rüstəmi (aktyor Fəxrəddin Manafov) Özbəkistandakı hava limanında məhz o qarşılayaraq mafiozun yanına aparır.

Filmin rejissoru Əbdül Mahmudbəyov iki epizodik obrazı, xüsusən də Şahbaz Xuduoğlunu  filmə necə cəlb etdiyini bu cür vurğulayır:

“Şahbaz Xuduoğlu kinostudiyanın nəzdindəki aktyorluq kurslarında oxuyurdu. Sonralar Şahbazın naşir olması mənə qəribə gəldi. Çünki o, gözəl oxuyurdu, qəribə düşüncə tərzi, aktyorluğa marağı var idi.”

Filmin quruluşçu operatoru Kənan Məmmədov epizodik obrazların ümumi ab-havaya uyğun gəldiyi üçün seçildiyini bildirir. Onun fikrincə Niyaməddin Musayev filmin ümumi ruhuna daha uyğun gəldiyini qeyd edir: “Gecə qatarında qətl filmində kiçik epizodlar çox idi. Şahbaz Xuduoğlu da həmin epizodlarda birinə çəkildi. O dövrdə bizdə kino kursu fəaliyyət göstərirdi. Cavan oğlan idi və həmin kursda oxuyurdu. Rejissor həmin ərəfədə onu filmdə çəkilməyə dəvət etdi. O da qəbul etdi və filmdə iştirak etdi. Niyaməddin Musayev isə qeyri-adi görünüşü, saçı ilə fərqlənən müğənni idi. Filmdə mafiyanın üzvlərindən biri də o oldu. Mənə elə gəlir ki, olduqca məzəli bir rol alındı”.

“Gecə qatarında qətl” istər Bakıda, istərsə də Moskvada böyük uğur qazanır. Əbdül  Mahmudovun əksər filmlərində istifadə etdiyi sətiraltı mənalar  bu filmdən də yan keçmir. Gərgin vaxtlarda çəkilən filmdə xeyli maraqlı hadisələr yaşanır. Komendant saatı elan olunan ərəfədə çəkilən film aktyorlara xeyli problemlər yaşadır. Hələ üstəlik siyasi məsələlər üzündən aktrisa da tapa bilmirlər.

Operator Kənan Məmmədov o vaxtları xatırlayır: “1990-cı ildə biz filmi çəkəndə gərgin siyasi vəziyyət idi. Gecə saat 12-dən sonra çölə çıxmağa icazə verilmirdi. Bizdə isə xüsusi icazələr var idi. Filmin çəkilişlərinin çoxu gecə yarısı baş tuturdu. Qrupun üzvlərinin evə çatmaq məsələsi kimi problemlər yaranırdı. Ssenaridə casus erməni qız surəti var idi. Ancaq Moskva qəti şəkildə bu obrazın filmdə olmasının əleyhinə çıxdılar. O vaxt erməni məsələsi ortaya çıxanda dedilər ki, heç cür bu filmdə erməni ola bilməz. Biz də onu rus qızı ilə əvəz etdik. O filmdə Diana Mala oynadı və öz obrazının öhdəsindən layiqincə gəldi. “Gecə qatarında qətl” filmində çəkilən maraqlı səhnələrdən biri də final səhnəsi idi. Narkomafiyanın üzvü olan polisi kəmərindən asırlar. O kəmərin üzərindəki ulduzları biz qabarıq şəkildə göstərdik. Biz hadisələri qabaqlamaq istəyirdik. Sovet ulduzu, sovet polisi və onların əməlləri. Biz filmi təhvil verəndə etiraz olduqca çox idi. Aqadodnik adlı sədr müavini var idi. O filmi çox bəyənmişdi və demişdi ki, ancaq bu səhnəyə görə mən bu filmə birinci kateqoriya verərdim. Filmin çəkilişində maraqlı hadisələr çox oldu. Qalmaqallı film olmasına baxmayaraq, bizə birinci kateqoriya verdilər. Moskvanın 1-ci kanalı ilə nümayiş olunmuşdu və külli miqdarda tamaşaçı izləmişdi. “Gecə qatarında qətl” filmi  Azərbaycan kinosunun son 25 ilində çəkilən uğurlu filmlərindən biri oldu“.


Baş rolun ifaçısı xalq artisti Fəxrəddin Manafovun canlandırdığı Rüstəm obrazı Əfqanıstan vuruşmalarından birbaşa həbsxanaya düşən, bununla da normal yaşam tərzini itirən birisidir. Rejissorun və operatorun dediyi kimi aktyor öz rolunun öhdəsindən çox yaxşı gəlir. Hətta çəkiliş zamanı rola necə bağlı olursa elə zindandakı çəkilişdə kiçik bir sınaq etmək istəyir. Kənan Məmmədov bu barədə yaddaşından bunları masaya qoyur: “Filmdə baş rolda Fəxrəddin Manafov çəkildi. Kolonda baş verən hadisələri Bakının yaxınlığında olan 11-ci kolonda çəkdik. Biz oraya gəldik və avadanlıqlar çıxmamış artıq Fəxrəddin qrimdə gəlmişdi. Kolonun rəisi ilə görüşdük. Fəxrəddin dedi ki, mən istəyirəm ki,  rolumu yoxlayım. Ona boz rəngdə kostyumu verdilər. Hələ məhbusların heç biri onu görməmişdi. Dedi ki, siz məni məhbusların yanına aparın görüm onların mənə münasibəti necə olacaq? Qeyd edim ki, o zaman Fəxrəddin özü özünü qrim edirdi. Bu da onun obraza olan münasibətindən irəli gəlirdi. Kolon işçiləri onun qoluna girdilər. Qalmaqal yarandı ki, yeni məhbus gəlir . Hamı maraqla baxırdı. Birdən biri soruşdu ki, rəis bu məhbusu haradan gətirirlər? Rəis dedi ki , bu çox məşhur bir canidir və Salikanskdan gəlib. Salikansk da o vaxt Sibirdə olan xüsusi cinayətləri törətmiş məhbuslarının saxlanıldığı yer idi. Hamısı hörmətlə yanaşdı ki, peşəkar canidir. Bir neçə dəqiqə sonra isə gördülər ki, aparaturanı içəri salmağa başladılar. Məhbuslardan biri isə qayıdıb dedi ki, əşi nə Salikansk? Bunlar kino çəkməyə gəliblər. Situasiya tamam dəyişdi. O an olduqca gülməli idi.”

 

Elmin Nuri

Ulduz İbrahimova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi