Ukraynada terrorçulara qarşı əməliyyatların bərpa olunduqdan sonrakı bir sutka ərzində ölkənin şərqində mindən çox terrorçu məhv edilib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu müdafiə nazirinin vəzifəsini icra edən Mixail Koval deyib. Onun sözlərinə görə, terror əməliyyatları yalnız Ukrayna prezidenti Pyotr Poroşenkonun sülh planını qarşı tərəf qəbul edəndən sonra dayandırıla bilər: “Terror əməliyyatları sonuncu muzdlu bizim torpağımızı tərk edəndən sonra dayanacaq. Bu prosesin tez baş verməsi üçün hər şeyi edəcəyik”.
Ukraynanın daxili işlər naziri Arsen Avakov isə hesab edir ki, terror əleyhinə əməliyyatlar iki həftə müddətində başa çata bilər: “Əgər sərhəd bağlanarsa, düşünürəm ki, bizə iki həftə kifayətdir”.
Qeyd edək ki, prezident Poroşenko iyulun 1-də Donbasda terror əleyhinə əməliyyatların bərpa olunduğunu bəyan edib. O, iyunun 20-də yaraqlıların tərksilah olunacağı ümidi ilə əməliyyatların birtərəfli qaydada dayandırıldığını elan etmişdi.