Modern.az

Ramil Usubov:”Azərbaycan əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir”

Ramil Usubov:”Azərbaycan əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir”

Təhsil

2 İyul 2014, 10:50


Artıq neçə ildir ki, Azərbaycan ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov DİN-in Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı münasibətilə keçirilən təntənəli tədbirdə deyib.

Nazir qeyd edib ki, 2013-cü il və cari ilin 6 ayı ərzində 31 mindən çox ərizə və şikayət araşdırılıb, eləcə də nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 7 minə yaxın vətəndaş qəbul edilib: "Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub. Həyata keçirilmiş hərtərəfli islahatlar, innovasiya və modernləşmə fəaliyətinin keyfiyyətcə yeni müstəviyə yüksəlməsi cinayətkarlığın, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə möhkəm sipər çəkməyə, vətəndaşlarımızın qanuni mənafelərini etibarlı müdafiə etməyə tam imkan verir".

R.Usubov bildirib ki, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 10 ildə orta hesabla 231 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır. Bu dövrdə cinayətləin orta illik açılması 90 faiz olub, 3 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda la 37 mindən çox təqsirləndirilən şəxs tutulub. Əllərdə qanunsuz saxlanılan 12 mindən artıq odlu silah yığılıb və onun tətbiqi ilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb.

Nazirin sözlərinə görə, məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir: "Bütün bunlar ölkədə uğurla gedən qanunçuluq işlərinin, iqtisadi yüksəlişin, əhali və vətəndaş cəmiyyəti institutları ilə səmərəli işgüzar əlaqələrimizin müsbət nəticələridir".

R.Usubov qeyd edib ki, ötən 11 ildə nazirliyin büdcəsi 11 dəfə artıb ki, onun da 72 faizi sosial yönümlüdür. Nazirliyin aparatının struktur qurumları, ərazi polis orqanları və Daxili Qoşunlar üçün 319 sosial obyekt tikilib, 3 mindən çox avtomobil alınıb.

Bundan əlavə, cinayətlərin qarşısının alınması, açılması, istintaq, təqsirləndirilən şəxslərin axtarışı, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair istiqamətlər üzrə 40-a yaxın informasiya sistemi yaradılıb.

İctimai asayişin qorunmasında və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənən şəxsi heyətin fədakar əməyinin ölkə başçısı tərəfindən həmişə yüksək qiymətləndirildiyini, müstəqillik dövründə DİN-in 992 əməkdaşı və hərbi qulluqçusunun dövlət mükafatlarına layiq görüldüyünü xatırladan general-polkovnik Ramil Usubov bu peşə bayramı ərəfəsində də ölkə Prezidentinin sərəncamları ilə 42 əməkdaşın orden və medallarla təltif edildiyini, 3 rəhbər vəzifəli şəxsə ali xüsusi rütbələr verildiyini diqqətə çatdırıb.

Nazir daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək dəyərləndirdiyinə görə bütün şəxsi heyət adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirib: "Əmin edirəm ki, daxili işlər orqanları qanunla müəyyən edilmiş funkiyaları, qarşıya qoyulan tapşırıqları bundan sonra əzmlə yerinə yetirəcək, göstərilən ali etimadı-andına sadiqliyi, xalqına, Vətəninə və prezidentinə sədaqətli xidməti ilə doğruldacaq".(Trend)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu